Ağsuda 2 nəfəri odlu silahla qətlə yetirmiş keçmiş
məhkum tutulub.
Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat
xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, martın 28-də Ağsu
rayonunda 2 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Ağsu şəhər
sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov martın 30-da axşam
saatlarında rayon polis şöbəsinə gələrək könüllü olaraq təslim
olub. O, iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, 2015-ci il martın 28-də saat 12.00 radələrində
Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələkbərov "Ağsu
aşırımı"nda yerləşən "Ata yurdu" kafesində aralarında yaranmış
münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi
Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini
tərk edib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən
məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit
müayinə olunub, maddi sübutlar götürülüb və digər zəruri prosessual
hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış
keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib
və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu
müəyyənləşdirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə
R.Ələkbərova məxsus "Renault" markalı avtomobil Bakı-Şamaxı
şossesinin 119-cu kilometrliyində aşkar edilib və sözügedən
nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi
götürülüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə
cinayət işi başlayıb.