09:05
Rusiya Ukrayna ərazisinə kütləvi hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) öz Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Kiyev, Krivoy Roq və Vinnitsa ballistik raket hücumuna məruz qalıb.
Şahidlərin sözlərinə görə, Kiyevdə yanğın baş verib, "Poçayna" metro stansiyasının girişi zədələnib. Şəhər meri Vitali Kliçko Svyatoşinski rayonunda və Obolonda qalıqların düşməsi, qeyri-yaşayış binalarının zədələnməsi barədə məlumat verib.
Kiyev Şəhər Hərbi Administrasiyası bir nəfərin həlak olduğunu açıqlayıb.
Ukrayna monitorinq resurslarının məlumatına görə, ölkənin hava məkanında həmçinin çoxsaylı pilotsuz uçuş aparatları (PUA) və "Kalibr" qanadlı raketlərinin buraxılışı qeydə alınıb. Ukrayna HHQ Rusiyanın strateji aviasiya təyyarələrinin havaya qalxması barədə məlumatı təsdiqləyib.
Xatırladaq ki, iyulun 29-u axşam saatlarında Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın kütləvi zərbəyə hazırlaşdığını bildirib.
***
Ukraynanın kütləvi atəşə tutulması nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda çoxuşaqlı ailə həlak olub.
By barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul Teleqramda məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyanın Voronej vilayəti ərazisindən atılmış "İsgəndər-M" ballistik raketi Raduşnoye qəsəbəsindəki fərdi evə düşüb.
Zərbə nəticəsində altı nəfər - dörd böyük, 5 və 12 yaşlı iki uşaq (qızlar - red.) həlak olub.
Daha səkkiz nəfər yaralanıb, onların arasında iki uşaq - 6 və 15 yaşlı oğlanlar var.