Bayram günlərində banklara kredit ödənişi olanlar
diqqətli olmalıdır. Çünki ölkədə 9 qeyri-iş günü olsa da, bankların
bəziləri işləyəcək. Bu isə o deməkdir ki, siz krediti vaxtında
ödəməsəniz problem yarana bilər.
ANS TV-nin məlumatına görə, Novruz bayramı ilə əlaqədar ölkədə 9
qeyri-iş gününün olması əksər xidmət sahələrində olduğu, bank
sektorunun işindən də yan keçməyib. Vətəndaşları düşündürən əsas
məsələ isə kreditlərin ödənişilə bağlıdır. Əsas sual isə budur,
kreditin ödənmə tarixi bu 9 günə təsadüf edən müştərilər nə
etməlidir?
Mütəxəssislərin fikrincə, qanunvericiliyə əsasən son ödəmə
tarixi qeyri-iş günlərinə düşən, amma ödənişi edə bilməyən
vətəndaşlara əlavə faiz hesablanmamalı və gecikmə kimi qeyd
olunmamalıdır. Əks halda bu müştərinin hüquqlarının pozulması
deməkdir. Amma tətil müddətində heç də bütün banklar qeyri-iş günü
elan etməyiblər. Onların bir qismi bayram olmasına baxmayaraq,
müəyyən edilmiş günlərdə işləyəcək. Ona görə də vətəndaşlar
kreditlərini həmin günlərdə qaytarmalı olacaqlar. Əks halda əlavə
faiz hesablana bilər.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, krediti olan şəxsin
ödəmə müddəti martı ayının 21-nə təsadüf edirsə, belə olan halda
martın 21-i qeyri-iş günü olaraq banklar fəaliyyət göstərməyə
bilər: "Amma martın 25-də qeyri-iş günü olmasına baxmayaraq bank
işə başlayırsa, o zaman krediti olan şəxs ödəniş etməlidir. Çünki,
martın 25-də başlayaraq bankda iş bərpa olunur və həmin gündən
etibarən artıq yubanma qeydə alınaraq, ödənilməyən kreditə görə
faiz hesablanacaq".
Mütəxəssislər məsələhət görürlər ki, krediti olan vətəndaşlar
ölkədəki qeyri-iş günlərinə deyil, bankların iş cədvəlinə diqqət
yetirsinlər, ödənişlərini də bu günlərə əsasən həyata
keçirsinlər.