Bambaşqa dünya
Hər bir filosof ondan öncəki mütəfəkkirlərin
düşüncələri, axtarışları ilə tanışlıqdan sonra varlıq, mövcudluq,
insan haqda yeni fikirlər ortaya atır, fikir üfüqünü daha da
genişləndirir. Metaforayla desək, hər filosof başqa bir filosofun
"çiyinlərinə qalxaraq" daha "uzağı" görməyə cəhd edir. Bu baxımdan,
Asif Atanı da özündən öncə yaşamış, yaratmış, düşünmüşlərin
"çiyinlərinə qalxıb" onların gördüklərindən daha "uzağı" görmüş
hesab edə bilərik.
Asif Atanın dini İnamla əvəz etmə tələbi - əməli-təlimi haqda uzun
illər düşüncələrim və qənaətlərim bu ki, akademik fəlsəfi
terminlərlə deyilsə, Asif Ata inam dekonstruksiyasının əsasını
qoyan və gerçəkləşdirən ilk şəxsdir.
Mafiya — aqressiv ruhsuzluqdur
— Azərbaycanda bu gün baş verən dəyişikliklər haqda,
xüsusilə kapitalizmin və dinin bərpasına dair Asif Atanın
fikirlərini bilmək istəyirik.
— Real dünyada insan fikirlərində, duyğularında mövcud olan hər
şey —keçmişdir — bəşəriyyətin keçmişidir. Bəşəriyyət keçmişdən hələ
çıxmayıb, bu mənada bəşəriyyət qeyri-tarixidir. Din çoxdan
mövcuddur. Materializmdən sonra yenidən keçmişə qayıdırıq, keçmişi
təsdiqləyirik. Bu — qeyri-normal haldır: hər şey axır, lakin heç nə
dəyişmir. Bu — antiheraklit ideyadır.
Kapitalizmdə həyatın ideallaşması yalandır. Kapitalizm gözəl
həyatı yalnız monistlərə verir (latıncada "money" pul deməkdir).
Yalnız çox az kəsim, əhalinin bir faizi nə istəyirsə, edə bilər,
hətta ada da alar. Pul — ictimai münasibətlərin kvintesensiyasıdır.
Biri nağıllardakı kimi zəngindirsə, o biri "nağıllardakı tək"
kasıbdır, biri kapitalistdirsə, o biri — antikapitalistdir. Buna
görə də kapitalizm bir zaman mütləq yox olacaq.
Nəhəng inqlablardan, kommunist ideyalarından, baş vermiş
olaylardan, ölümlərdən sonra adamlar yenə də kapitalizmə döndülər.
O kapitalizmə ki, onun haqqında heç bir dahi yaxşı söz
işlətməyib.
İndini keçmişə qayıdış üçün yox, gələcək naminə məhv edərlər.
Sıçrayış, çıxış gərəkdir, bu da yalnız insan şüurundan keçir.
Gəlin, dinə baxaq: bəli, Qərbdə kilsə var, İtaliyada isə hətta
müstəqil Papa dövləti var, dövlətə karikatura olsa da, ritualları
var. Eyni zamanda İtaliyada mafiya var. Siciliya — mafiyaçılığın
vətənidir. Onda belə ruhaniyyətdən nə fayda? Mafiya — aqressiv
ruhsuzluqdur.
Bəs insan mahiyyəti nədir? İnsan — Vicdan, Təmənnasızlıq
deməkdir. Kapitalizmdə cəngəllik qanunları hökm sürür: güclü sağ
qalır, gücsüz ölür. Bəs o ideallaşdırılan xristianlıq harada
qaldı?
Biz dindən təmizlənmiş inamın tərəfdarıyıq. Məsələn, "İslam"
sözü ərəbcədə "itaət" deməkdir. Qoy gənclik anlasın ki, onun gücü
itaətdə deyil, qanadlı olmasındadır. Qorxu — ali günahdır. Quran —
başdan ayağa qorxudur. Bu dünya özlüyündə, nə qədər də pis olsa,
bizim dünyadır. Cənnət haqda bu deyilənlərin hamısı pis olan haqda
xəyallardır...
"İnsanı alçaltdılar.
Mükafat köləsi saydılar.
Şəhvət dəlisi saydılar.
Əslində cəzalandırdılar.
Ləyaqətini tapdaladılar.
"Xeyirin mükafatı var!" – dedilər.
"Xeyirin işrəti var!" – dedilər.
