Milli Məclisin xanım deputatları ölkəmizin ev sahibliyi
edəcəyi "Bakı-2015" İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi
ilə bağlı fikirlərini bölüşüblər.
"Avropa
Oyunlarının bizə həvalə olunması uğurumuzun
göstəricisidir"
Millət vəkili, Azərbaycan Memarlıq və İnşaat Universitetinin
rektoru Gülçöhrə Məmmədova deyib ki, bütün azərbaycanlılar
ölkəmizdə bu cür mühüm tədbir keçiriləcəyi üçün sevinir: "Əlbəttə
ki, Azərbaycan bu Oyunları qəbul etməyə layiq ölkədir. Bu qərar
təsadüfən qəbul edilməyib. Azərbaycan idmançıları son illər
beynəlxalq idman yarışlarında çox böyük uğurlar əldə ediblər,
bununla da ölkəmizdə idmanın yüksək səviyyədə olduğunu
təsdiqləyiblər. Azərbaycanda idman infrastrukturunun yaradılmasına
çox böyük diqqət yetirilir. 40-a yaxın Olimpiya stadionları
tikilib. Təkcə Bakıda yox, eyni zamanda respublikanın bütün
bölgələrində idman arenalarına rast gəlmək olar. Bütün bunlar da
idmanın kütləviliyinin artırılmasına xidmət edir. Hətta dünyada
böhran olmasına baxmayaraq, Azərbaycanın bütövlükdə inkişaf
tempinin sürətlə davam etməsi bu cür mötəbər idman yarışının
ölkəmizdə keçirilməsinə əsas yaradır. I Avropa Oyunlarının bizə
həvalə olunması uğurumuzun göstəricisidir və şərəfli işdir".
"Bu Oyunlar Azərbaycan üçün idman bayramına
çevriləcək"
Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarını keçirməyə
hazırdır: "Çünki ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi
etməsi təcrübəsi var. Azərbaycan sabit və demokratik ölkədir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin həm bizim, həm də
Avropa üçün böyük əhəmiyyəti var. Bu Oyunlar Azərbaycan üçün idman
bayramına çevriləcək. İndiyədək təşkil etdiyimiz bütün beynəlxalq
tədbirlər çox yüksək səviyyədə keçirilib. İlk Avropa Oyunları da
çoxsaylı qonaqların iştirakı ilə və Azərbaycan xalqına məxsus
qonaqpərvərliklə, idmanın təşkilində olan dünya standartlarına
uyğun şəkildə keçiriləcək. Azərbaycanın imicinin artırılmasında
daha bir göstərici əldə edəcəyik".
"Bədii gimnastikanı çox sevirəm"
Deputat Gülçöhrə Məmmədova qeyd edib ki, hər bir azərbaycanlı,
bütün Bakı camaatı idmanın müxtəlif növləri üzrə yarışları böyük
həvəslə izləməlidir: "Mən idmandan uzaq adamam, amma I Avropa
Oyunları elə bir bayramdır ki, bu bayramdan heç kəs kənarda qala
bilməz. Mən bədii gimnastikanı çox sevirəm. Məmnuniyyətlə
gimnastlarımızın çıxışına baxacağam. Həmçinin voleybol, basketbol
da sevdiyim idman növlərindəndir".

"Həmin qüvvələr biabırçı duruma düşdü"
Deputat Kamilə Əliyeva
bu mötəbər idman yarışının yüksək
səviyyədə keçiriləcəyinə inandığını söyləyib: "Hər birimiz bu
tədbirin möhtəşəm keçməsi üçün əlimizdən gələni əsirgəməməliyik.
Oyunlar öncəsi bəzi təxribatçı qüvvələr, erməni lobissinin sifarişi
ilə hərəkət edən beynəlxalq təşkilatlar, onların buradakı emissarı
olan müxalifətçilər var ki, onlar boykot çağırış səsləndirdilər.
Elə bildilər ki, bu cür mötəbər tədbirin qarşısını almağa çalışa
bilərlər. Amma bu dəfə də biabırçı duruma düşdülər".
"Ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq"
Onun sözlərinə görə, ölkəmiz artıq ilk Avropa Oyunlarına tam
hazırdır: "Cənab Prezident və xanımı Bakıda I Avropa Oyunlarının
məşəlini alovlandırdılar. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Avropa
Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə
təşkil edib və böyük uğurlara imza atıb. Heç kəsin şübhəsi yoxdur
ki, ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq və idman tarixində ilkə
imza atacaq, dünya Olimpiadasına bərabər möhtəşəm tədbir
keçirəcək".
Vaxtilə basketbolla məşğul olduğunu xatırladan xanım deputat
deyib ki, idmanın hər bir sahəsinə marağı var: "Artıq həyat
yoldaşım Oyunlara bilet də alıb. Ailə üzvlərimizlə birgə yarışları
seyr edəcək, Azərbaycan idmançılarının qələbələrini
izləyəcəyik".
Teleqraf.com