"Kaspi" Liseyində keçirilən anım tədbirində hamımızın
bir soydaş borcumuzun olduğu bir daha vurğulandı
"Xocalı soyqırımı Azərbaycan xalqının tarixində qanla yazılan
səhifədir. Azərbaycanın ən gözəl yurdu olan Xocalı bir gecənin
içində yerlə yeksan edildi. 613 nəfər insan həmin gecədə şəhid
oldu. Burada iki hərbin zabit və əsgərləri üz-üzə gəlmədi, dinc
sakinlər, əksəriyyəti də qadın və uşaqlar olan insanlar qətlə
yetirildi. O gecə tarixdə misli görünməmiş qətliam həyata
keçirildi". "Kaspi" Liseyində keçirilən Xocalı faciəsinin 23-cü
ildönümünə həsr olunmuş tədbirdə səslənən bu fikirlər faciənin
Azərbaycan xalqı üçün nə qədər böyük olduğunu tədbir
iştirakçılarına bir daha anlatdı.
Liseyin "Milli yaddaş" layihəsi çərçivəsində "Xocalı adlı bir
şəhər vardı" adlı tədbirə dəvət alan qonaqlar şagirdlərə
Ermənistan-Azərbaycan münasibətlərinin xronologiyasından danışaraq,
mənfur qonşularımızın insanlığa zidd əməllərini yada saldılar.
Qonaqlar şagirdləri vətənimizə qarşı düşmənlikləri, haqsızlıqları
unutmamağa, həmişə ayıq-sayıq olmağa səslədilər.
"Torpaqlarımızı daş-kəsəkdən
təmizləməliyik"
"Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva ulu öndər
Heydər Əliyevin soyqırımına hüquqi və siyasi qiymət verilməsinə
dair səsləndirdiyi "Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqına
qarşı yönələn amansız qətliamdır, eyni zamanda, bəşəriyyət
tarixində misli görünməmiş üsullarla həyata keçirilən vəhşilik
aktıdır" fikirlərini xatırlatdı. S.Vəliyeva məktəbin şagird və
müəllimlərinə səslənərək, artıq 23-cü ildönümü qeyd olunan faciəni
unutmamağı tövsiyə etdi: "Başımıza gələn hər bir faciənin səbəbi
araşdırılarsa, növbəti təhlükəsizliyimiz təmin oluna bilər. Hər
dəfə bu faciələr doğru-düzgün uşaqlara izah olunarsa, Azərbaycanın
yaxın gələcək qurucuları, bir də xalqımızın başına bu cür faciələr
gətirilməsin deyə, təhlükəsizliyimizi səfərbər edə biləcək bütün
imkanları həyata keçirəcəklər".
Təsisçi "Xocalı soyqırımı bir gündə hazırlanan və baş verən
qətliam deyildi" - deyə qeyd etdi. Belə ki, Xocalı soyqırımının
həyata keçirilməsi üçün plan illərlə hazırlanıb: "Bir dövlətin, bir
xalqın tarixdə duruş gətirməsi üçün onu şərtləndirən bir sıra
amillərdən ən əsası onun milli liderinin olmasıdır. Ulu öndər
Heydər Əliyevin Siyasi Bürodan getməsi ilə Azərbaycan xalqının
başına gətirilən faciələrin əsası qoyuldu. O zaman Azərbaycan
xalqının hakimiyyət rəhbərliyində belə bir yetkilisi yox idi ki,
baş verən hadisələrə reaksiya versin. O üzdən bir-birinin ardınca
faciələr yaşandı. Ulu öndərin yenidən hakimiyyətə gəlişi
Azərbaycanı xilas etdi".