Xeyiri alçaltdılar.
Əslində cəzalandırdılar.
Ləyaqətini tapdaladılar.
Hər ikisində Mütləq təhqir olundu.
İnsandakı Mütləq!
Xeyirdəki Mütləq!"
(A.Ata özünün "Mütləqilik" kitabından sitat
gətirdi.—İ.U.)
Bizi başqa dünya haqda nağıllarla yatızdırırlar, çünki bu
dünyada heç bir yaxşılıq edə bilmirlər. Azərbaycanda az da olsa,
lakin başqa cür yaşayan, başqa cür inanan insanların olması
pisdirmi? Dünyanın ruhsuzluğunu görmürükmü, anlamırıqmı bəyəm?
Qismət haqda söhbətlərlə insana təlqin edirlər ki, özünü yenidən
yaratmaqda sən gücsüzsən. Heç bir qismət yoxdur! Biz - Ocaqçılar
çiyinlərimizdə ləyaqət və fərəhlə dolu çox ağır bir yük
daşıyırıq... Bizi anlamayanlara yazığım gəlir.
Xalq — uşaqdır, taleyini öz əlinə vermək
olmaz
— Ocağın mahiyyəti və məqsədi nədir?
— Ocağın mahiyyəti — İdraka əsaslanan, cəfəngiyyatdan azad olan
İnamdır. Azərbaycanda Ruhani Dirçəliş Ocağının, yeni İnam
mərkəzinin yaranmasıdır. Şiddət, zor rədd edilir, yeni İnam
əsasında yeni ideal təsdiqlənir, total İnasanlaşma ideyası
təsdiqlənir.
Ocağın məqsədi — xalq yaratmaqdır. Əhali var, amma ruhani
anlamda xalq yoxdur. Xalq — idraklı, mənəviyyatı yüksək, müstəqil,
özümlü, iradəli bir hadisədir. Bundan başqa, Ocaq siyasətbaz xalqa
qarşıdır. Ocaq hesab etmir ki, xalqın taleyi onun öz əlinə
verilməlidir. Çünki xalq yalnız o zaman Xalq olur ki, o mənəviyyat,
ruhanilik idealları ilə bəslənilir, tərbiyə edilir, öz
avamlığından, profanlığından təmizlənir. Xalq — uşaqdır, uşaq
olduğu üçün də taleyini öz əlinə vermək olmaz.
Xalq üçün ideyalarımızı sadələşdirmirik. Asan qələbələr həmişə
yalançı qələbələrdir. Buna parlaq misal — XX əsrdir, o bizə çox şey
öyrətdi.
Kamil cəmiyyət kamil İnsanlar tərəfindən
yaradılar
— Haradansa belə bir fikir oxumuşdum ki, kamillik mütləq
məhv olur. Bu haqda Sizin fikriniz.
— Kamillik hələ olmayıb ki, onun ölümü haqda danışaq. Kamilliyə
canatma olub yalnız. İnsan övladı özüylə az məşğul olub: o,
dünyayla məşğul idi. Avtomatik kamillik olmur. Bəşəriyyət
savaşlarla, dini illüziyalarla məşğuldur, özüylə az məşğul olub, XX
əsrdə isə özüylə məşğul olmağı tamamilə buraxıb. Düşünürlər ki,
sosial münasibətlər dəyişilsə, insan da dəyişiləcək. Əslində isə
kamil insan olmayıb. İnsan kənardan yox, içəridən yaranır. Kamil
cəmiyyət kamil İnsanlar tərəfindən yaradılar. Qeyri-kamil
insanların qələbə adlandırdıqları hərəkətlərlə idealı qeyri-insani
bir şeyə çeviriblər. İnsan idrakı xüsusi olaraq
kamilləşdirilmirsə, qeyri-kamildir. (A.Atanın xahişi
ilə bu cümlə altxətlə fərqləndirilib. - İ.U.)
Biz başqalarından qorxuruq
— Siz mütləq dəyərlər tərəfdarısınız. İnsanların mütləq
idrakı, mənəviyyatı və inamı ideal cəmiyyətdə üst-üstə düşməklə
neqativ anlamda hamının eyniliyinə gətirib çıxarmazmı?
