Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə "Tikinti
materialları, məmulatları və konstruksiyaları" standartlaşdırma
üzrə Texniki Komitə yaradılıb.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
"Tikinti materialları, məmulatları və konstruksiyaları"
standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd
Milli Standartlaşdırma Proqramına uyğun olaraq tikinti materialları
sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların
layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili,
milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan
sahə standartlarının yeniləşdirilməsi, standartlaşdırma üzrə
beynəlxalq təşkilatların TK-larının işində iştirak, o cümlədən
milli standartlarının beynəlxalq standartlar kimi qəbul edilməsi
məqsədilə, Azərbaycan Respublikasının standartlaşdırma üzrə milli
orqanı ilə standartlaşdırma üzrə beynəlxalq təşkilatlar arasında
olan razılaşmalara əsasən onların katibliyinin aparılması, texniki
reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün
beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması və
beynəlxalq, dövlətlərarası standartların işlənib hazırlanmasına və
standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri
üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair
təkliflərin hazırlanmasıdır.
Texniki Komitəyə ümumilikdə 17 dövlət və qeyri-dövlət müəssisələri
üzv seçilib. Bunlardan Azərbaycan Respublikasının İqtisadiyyat və
Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini, Fövqəladə Hallar
Nazirliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-konstruktor
İnşaat Materialları İnstitutunu, Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat
İnstitutunu, "Gilan" Holdingi, "Akkord" şirkətini göstərmək
olar.
Texniki Komitə - milli standartlaşdırma orqanının əmrinə uyğun
olaraq müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə
normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq
standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi
məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin,
təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin
birliyidir.
Standartlaşdırma üzrə TK-nın tərkibinə, bərabərlik və könüllülük
əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi
təşkilatlar, sahibkarların və istehsalçılar ictimai birlikləri,
kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.
Standartlaşdırma sahəsində işlərin təkmilləşdirilməsi və
səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi
əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes
mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb
olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid
standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.