Dekabrın 18-i Beynəlxalq Miqrasiya günü kimi qeyd
olunur. Bu münasibətlə "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai
Birliyi ölkəmizdə miqrasiya sahəsindəki hazırkı vəziyyət, mövcud
problemlər və onların həlli yollarına həsr olunan dəyirmi masa
keçirib.
Müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Ombudsman Aparatı, Diasporla İş üzrə Dövlət Komitəsi, BMT QAK-ın
nümayəndələri, KİV təmsilçiləri iştirak edib.
Miqrasiya sahəsində Azərbaycan üçün çətin il AMM-nin rəhbəri
Əlövsət Əliyev son zamanlar ölkəmizdə miqrasiya qanunvericiliyinin
təkminləşdirlməsi sahəsində görülən işlərə diqqəti çəkərək xüsusliə
Miqrasiya Məcəlləsinin qəbulunu uğurlu addım kimi
dəyərləndirib.
Bildirib ki, keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda
belə bir sənədin qəbulu müsbət hal kimi dəyərləndirlməlidir.
Sənədin özünəməxsusluğu həm də onun sırf Azərbaycan təcrübəsi
əsasında hazırlanmasıdır. Bununla belə 2013-cü ili miqrasiya
sahəsində Azərbaycan üçün çətin il kimi xarakterizə edən Ə.Əliyev
miqrasiya siyasətinin sərtləşdirlməsini əmək bazarını əcnəbilərdən
qorumağa yönəldiyini qeyd edib.
Ölkədən getmək istəyənlərin sayı artıb
Mərkəz rəhbərinin sözlərinə görə, son zamanlar ölkədən getmək
istəyənlərin sayı artır. Bununla bağlı AMM-nə 1870 müraciət daxil
olub ki, bunlar da əsasən xarici ölkələrin miqrasiya
qanunvericiliyinə dair məlumat almaq xarakteri daşıyır. Bu hal isə
1995-ci ildən bəri ən yüksək rəqəm hesab edilir:
"Təkcə son bir neçə gün ərzində Mərkəzə 15-ə yaxın gənc müraciət
edərək ölkəni tərk etmək istədiklərini bildiriblər. Mərkəzə daxil
olan 1870 belə müraciətdən 41 faizinin müəllifi Kanada və Amerikaya
getmək istəyini bildirib. Bunlar əsasən bir neçə xarici dil bilən,
neft və digər sahələrdə işləyən ixtisaslı mütəxəssislərdir.
Müraciət edənlərin 31 faizi Şengen vizasının qüvvədə olduğu
ölkələrə getmək istəyini bəyan edib".
Qanunsuz miqrantları işlədən tikinti
şirkətləri
Ölkədən getmək istəyənlərdən fərqli olaraq Azərbaycana gəlmək
istəyənlərdən kütləvi müraciətlər daxil olmayıb. Bununla belə əmək
bazarına cəlb etmək adı ilə gətirilib daha sonra qanunsuz miqranta
çevrilən Türkiyə, Özbəkistan, Pakistan, Filippin, Çin vətəndaşları
olub.
Bu şəxslər əsasən tikinti işlərinə cəlb edilib ki, bu
şirkətlərin də arasında Doğa İnşaat, DİA Holdinq, İstanbul çarşı,
Yapı İnşaat var.
Qanunsuz miqranta çevrilən bu şəxslər "Karvansaray" ticarət
mərkəzi, "Şahdağ" istirahət kompleksi, "Şabran" istirahət
mərkəzinin tikintisində işlədilib.
16 qaçqın vətəndaş olmaq yolunda Ə.Əliyev Azərbaycanda qaçqın
statusu ilə yaşayan 16 nəfərin vətəndaşlığa qəbulla bağlı
sənədlərinin DMX tərəfindən icraata götürülməsini müsbət hal kimi
dəyərləndirib.
Bununla yanaşı bildirilib ki, bir çox hallarda qaçqın statusu
almaq üçün müraciət edənlərə rədd cavabı verilir və bu zaman cavab
əsaslandırılmır. Bu problemlə İran, Əfqanıstan, Pakistandan gələn
qaçqınlar üzləşir.
Daha sonra bu şəxslər BMT–nin Qaçqınlar üzrə Ali Komissarlığının
himayəsinə götürülür. Himayə sənədinin müsbət tərəfi bu şəxslərin
ölkədən məcburi qaydada çıxarılmasının qarşısını almasıdır.
Tədbirdə son zamanlar Rusiyada baş verən hadisələrə də diqqət
çəkilib. Ə.Əliyev bu ölkədəki soydaşlarımıza hüquq yardım məqsdəilə
"qaynar xətt" xidmətinin yaradılması təklifi ilə çıxış etdiklərini
vurğulayıb. 30 min sənədsiz insan və problemlər...
Ölkəmizdə miqrasiya sahəsində problemlərə toxunan Ə.Əliyev
xüsusilə ailə birləşməsi məqsədilə gələnlərə turist vizası
verilməsinin əleyhinə olub. Onun sözlərinə görə, belə şəxslər
turist vizası ilə gəldikləri ölkədə sonradan qanunsuz miqranta
çevrilirlər:
"Ailə müvəqqəti qurulmur. Qanunsuz miqrantları daha sonradan
hava limanında saxlayaraq, cəriməni ödəmədən ölkəni tərk etmələrinə
icazə verilməməsi də əlavə problemlər yaradır. Çünki onlar tələb
edilən cəriməni ödəmək üçün heç bir qanuni fəaliyyətlə məşğul ola
bilmirlər. Belə olan halda cəriməni necə ödənilməsi məsələsi
gündəmə gəlir.
Şəxsən mənə belə gəlir ki, bu məsələdə Nazirlər Kabinetinin
cərimələrin 25 faizinin Dövlət Miqrasiya Xidməti əməkdaşlarının
əmək haqqına əlavə olaraq verilməsi barədə qərarı qanunsuz
miqrantların sayının artmasına səbəb olur. Bundan başqa
Azərbaycanda sənədsizlərin sənədləşdirilməsi qaydası yoxdur.
Hazırda Azərbaycanda 30 min sənədsiz insan yaşayır.
Azərbaycanın iqtisadi gücü bu problemin həllini tezləşdirməyə
imkan verir. Bu sahədəki növbəti problem əcnəbilərin insan alverini
qurbanı kimi tanınmaması, uşaq əməyinin istismarı ilə bağlı
halların aşkar edilməməsidir. Orqan transplantasiyası ilə bağlı
cinayət işləri var ki, insan alveri kimi qəbul edilmir. Bu da
cəzanı yüngülləşdirir".
Tədbirdə o da vurğulanıb ki, il ərzində 1746 əcnəbiyə, 321 nəfər
ölkə vətəndaşına mərkəz tərəfindən hüquqi yardım göstərilib. 1,7
milyon manat ödənilməyən əmək haqqının ödənilməsi təmin olunub. 243
sənədsiz şəxs şəxsiyyət vəsiqəsi ilə təmin edilib.