Mülkümün sökülməsinə görə keçmiş həyat yoldaşıma çatacaq
kompensasiyanın yarısı imzam olmadan ona verilib.
Bakının "Sovetski" məhəlləsi sakini Tamilla Mirzəyeva Axar.az-a
şikayətində belə deyib. Onun sözlərinə görə, Yasamal rayon İcra
Hakimiyyəti (RİH) tərəfindən fırıldağın qurbanı olub.
T.Mirzəyeva qeyd edib ki, mülk onun adınadır və keçmiş əri
Çingiz Qonaqov da mənzildə qeydiyyatdadır:
"Ötən ilin noyabrında Yasamal rayon İcra Hakimiyyətinin İlham
adlı nümayəndəsi mənə zəng etdi. Bildirdi ki, mənzil üçün veriləcək
kompensasiyanın yarısı hazırda məhkəmə yolu ilə ayrıldığım həyat
yoldaşım Çingizə verilib. İlham müəllim dedi ki, gedib lazım olan
sənədləri imzalayaraq öz payımı götürməliyəm. Noyabrın 25-də pulu
götürmək üçün icra hakimiyyətinə getdim.
Adımın qarşısının boş olduğunu gördüm. Məlum oldu ki, keçmiş
həyat yoldaşım ona düşən payı sentyabrın 25-də imzam olmadan
götürüb", - deyə şikayətçi söyləyib.
Onun dediyinə görə, Yasamal RİH-nin nümayəndəsinin əli ilə
ödənildiyi iddia edilən məbləği Ç.Qonaqova Maliyyə Nazirliyinin
nümayəndəsi verib:
"İcra hakimiyyətinin sektor müdiri, baş mühasib Aygün
Qəribovanın yanına getdim. O da həyat yoldaşımın ona düşən payı
götürdüyünü təsdiqlədi. Ancaq daha sonra bildirdilər ki, evin
sahibi olduğum üçün imzam olmadan keçmiş həyat yoldaşım payını
götürə bilməz".
Məsələ ilə bağlı T.Mirzəyeva Yasamal rayon icra başçısı İbrahim
Mehdiyevin qəbulunda olub. İcra başçısı mülk sahibinin imzası
olmadan Ç.Qonaqova ödəniş edilməsini qeyri-mümkün hesab edib:
"Mənə icra başçısının birinci müavini Səməd İslamov da bildirdi
ki, yoldaşım öz payını götürüb. Pulu isə ona Maliyyə Nazirliyinin
Cavanşir adlı nümayəndəsi verib. İcra başçısı mənə bildirdi ki,
buna onların ixtiyarı yoxdur. Səməd İslamov isə icra başçısına
yoldaşımın öz payını alması üçün mənim də imza çəkdiyimi
bildirdi.
Ancaq proses tam qanunsuz olaraq həyata keçirilib. Çünki
məsələdən mənim heç bir xəbərim olmayıb. Bununla əlaqədar imzamın
vacibliyi bildirilməyib. Yoldaşım pulu sentyabrın 25-də alıb, məni
isə icraya öz payımı götürmək üçün noyabrda çağırıblar.
Hər şeydən də elə o vaxt xəbər tutmuşam. Məni icra hakimiyyətinə
öz payımı götürmək üçün imza çəkməyə İlham adlı şəxs çağırıb. İndi
İlham adlı nümayəndə də, başçının müavini Səməd müəllim də
yoldaşımın sentyabrda öz payını almaq üçün şəxsən guya mənim icazə
verdiyimi bildirirlər".
Şikayətçi bildirib ki, problemlə əlaqədar icra hakimiyyətinə
atası və qardaşı da müraciət edib. Lakin problem həllini tapmayıb.
Əmlak sahibi onu da iddia edir ki, RİH nümayəndəsi olan İlham adlı
şəxs onları təhqir edərək qovub:
"Məni icraya çağıran da, yalandan imza atdıran da, yoldaşıma
düşəcək payı alması üçün köməklik edən də İlhamdır. İcra
nümayəndəsi olmasına baxmayaraq, qardaşımla həddindən artıq kobud
və nalayiq ifadələrlə danışırdı. Mənim və atamın yanında qardaşıma
dəfələrlə "zatkinis alə" deyirdi".
Şikayətçi məsələ ilə əlaqədar Baş nazirin müavini Abid Şərifovun
qəbulunda da olub. Abid Şərifov da T.Mirzəyeva imzası olmadan
keçmiş həyat yoldaşının pul ala bilməyəcəyini bildirib.
Mənzil sahibi deyib ki, "Sovetski"də kiçik sahəli evlər üçün
yeni mənzillərin verilməsi şərtindən faydalanmaq istəyir. Lakin
evin yarı hissəsinin pulu keçmiş həyat yoldaşına verildiyi üçün o,
yeni mənzil götürə bilmir.