S.Vəliyevanın sözlərinə görə, bu gün böyüyən nəslin yaddaşı nə
qədər möhkəm olsa və bu hadisələrdən nəticə çıxarmağı bacarsa,
gələcəkdə Azərbaycan xalqı təhlükələrlə üzləşməyəcək: "Onların ruhu
qarşısında sizin soydaş borcunuz var. Nə vaxt bu borcları
qaytarmağın yolunu düzgün müəyyənləşdirəcəksinizsə, Azərbaycan
xalqının başına heç vaxt belə faciələr gətirilməyəcək".
S.Vəliyeva qeyd etdi ki, bu gün dünya mətbuatı Xocalı faciəsi
barədə yazsa da, dünyada erməni lobbisi çox güclüdür. Belə ki, bu
gün də Azərbaycan həqiqətləri tanınmasın deyə, ermənilər təbliğatın
ən iyrənc formalarına əl atırlar: "Biz milli yaddaşımızda erməniyə
intiqam hissi ilə yaşamalıyıq. Bu gün Qubada kütləvi məzarlıq var.
Bu gün açılan məzarlıq odur. Vaxt gələcək Azərbaycanın hər yerində
belə məzarlıqlar tapılacaq. Azərbaycan dövləti bu gün Xocalı
soyqırımını dünyaya tanıtmaq üçün təbliğat işləri aparır. Dünyanın
22 ölkəsində Xocalı soyqırımı anılıb. Bir çox ölkələr artıq
soyqırımını tanıyır. Ali Baş Komandanın rəhbərliyi ilə bütün dünya
ölkələri tərəfindən soyqırımının tanınması üçün təbliğat işləri
aparılır və Xocalı soyqırımını törədənlərə cinayət açılması
istənilir".
Təsisçi Xocalı soyqırımının dünya ölkələrinə tanıdılması üçün
Heydər Əliyev Fondunun, o cümlədən Fondun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində
mühüm işlər görüldüyünü xatırlatdı: "Bu tədbirlər təkcə yubiley
ərəfəsində həyata keçirilmir. Ayrı-ayrı vaxtlarda dünya ölkələrində
təbliğat işləri aparılır".
S.Vəliyeva erməni lobbisinin də fəaliyyətsiz olmadığını qeyd
etdi. Belə ki, bu gün erməni lobbisi çox güclüdür: "Başımıza
gətirilən bu cür hadisələri dərindən öyrənmək, həqiqətləri bilmək
üçün böyüyən nəsil yaxşı oxumalı, milli-mənəvi dəyərlərin qorunub
saxlanmasında, hərbi vətənpərvərliyin inkişaf etdirilməsində hər an
öz üzərinizdə işləməlisiniz. Siz Azərbaycanın gələcəyisiniz. Milli
kimliyinizi unutmayın. Bu millətin kimliyini yaddan çıxarmayın.
Bunları unutmasanız, biz qalib olacağıq. Biz öz torpaqlarımızı
daş-kəsəkdən təmizləməliyik".
"Biz torpaqlarımızı geri alacağıq"
Bu gün qarşımızda qoyulan əsas vəzifənin gənc vətənpərvər
yetişdirməkdən ibarət olduğunu vurğulayan Müdafiə Nazirliyinin
Mənəvi, Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin
rəis müavini, polkovnik Abdulla Qurbani öz növbəsində şagirdlərə
ölkəmizin milli qəhrəmanları kimi igid, cəsur, döyüşkən olmağı
tövsiyə etdi: "Tarixinə biganə olan millət öz gələcəyini sual
altında qoyur".
A.Qurbani Xocalıda yaşanan hadisədən danışaraq: "23 ildir ki,
orada Novruz bayramı qeyd olunmur" - deyə təəssüflə səsləndi: "23
ildir ki, Xocalıda ruhlar öz dədə-baba ocaqlarından peşiman
qayıdır. 23 ildir ki, arxeoloji və memarlıq abidələrimiz o yerlərdə
ekspedisiya həsrətindədir, alimlərin yolunu gözləyir. 23 ildir ki,
orada toy səsi eşidilmir, o torpaqda körpələr dünyaya gəlmir. Biz
Xocalı dərdini özümüz sağaltmalıyıq – yaxşı təhsilimizlə, qarşımıza
qoyulan vəzifəni layiqincə yerinə yetirməklə".
