Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi
pozaraq mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuş həqiqi
hərbi xidmət hərbi qulluqçusu əsgər Eşqin Rəhim oğlu Allahverdiyev
bu gün Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə
uğurlanıb.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir
ki, vida mərasimində Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla
Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Silahlı
Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun
baş sağlığını şəhidin ailəsinə çatdıraraq qeyd edib ki, bu gün
Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində ayıq-sayıqdır və
düşmən təxribat qruplarının qarşısı mərdliklə alınır, düşmən
atəşləri vaxtında və layiqincə susdurulur. Azərbaycan əsgərinin
döyüş və vətənpərvərlik ruhu çox yüksəkdir və onlar bayrağımızı
tezliklə Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər
torpaqlarda qaldırmağa hazır və qadirdirlər.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prezident
kimi fəaliyyətində ordu quruculuğu məsələlərinin əsas prioritet
olduğunu, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında
yer aldığını, ölkəmizdə şəhid ailələrinə və Qarabağ müharibəsi
veteranlarına, əlillərinə daim diqqət və qayğı göstərildiyini,
şəhid Allahverdiyevin ailəsinin də diqqətdə saxlanılacağını
vurğulayıb.
Şəki rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid
ailələri İctimai Birliyinin sədri Məmmədnuru Əzizov, Böyük Dəhnə
kənd bələdiyyəsinin sədri Kərəm Mürsəlov və başqaları çıxış edərək
torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın hər bir
əmrinə hər an hazır olduqlarını bəyan ediblər.
Bölgənin qazisi Hacı Kamran əfəndi və şəhidin babası Paşa Vahab
oğlu şəhidin dəfninin yüksək səviyyədə təşkilinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
2000-dən çox adamın iştirak etdiyi böyük izdiham 2 kilometrdən
artıq kənd yolunu piyada qət edərək şəhid cənazəsini başları
üstündə bayraq edib və "Şəhidlər ölməz, Vətən bölünməz" nidaları
ilə şəhidlər xiyabanına doğru irəliləyiblər. Burada şəhid alqış
sədaları altında Vətən torpağına əmanət edilib.
Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri açılıb, məzar
üzərinə Müdafiə Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi
və ictimai təşkilatlar adından əklillər və gül dəstələri düzülüb və
cənazə üzərinə sərilmiş müqəddəs bayrağımız əbədi xatirə
saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.
Şəhidin babası nəvəsinin Vətən uğrunda şəhidliyindən böyük qürur
duyduğunu və bu bayrağın tezliklə Dağlıq Qarabağda dalağalanacağına
əminliyini bildirib.