Yanvarın 5-də baş vermiş bir olay diqqəti Şamaxının
Göylər kəndinə yönəltdi. Həmin gün kənd sakini, 11 yaşlı Pərvanə
Səlimova evlərinin həyətindəki tövlədə özünü kəndirlə asmış
vəziyyətdə tapılıb.
Bir neçə gün əvvəl – dekabrın 30-da bu kənddə yaşayan 14 yaşlı
Nuranə İsmayılovanın da özünü asaraq intihar etməsi xəbəri
yayılmışdı. Nuranənin anası Balaxanım İsmayılova deyir ki, qızının
nə evdə, nə də məktəbdə heç kimlə narazılığı, söz-söhbəti
olmayıb:
Ölümündən bir gün əvvəl karnavalda olub
"Özünə qapanan uşaq da olmayıb, xoşxasiyyət idi, hamıyla
deyib-gülürdü. Bir dərdi olsaydı, bilərdik".
Nuranəgil beş uşaq olublar. Bir bacısı ərdədir, digəri
xəstəxanada yatıbmış. Ailə qışlaqda, böyük övladları da məktəbə
getdiyindən kənd evində, xəstə nənəsiylə qalıblar.
Anası Nuranənin Yeni il bayramına hazırlaşmasından danışır:
"Ölümündən bir gün əvvəl karnavalda olub. Sinif yoldaşları da
ondan danışır, şad-xürrəmmiş. Axşam tort-qoğal bişirib, yolka
bəzəyib, bayram hazırlıqları görüb".
Balaxanım İsmayılova Nuranənin intihar zamanı ayağının altına
qoyduğu qabı da itələmədiyini deyir. Onun sözlərinə görə, kəndir
düyün düşüb və qız boğazındakı kəndiri aça bilməyib.
Ehtimal var ki, məşq etmək istəyib
AzadlıqRadiosunun müxbiri Nuranə İsmayılovanın müəllim və sinif
yoldaşları ilə görüşüb. Onlar Nuranənin nümunəvi şagird olduğunu,
heç bir ruhi-psixoloji problem yaşamadığını deyiblər.
Ölümündən bir gün əvvəl keçirilən karnavalda Nuranə Qar Qız
rolunda çıxış edib. Hamının fikri bir nöqtədə birləşir:
"Heç bir problem, psixoloji gərginlik olmayıb. Ehtimal var ki,
məşq etmək istəyib. Ayağının altına qoyduğu qazan da vurulmayıb.
Elə qazanın üstdə dayanmış formada keçinib. Ehtimal var ki, o,
boynuna keçirdiyi kəndir dolaşdığından boğulub".
Qonşu qızın ölümündən təsirlənib
Yanvarın 5-də intihar etmiş 11 yaşlı Pərvanə Səlimova isə koma
vəziyyətində Ağsu rayon Xəstəxanasına çatdırılıb. Atası Hafiz
Səlimovun sözlərinə görə, Pərvanə bir gün sonra komadan çıxıb,
ancaq vəziyyəti ağır olaraq qalır. Atası Pərvanənin qonşu qız
Nuranənin ölümündən təsirləndiyini, eyni şeyi öz üzərində yoxlamaq
istədiyini deyir:
"Qonşunun qızının ölümündən sonra düşünüb ki, görəsən, mən də
ölərəm? Kəndiri keçirib başına, salan kimi boğulub, dizlərini atıb
yerə".
Atası hadisə barədə onlara Pərvanənin əkiz qardaşının xəbər
verdiyini söyləyir:
"Köhnə bir hamam var, bərbad halda. Uşaq gedib girib oraya. Dəri
asıblarmış. Elə o kəndiri keçirib boğazına. Əkiz qardaşları anasına
xəbər eləyib. Bircə onu xatırlayıram ki, uşağı bayıra çıxardım,
başqa bir şey xatırlamıram".
Məktəbə getməyib
Pərvanə məktəbə getməyib, atası təsərrüfat işləri ilə əlaqədar
onun təhsilini evdə davam etdirdiyini söyləyir. Həkimlər Pərvanənin
beynində stressin izlərinin 15 gündən 1 ilədək qala biləcəyini
istisna etmirlər.
Şamaxı rayon Prokurorluğu Göylər kəndində baş vermiş hər iki
fakt üzrə araşdırma getdiyini deyir.
2012-ci ildə Azərbaycanda 482 intihar olayı qeydə alınıb.
İntihar edənlərdən 320-si kişi, 105-i qadındır. Onların 34-ü
məktəbli və yeniyetmə olub.
2011-ci ildə isə ölümlə nəticələnən 414 intihar olayı baş
verib.
Modern.az saytının araşdırmasına görə, 2013-cü ildə həyatına
qəsd edənlərin 21 nəfəri qız olub. (ANS)