— Sualın qoyuluşundan belə çıxır ki, ideal insan — darıxdırıcı
və darıxan insandır. Bu, yanlışdır! Əsl maraqlı həyat yalnız
kamilləşmədən sonra başlayır. O zaman o, məcbur edildiyi üçün yox,
öz qəlbinin tələbi ilə təmiz olur. Biz başqalarından qorxuruq,
özümüzdən yox. Başqalarının yanında yaxşı işlər görür, özümüzlə
təklikdə isə bayağı, ağılsız əməllər edirik. İnsan gərək yalnız
özündən qorxsun. Kamil insanın həyatı büsbütün fərəhə
çevriləcək.
Həyat çay kimi axıcıdır, amma tez keçən deyil. Müasir sevinc isə
–parçalanmış, bədbəxt, davamsızdır.
XX əsr bədbəxtlər əsridir. İsveç mükəmməl iqtisadiyyatlı bir
ölkədir, eyni zamanda intiharların sayına görə də ən öndədir...
Bax, bu — fəlsəfə lüğətidir (masadakı kitaba işarə
edir.—İ.U.) Burada dünyanın bütün fəlsəfi fikri toplanıb.
Lakin indi bu kitab bəşəriyyət üçün gərəksizdir.
"Universitet sizə nə verir, Əfəndiyev?"
— Ocağın yaranması qanunauyğunluqdur, yoxsa
təsadüf?
— Öncə avtobioqrafik məzmunlu iki söz deyim. Birincisi, oxuduğum
Moskva şəhərində mənə aydın oldu ki, müasir mədəniyyət, ədəbiyyat,
tarixi nailiyyətlər bəşər üçün çox azdır. Bu haqda II kursda
oxuyanda düşünsəm də, mənim kimi tələbə olan yerlilərimlə bölüşə
bilmirdim. Onlar öz məişət problemləriylə məşğul idilər. 50-ci
illərdə bu haqda danışmaq mümkün deyildi: necə yəni bunların hamısı
azdır?! Necə yəni sosializm anormallıqdır?! Bu mənada Ocaq təsadüfi
deyil.
İkincisi, həqiqi təhsili, dərsi mən kitabxanada alırdım,
universitetdə isə yalnız rəsmi, formal oxuyurdum. Hətta bir dəfə
institutun divar qazetində mənim karikaturamı da çəkmişdilər. Guya
məndən soruşurlar: "Universitet sizə nə verir, Əfəndiyev?" Cavab:
"Təqaüd".
O vaxtlar, o illərdə mən öz fərdiliyimi yaradırdım. Onda məni
böyüklük maniyası olan birisi kimi dəyərləndirdilər. Fərdiyyətçilik
— özünə az qala ilahi bir inamdır. Təkliyin yeni forması buradan
başladı, başqaları ilə mənimki tutmadı. Mən suallarla, onlarsa
qonorarlarla, həyatla məşğul idilər.
Babam ruhani — axund idi. Təbiətcə mən allaha inanmıram, amma
müqəddəs olana inanıram. Bəlkə, bu, məndə irsiyyət kimi üzə
çıxır...
Azərbaycanda, müqəddəs Zərdüştün yurdunda yaranmayıb bəs harada
yarana bilərdi Ocaq? Bu, illüziyaları az olan Yer üzünün ilk
peyğəmbəri idi. Zərdüştdə Tanrı — Əhrimənə, qaranlıq hakiminə qarşı
messiyadır. Bu — İşıqla Qaranlıq mübarizəsidir. Bu — heraklitöncəki
inkişaf, dinamika haqda təlimdir.
Nəiminin, ölməz şeirlərində hər şeyin sonucu insan olduğunu,
insanın allahdan yüksək olduğunu (tanrıya yalnız dünya sığır,
insana isə — həm dünya, həm də insan özü sığır. "Məndə sığar iki
cahan, Mən bu dünyaya sığmazam...") deyən Nəsiminin yurdunda
yaranmayıb, harada yaranmalıydı ki Ocaq?
Hələ mən musiqini demirəm. Bəyəm muğam yalnız musiqidir? Muğam —
öz mahiyyətinə yüksəlmə pillələridir. Şəxsiyyətlər gərəkdir,
fərdlər.
Lenin noumeni olmasaydı
—Lev Qumilyov tarixi təbiətdəki dövri passionar
təkanlarla, məsələn, iqlimin qəfildən dəyişmələri ilə izah edir. Bu
təlimə münasibətiniz.
