SSRİ-də qanuni oğrular sovet hakimiyyətinin ilk
onilliyində peyda oldular. Əvvəlcə onların mövcudluğuna haqq
qazandırıldı, sonra isə hakimiyyət oğrularla haqq-hesab çürütməyə
başladı və onları bir-birilərinə qarşı qoydu…
Sivil.az-ın məlumatına görə, I Pyortrun islahatları dövründən
başlayaraq, Rusiyada cinayət aləmi getdikcə daha çox nüfuz
qazandı.
XIX əsrin sonlarına yaxın oğru aləmində kasta sistemi artıq
formalaşmışdı. İnqilab və vətəndaş müharibəsi burada kardinal
dəyişikliklərin aparılması ilə nəticələndi.
Qanuni oğrulardan bəziləri bolşevizmə meyllənirdi. Qırmızılara
kömək etməklə onlar nifrət duyduqları çar rejimindən qisas
alırdılar. Sovet hərbi və siyasi xadimi Georgi Kotovski də canilər
arasından çıxmışdı, əfsanəvi oğru Mişka Yaponçik isə hətta Qırmızı
Ordu komandiri olmuşdu. Stalinin də kriminal aləmlə
münasibətlərinin olması bəllidir.
Vətəndaş müharibəsindən sonra cinayətkar keçmişi olan bir çox
qırmızı komandirlər vərdişlərindən ayrıla bilmirdilər. Yeni
hakimiyyətə isə artıq belə ünsürlər lazım deyildi. Bu səbəbdən,
"təmizlənmələr" başladı. O zaman oğru dünyası anladı ki, siyasi
oyunlar oynamaq oğurluq etməkdən daha təhlükəlidir.
Oğru anlayışları kodeksi ötən əsrdə, 20-ci illərin sonu - 30-cu
illərin əvvəllərində formalaşmağa başladı. Buna yardım edən bir
neçə amil oldu.
Əvvəla, buğda qiymətləri endi və meşə ikinci ixrac xammalına
çevrildi. Buğdadan fərqli olaraq, onu toplamaq yox, baltalamaq
lazım idi. Bu, QULAQ-ın yaranma səbəblərindən biri idi.
İkincisi faktor cinayətkarlığın artmasını stimullaşdıran
kollektivləşmə oldu. Bu iki amilin bir-birini tamamlaması
nəticəsində ölkədə qəribə bir vəziyyət yarandı. Situasiyanı qara
yumorla belə ifadə edirdilər: "Əhalinin yarısı türmədədir, o biri
yarısı onları mühafizə edir". Həbsə atılan adamların çoxluğu və
onların uzunmüddətli cəza almaları sayəsində bu düşərgə ayrıca
quruma çevrildi. Artıq onun təkcə xaricdən yox, həm də daxildən
idarə olunmağa ehtiyacı vardı. Oğrular həbsxanaların daxili
hakimiyyətinə çevrildilər.
"Zon kralları"
Səciyyəvidir ki, oğru cəmiyyəti sisteminin özü başından bəri
partiya hakimiyyəti quruluşunun birbaşa kalkası idi. "Nümayəndələr"
və "katiblər"i oğru toplantılarında - "sxodka"da seçilirdi. Yeni
üzvlərin qəbulu üçün isə "köhnələr" zamin durmalı idilər.
Nizam-intizam və oğru qanunları ciddi şəkildə gözlənilirdi: ailə
qurmaq, işləmək, var-dövlət yığmaq (hər şey "obşak"a verilirdi),
rəsmi yaşayış yerinə sahib olmaq qadağan idi.
Varlam Şalamovun da "Cinayət aləminin oçerkləri" əsərində
yazdığı kimi, "oğru oğurlamalı, içməli, gəzməli, əxlaqsızlıq
etməli, qumar oynamalı, "yad"ları aldatmalı, azadlıqda və ya həbsdə
olarkən işləməməli, xəyanətkarları ("regenat") məhv etməli,
"qaranlıq dünyanın" mühüm məsələlərinin həll olunduğu oğru
mühakimələrində ("pravilka") iştirak etməli idi".
Oğrular bütün ölkənin krallarına çevrilmişdilər. Qanuna görə
onlara qurumlarla əməkdaşlıq etmək yasaq olsa da, onlar "zon"da baş
verən bütün proseslərə nəzarət edirdilər. Bu, özünüidarə sistemi
hökumətə də sərf edirdi.
Şalamov yazırdı: "Rəhbərlik oğrularla hesablaşır. "Blatnoy"lar
hər kəsin həyatının yiyəsidirlər. Kiminsə ölümünə də onlar fərman
verir. Onların qarnı həmişə toxdur, başqaları ac qaldığı vaxtlarda
belə onlar "qazanmağın" yollarını bilirlər. Oğru işləmir, hətta
həbs düşərgəsində də əyyaşlıq edir, kənd uşağı isə bütün günü
heyvan kimi işləməlidir. Onu işlədən də elə oğrulardır".