Ermənilərin törətdiyi vəhşiliklərin analoqunun olmadığını
bildirən general Dadaş Rzayev də tədbir iştirakçılarına səsləndi:
"Biz heç vaxt bu faciəni yaddan çıxarmamalıyıq. Faşistlər 5 il
müharibə apardılar. Ancaq onlar heç vaxt uşağın gözünü, ürəyini
çıxartmadılar, bircə dənə hamilə qadının qarnını yarmamışdılar,
insanları parça-parça etməmişdilər". General qeyd etdi ki, biz öz
düşmənimizi heç vaxt yaddan çıxarmamalıyıq. Belə ki, doğulan
uşaqlar əsl düşmənimizin erməni olduğunu böyüyüncə bilməlidirlər:
"Ermənistanın hər bir qarış torpağı Azərbaycan torpağıdır. Əgər Ali
Baş Komandan əmr versə ki, Azərbaycan torpağı azad olunsun, bu
torpaqlar mütləq azad olunacaq. Mən əminəm ki, qüdrətli ordumuzun
köməyi ilə biz torpaqlarımızı geri alacağıq". General şagirdlərə öz
tövsiyəsini verdi: "Sizin vəzifəniz yaxşı oxumaq və torpaqlarımızı
geri almaqdır. Yalnız savadlı olmaqla, hadisələri düzgün təhlil
etməklə, özündə vətənpərvərlik hissi tərbiyə etməklə, Vətəni sevmək
və onun uğrunda canından keçməyə hazır olmaqla Vətən torpaqlarını
geri almaq olar. Bu hisslər isə insanda məktəbdə oxuduğu illərdə
tərbiyə olunur".
Qəhrəman zabit Ramil Səfərov şagirdlərə hər zaman və hər yerdə
vətənimizi, ölkəmizi qorumağı və adını uca tutmağı tövsiyə edərək,
onları bu yolda bir an olsun belə geri durmamağa səslədi: "Xocalı
faciəsi barədə əsərlər yazılıb, filmlər çəkilib. Bu faciəni
anlatmaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə
yetirməlidir". R.Səfərov qeyd etdi ki, bu gün Azərbaycan Silahlı
Qüvvələrində Vətən üçün canından keçməyə hazır olan oğullar çoxdur
və heç bir qüvvə onların qarşısını kəsə bilməz: "Azərbaycan
qüdrətli orduya malikdir. Biz düşmən üstündə qələbə çalacağıq".
R.Səfərov şagirdlərə səslənərək: "Sizin qarşınızda duran əsas
məsələ dərslərinizi oxumaqdır. Tariximizi, ədəbiyyatımızı,
musiqimizi, folklorumuzu öyrənməlisiniz".
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən Xocalı
hadisələrini xatırladan, həmçinin vətənpərvərlik ruhunda maraqlı
səhnəciklər – "Xocalıda son gün", "Cənab leytenant" tamaşaları
göstərildi, "Ağlama, şəhid balası", "Çəkin Qarabağdan qara əlləri"
şeirləri səsləndi, "Sarı gəlin" rəqsi ifa olundu, "Çırpınırdı Qara
dəniz" mahnısı xor şəklində səsləndi. Müdafiə Nazirliyinin Silahlı
Qüvvələrinin Mahnı və rəqs ansamblı, Zaur Rzayev tədbirə öz
töhfəsini verdi. Tədbirin sonunda "Kaspi" Liseyinin direktoru Tural
Əliyev gələn qonaqlara və şagirdlərə öz təşəkkürünü bildirdi və hər
kəsi liseyin şagirdləri tərəfindən Xocalı soyqırımına aid çəkilmiş
rəsmlərdən ibarət sərgiyə baxmağa dəvət etdi.