— Lev Qumilyov öz tədqiqat obyekti ilə doğmalaşan, ona ruhani
qovuşan yeganə türkoloqdur. Lev Qumilyov, sadəcə, tarixçi və
filosof deyil, o öz predmeti ilə birləşə və xronologiyalar,
faktlar, rəqəmlər çərçivəsindən kənara çıxa bilib. O, təbiət
fenomeninə arxalanır. Lakin onun konsepsiyası sxematikdir. Ona
görə, hər şey təbiət qanunlarına uyğun gedir: qış, yaz, yay, payız.
Bənzərsizdir, lakin bu, tarixi ölüləşdirir. Fenomendən başqa noumen
də var. İnsan noumeni — tarixdə şəxsiyyətin, individuallığın
roludur. Lenin noumeni olmasaydı, 1917-ci ilin oktyabrında Lenin
Rusiyaya gəlməsəydi, oktyabr inqilabı olmayacaqdı. Stalin noumeni
olmasaydı, indi Rusiya yox idi. Bu hadisəyə bir çox örnək gətirmək
olar.
Avropanı niyə sevmirəm?
— Rerixlər ailəsi və Canlı Etika təlimi Aqni Yoqa haqda
nə düşünürsünüz?
— Rerixlər ailəsi bir növ səmavi ailədir. İndiki rus xalqı amorf
kütlədir, ondan heç nə qalmayıb. İndiki rus xalqı və Rerixlər —
Yerlə Göydür. Mən də induist fəlsəfəsindən öyrənmişəm, çox şey də
götürmüşəm. Birincisi, atman təlimini. İnsanda məhv edilməz bir şey
var. İkincisi, imtina bacarığı. Avropanı niyə sevmirəm? Avropa
imtina etməyi bacarmır. Bayağı şöhrətdən, müasir xoş güzərandan
imtina etmək gərəkdir. Mən hər şeydən imtina etdim, mahiyyət
etibarilə də — heç nədən. Üçüncüsü, insanın yenidən doğuş
ideyasını. Bu mənə böhranlı məqamlarda gərək idi. Dördüncüsü,
Şərqin öz mahiyətinə qayıdış ideyası. Avropada ruhaniliyin büsbütün
deqradasiyası, tənəzzülü gedir, büsbütün monizm hökm sürür. Şərq
isə Avropanı yamsılayır. Vaxt varıydı, Avropa Şərqdən öyrənirdi.
Bu, Rerix konsepsiyasıdır. Krişnaçılıq induist fəlsəfəsinin ən
aşağı pilləsidir: təmiz yaşa ki, donuza dönməyəsən, Krişnanın
yanına uçasan...
Biz atəşpərəst, zərdüştçü deyilik
— Fəlsəfədə Od obrazı nədir? Bu haqda bir
qədər.
— Zərdüştdən öncə də od obrazı olub. Amma Zərdüşt bu obrazı
ümumiləşdirdi. Ocaqda onun odunun cizgiləri var, ilk öncə — işıq.
Antik dünyada isə işıq istiliyi simvolizə edir. Mopassan yaxşı
deyib: "İnsanlar yan-yana gedəndə də bir-birinə gərəkdirlər".
Adamlar qaranlıqda yaşayır. Anlamaq üçün yanmalısan. Atalar
demişkən, yanmasan — qanmazsan! Zərdüştçülüyün bütün ümumbəşri
mənası budur: yalnız yanmaq vasitəsilə təmizlənmə baş verir. Od heç
vaxt kult olmayıb. Öncələr atəşpərəstlik məqsəd deyildi. Od İşıq
simvolu idi. Biz atəşpərəst, zərdüştçü deyilik. Bir ruhani əkinçi
kimi Zərdüşt qarşısında baş əyirəm, lakin bizim hərəkatımıza
Zərdüştün heç bir aidiyyatı yoxdur. Sadəcə, bizdə inana bilmirlər
ki, Azərbaycanda peyğəmbər var. Axı biz həmişə peyğəmbərləri
xaricdən gətirmişik...
Bambaşqa söhbət
— Maraqlı söhbət üçün sağ olun!
- Siz də sağ olun. Amma bir xahişim var: bu söhbətimizə
"Bambaşqa dünya" adı versəniz, çox yaxşı olar...
- Baş üstə, elə də yazarıq.
P.S. Müsahibə 30.1.1994-cü ildə "Молодёжь
Азербайджана" qəzetinin sifarişi ilə İlahə Ucaruh (Cəfərova)
tərəfindən rusca götürülüb, o zaman qəzet çapını dayandırdığından
dərc edilməyib, bu yaxınlarda isə dilimizə
çevrilib.