Bərdə rayonundan redaksiyamıza üz tutan Səbinə Kərimova üç ildir
həyat yoldaşından ayrılıb. Dediyinə görə, həyat yoldaşının
əyyaşlığa qurşanması ayrılığa səbəb olub. İndi altı uşaqla
evsiz-eşiksiz, işsiz, köməksiz yaşayır.
Uşaqlarım adını belə yaza bilmir
"Qardaşım rəhmətə gedib, bütün uşaqlarımı ora yığmışam. İki
oğlum, dörd qızım var. Artıq beşi məktəbə getməlidir. Amma
imkansızlıq ucbatından heç birini məktəbə qoya bilməmişəm. Baxın,
21-ci əsrdə yaşayan uşaqlar adlarını belə yaza bilmirlər. Ən böyük
övladım on dörd, ən kiçik isə üç yaşındadır. Yoldaşımdan artıq üç
ildir ayrılmışam".
Şikayətimə cavab vermirlər
"Bakı Nazirlər Kabinetinə, Bərdə rayon İcra Hakimiyyətinə
müraciət etmişəm. Hətta ANS-kanalında yayımlanan "İkinci Həyat"
verilişində də iştirak etmişəm. Müraciət etdiyim yerlər çox olsa
da, heç biri mənə köməklik etmədi. Bərdə rayon İcra Hakimiyyətindən
məni aldadırlar. Dəfələrlə icra başçısının müavini İsgəndər
İsmayılov mənim icra başçısı ilə görüşümə mane olub. Mənimlə özü
görüşüb, danışıb, yola salıb. ANS-in mənə ancaq məsləhət verməyə
gücü çatdı, dedilər ki, yaxşısı, övladlarımı "uşaq evinə" verim.
Hansı ananın ürəyi buna razı olar?"
Sosial yardımın ümidinəyik
"Sosial Müdafiə Nazirliyinə müraciət edəndən sonra 7 nəfərlik
ailəyə 152 manat sosial yardım ayırdılar. Yoldaşım isə uşaqlara
ayda 90 manat aliment verir. Gəlirlərimiz çox azdı. Mən bu pulla nə
övladlarımı yaxşı qidalandıra, nə də ki, normal geyindirə bilirəm.
Ev olmadığına görə işləyə də bilmirəm. Bilsəm ki, bütün uşaqlarım
bir yerdə toplaşıblar, rahat gedib işləyərəm".
Ölən oğlumun evində 16 yaşlı nəvəmlə
yaşayıram
Şikayətçinin anası Məryəm Əzizovanın 72 yaşı var. Qoca ana
qızına heç bir kömək edə bilmədiyinə görə hədsiz məyusdur:
"Bu gün varam, sabah yox. Mən bu dünyadan necə rahat köçüm?
Təzyiqim var, şəkər xəstəsiyəm. Ölən oğlumun evində 16 yaşlı
nəvəmlə yaşayıram. O da xəstədir. Qıçında mil var. Narkozlu
olduğundan əsəbləri pozulub. Qızımın övladları ilə yola getmir. Mən
artıq qızımın bu halına dözə bilmirəm. Xahiş edirəm, qızımı torpaq
sahəsi ilə təmin etsinlər. Mən də bir ana kimi heç olmasa bilim ki,
qızımın nəyisə var".
Qayınım evimizi satdırdı
"O vaxt qaynım yoldaşımı aldadaraq evimizi satdırdı. Demişdi ki,
bizə torpaq sahəsi alacaq. Amma almadı. Qayınım etiraf edir ki,
özünün ehtiyaclarına görə bütün pulu xərcləyib. Bu səbəbdən də
torpaq payımızı verməyiblər".
Mən qəhrəman anayam, hüquqlarım var…
"Ölkəyə altı vətəndaş vermişəm. Mən qəhrəman anayam.
Televiziyada deyirlər ki, çoxuşaqlı ailələrə ev verilir, torpaq
verilir. Amma mən bu qayğılardan kənardayam".
Rayon icra hakimiyyəti də gözləyir
Bildirək ki, "Çox uşaqlı ailələrə dövlət dəstəyi" qanun layihəsi
çərçivəsində üç usağı olan ailələr "çoxuşaqlı ailələr" hesab
ediləcək. Həmin ailələr xüsusi ipoteka imtiyazlarına malik olmaqla
yanaşı, həm də mənzillə təmin olunacaqlar.
Məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətinə müraciət etdik.
Müraciətimizi elə xanımın onu aldatdığını iddia etdiyi İsgəndər
İsmayılov cavablandırdı. İcra Hakimiyyətinin nümayəndəsi İsgəndər
İsmayılov bildirdi ki, hazırda Bərdə Bələdiyyəsinin perspektiv
inkişaf fondunda həyətyanı torpaq sahəsi yoxdur. İcra nümayəndəsi
xanımın dəfələrlə icra başçısının qəbulunda olduğunu təsdiqlədi.
Lakin ona bildirilib ki, nə vaxt bələdiyyənin perspektiv inkişaf
fondunda həyətyanı torpaq sahəsi olarsa, məsələ o zaman həllini
tapacaq:
"Hazırda 6 nəfər həyətyanı torpaq sahəsi üçün öz növbəsini
gözləyir. Bərdə bələdiyyəsi perspektiv inkişaf fondunda həyətyanı
torpaq sahəsi olmadığından, bu məsələ hələ ki, öz həllini tapmayıb.
Bu barədə Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin qarşısında
vəsatət qaldırıb. Vəsatətdə deyilir ki, Bərdə rayon bələdiyyəsinin
perspektiv inkişaf fonduna boş torpaq sahələri verilsin. Torpaq
sahəsi verilən zaman növbəlik əsasında hər kəs həyətyanı torpaq
sahəsi ilə təmin olunacaq".