Ukrayna və İrandan Azərbaycana qaçaq yolla külli
miqdarda narkotik maddə gətirməyə cəhd edən dəstə ifşa
olunub.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr
İdarəsindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən
həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna
və İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük
sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan
Respublikasının ərazisinə ümumilikdə 40 kiloqrama yaxın narkotik
vasitənin qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd
əməllərin törədilməsinə görə 15 nəfər şübhəli şəxs qismində
tutulub.
MTN və Dövlət Gömrük Komitəsi tərəfindən birgə həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının
vətəndaşları - Əsgərov Rahət Cəlil oğlu, Məmmədov Vasif Yaqub oğlu,
Əzimov Bayram Habil oğlu, habelə Cəfərov Binnət Vidadi oğlu, Əliyev
Yusif Kamal oğlu, Mehdiyev Oqtay Muxtar oğlu, Cəfərov Qara Vidadi
oğlu, Həsənov Elnur Camal oğlu, Muradov Loğman Şükür oğlu və
Ukrayna vətəndaşı Bayramov Əli Yusif oğlu Ukraynadan ölkəmizə
narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli şəxs qismində
saxlanılıb, onlardan ümumilikdə 24 kiloqram 500 qramdan artıq
qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində AR
CM-in 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət
işləri başlanılıb.
Bundan başqa, MTN tərəfindən narkotik vasitələrin qanunsuz
daşınması ilə bağlı daha bir neçə əməliyyat-axtarış tədbiri
keçirilib. Belə ki, İran-Azərbaycan marşrutu üzrə narkotiklərin
qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının
vətəndaşı - Abuşov Vüsal Mircəfər oğlu saxlanılıb, baxış
nəticəsində ondan 3 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək
götürülüb.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində İran-Azərbaycan
marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən
Azərbaycan Respublikasının vətəndaşı - Abbasov Məmməd Şura oğlu
saxlanılıb, keçirilən baxış nəticəsində ondan 600 qrama yaxın
heroin aşkar edilərək götürülüb.
Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran-Azərbaycan
marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən
Azərbaycan Respublikasının vətəndaşları - İsmayılov Ramil Vahid
oğlu, Həsənalıyev İlqar Qurban oğlu və Məmişov Cavid Allahverən
oğlu saxlanılıb, onlardan 720 qramdan artıq tiryək və 10
kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək
götürülüb.
Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət
Məcəlləsinin 206.3.1-ci və 206.3.2-ci (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, təkrar
törətmə), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri
əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri
ilə cinayət işləri başlanılıb. Abuşov Vüsal Mircəfər oğlu, Abbasov
Məmməd Şura oğlu, İsmayılov Ramil Vahid oğlu, Həsənalıyev İlqar
Qurban oğlu və Məmişov Cavid Allahverən oğlu təqsirləndirilən şəxs
qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs
qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd
əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün
istintaq-əməliyyat tədbirləri davam etdirilir.