Oğrular və müharibə
Müharibə zamanı oğruların bir qismi "islah olundu" və xidmətə
yollandı. Siyasi məhbusları cərimə batalyonlarına götürmürdülər,
amma kriminal "yüngül" cinayətlərə görə tutulan təmsilçiləri
günahlarını belə batolyonlarda "qanları ilə yuya bilərdilər".
Onlar xüsusi vətənpərvərlikləri ilə seçilmirdilər, əksəriyyəti
fərarilik, soyğunçuluq və oğruluq edirdi.
1942-ci ildə, müharibənin ən qızmar çağında Moskvanın Tişinski
bazarında oğruların kütləvi saxlanılması halı ("oblava") da
olmuşdu. Faşist təhlükəsi ilə üzləşən ölkə həm də daxili düşmənlər
- oğrularla mübarizə aparmağa məcbur idi.
1952-ci ildə Pavlenko bandasının ələ keçməsi böyük rezonans
doğurdu. 1941-ci ildə Pavlenko fərarilik etdi. O, dostlarının
köməyi ilə dəstə toplayıb, hərbi tikinti işləri adı altında
talançılıq edir və bu zaman bəzən silahın köməyindən də
yararlanırdı.
Təşkilatın özəyini canilər təşkil edirdi. Pavlenko onlara hərbi
forma geydirib, saxta adlar və medallar verdirirdi. Özü də bu yolla
"polkovnik" olmuşdu. Tutulanda onun çiyinlərində general poqonları
vardı.
Daxili çəkişmələr
Müharibədən sonra cəbhədə döyüşən oğrular həbs düşərgələrinə
qayıtdılar. "Zon" onları qəbul etmirdi, "köhnə oğrular" isə
"yeniləri" dövlətə işlədikləri üçün xəyanətkar ("suka") hesab
edirdilər. Oğru qanunlarına görə, "rəisin" tapşırığı ilə kimisə
döyürdülərsə, bu da xəyanət idi.
Xidmətdən qayıdan "blatnoylar" bilirdilər ki, onları qəbul
etməyəcəklər. 1948-ci ildə Vanino limanında "yeni qanun" elan
olundu. Əsl qanlı və uzunmüddətli müharibə başladı, bütün silahlar
Kolımada toplanırdı.
Oğru dünyası teatrallığı sevir. "Yeni qanun" tərəfdarları ayin
də düşündülər - bıçaq öpmək. Bıçağı öpən şəxs oğru dünyasındakı
bütün hüquqlarından məhrum olurdu və ömürlük "suka" elan edilirdi.
Etiraz edənləri amansızlıqla döyür, metal qapıların arasında əzir
və öldürürdülər.
Xəyanətkarlara qarşı müharibənin gedişində "üçüncü cəbhə" də
yarandı. Bunlar "bespredelşik"lər idi. Onlar həm köhnə oğrulara,
həm də "xəyanətkarlar"a nifrət edirdilər.
Bu müharubələr oğru cəmiyyətini parçaladı. Hakimiyyət də onların
arasındakı ixtilaflardan öz xeyrinə istifadə etdi.
Ağ qu quşu
Hakimiyyətin təşəbbüsü ilə oğru dünyasının parçalanması və
qanuni oğruların məhv edilməsi üçün "blatnoylar" üçün ayrıca
həbsxana açıldı. "Belıy lebed" adlanan bu təcridxana hələ 1938-ci
ildə tikilmişdi, 1955-ci ilədək orada adi canilərlə yanaşı siyasi
məhbusları da saxlayırdılar. Sonradan siyasi məhbuslar Mordoviyada
yerləşən koloniyaya köçürüldü, "Belıy lebed" isə "vor-zakon"ların
məskəni oldu.
Amma oğrular "içəridə" işləməkdən boyun qaçırırdılar və bu
səbəbdən təcridxanada tez-tez qiyamlar baş veridi. Əlbəttə, onları
amansızlıqla yatırırdılar.
1980-ci ildə orada kamera tipli vahid təcridxana yaratdılar. Bu,
qanuni oğrulara qarşı çox səmərəli mübarizə üsulu idi.
Bu müəssisə bütün növ oğrular arasında sözün mənfi mənasında
məşhurlaşdı. Bütün ölkədən olan residivistləri (4500 nəfərə yaxın )
ora göndərirdilər. "Belıy lebed"də 130 qanuni oğru "taca layiq
görülmüşdü".