Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Didaktika"
nəşriyyatının buraxdığı qalmaqallı "Azərbaycan tarixi" kitabını
almamağa çağırıb.
Axar.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum
bu kitabın nəşri ilə heç bir əlaqəsinin olmadığını bildirib:
"Bu günlərdə "Didaktika" adlı bir nəşriyyat tərəfindən
hazırlandığı qeyd olunmuş "Azərbaycan tarixi" məlumat kitabı barədə
bəzi saytlarda və sosial şəbəkələrdə geniş müzakirələr aparılır.
Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul
proqramları əsasında hazırlandığı qeyd olunub.
Xatırladırıq ki, TQDK-nın qəbul proqramı əsasında hazırlandığı
iddia olunan "Azərbaycan tarixi" məlumat kitabı və digər bu tipli
vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur. Komissiya tərəfindən
hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları
hazırlanaraq dekabr ayında nəşr olunur. 2016-cı il üzrə qəbul
proqramları hələ ki, hazırlanmayıb, buna görə də qeyd olunan vəsait
qəbul proqramına uyğun ola bilməz".
TQDk həmçinin, abituriyent hazırlığı ilə məşğul olan bir sıra
kurslar qurumun adından qeyri-qanuni olaraq istifadə edir:
"Abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda
özlərinin nəşr etdikləri vəsaitləri abituriyentlər arasında daha
etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq,
daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni
olaraq istifadə edir, bunun TQDK-nın proqramı əsasında və ya
TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edir. Qeyd edək
ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert
Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız "Abituriyent"
jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur.
Bundan başqa, TQDK-nın hər hansı hazırlıq kursu ilə heç bir əlaqəsi
yoxdur.
İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda
qeyd olunan "vəsait" də bu qəbildən olmaqla Komissiyaya heç bir
aidiyyatı yoxdur".