Azərbaycan böyük ənənəvi
enerji resurslarına - neft və qaz ehtiyatlarına malikdir və yaxın
yüz ildə ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Amma
ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, bahalaşması,
onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan
vurulması son zamanlarda bütün dünyada olduğu kimi, Azərbaycanda da
alternativ (bərpa olunan) enerji növlərindən istifadə zərurətini
yaradır.
Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində bərpa olunan
enerji mənbələrdən geniş istifadə edilir. Statistik məlumatlara
görə, inkişaf etmiş ölkələrdə ümumi istehsal olunan enerjinin
təqribən 15 faizi su elektrik stansiyaları da daxil olmaqla,
alternativ enerji mənbələrinin payına düşür.
Alternativ enerji mənbələri dedikdə, əsasən atom elektrik
stansiyaları; su elektrik stansiyaları; külək enerji mənbələri;
günəş batareyaları (fotelementlər), termal sular; hidrogen
enerjisi; bioresursların yandırılması nəticəsində yaranan enerji və
s. nəzərdə tutulur.
Mövcud vəziyyət
Əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan
Azərbaycan ekoloji cəhətdən təmiz alternativ enerji mənbələri ilə
də zəngindir. Mütəxəssislərin fikrincə, həmin mənbələri hərəkətə
gətirməklə və ölkənin təbii potensialından istifadə etməklə istilik
elektrik stansiyalarında yandırılan külli miqdarda yanacağa
qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların da
miqdarını xeyli azaltmaq mümkündür. Azərbaycan Prezidentinin
2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji
mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbulu da
bu istiqamətdə atılan mühüm addım idi. Dövlət proqramında külək,
günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və
səmərəli istifadə olunması, ətraf mühitin qorunması üçün konkret
məsələlər qoyulmuşdu.
Dövlət Proqramından irəli gələn məsələlərin ardıcıl və səmərəli
həyata keçirilməsini sürətləndirmək məqsədi ilə 16 iyul 2009‐cu
ildə Azərbaycan Prezidentinin fərmanı ildə Azərbaycan Respublikası
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradılıb, bu istiqamətdə
sistemli və məqsədyönlü işlər aparılır.
2009-cu ildə Xızı rayonunun Şurabad kəndi yaxınlığında külək
enerjisindən elektrik enerjisi istehsal etmək üçün pilot layihə
həyata keçirilib və həmin ərazidə Danimarka istehsalı olan 0,85 MVt
gücə malik olan 2 külək enerjisi qurğusu (KEQ) quraşdırılıb.
Qurğular vasitəsilə bir il ərzində 7 milyon kVt/saat elektrik
enerjisi istehsal olunaraq yüksək gərginlikli elektrik sisteminə
ötürülüb. Bu qədər elektrik enerjisi Xızı rayonunun tələbatını 50
faiz ödəməklə bərabər, tələbatçıları "təmiz enerji" ilə təmin edib.
Yeri gəlmişkən, bu qədər elektrik enerjisinin istilik elektrik
stansiyasında istehsalına 2 milyon kubmetr təbii qaz tələb
olunur.
2010-cu ildə Qobustan rayonunda eksperimental poliqon və tədris
mərkəzi yaradılıb, 30 hektar ərazidə salınan poliqonda 2,7 meqavat
gücündə külək elektrik stansiyası, 1,8 meqavat gücündə günəş
elektrik stansiyası, 1,6 meqavat gücündə bioqaz stansiyası, 0,75
meqavat gücündə geotermik-istilik stansiyası qurulub və xüsusi
anqarlar tikilib. Qobustan eksperimental poliqonu və tədris
mərkəzinin istifadəyə verilməsi nəinki rayonun ekoloji cəhətdən
təmiz və dayanıqlı enerji ilə təmin olunmasına imkan yaradıb,
həmçinin, bölgənin sənaye potensialının yüksəlməsinə,
sosial-iqtisadi inkişafına təsir göstərir.
2010-cu ildən Sumqayıt Texnologiyalar Parkında "Günəş
kollektorları və qazanları" zavodu fəaliyyət göstərir. Zavodda
yüksək keyfiyyətə malik, iş prinsipi suyun qızdırılmasından ibarət
olan kollektorlar istehsal edilir. Yeri gəlmişkən, Bakının Suraxanı
(2,8 Meqavat) və Pirallahı (1,2 Meqavat) rayonlarında tikilən günəş
elektrik stansiyalarında məhz bu kollektorlardan istifadə
edilir.
Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə
sisteminin təkmilləşdirilməsi məqsədi ilə 1 iyun 2012-ci ildə
Azərbaycan Prezidentinin fərmanı ildə Azərbaycan Respublikasının
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti
(ABEMDŞ) yaradılıb. Azərbaycan Prezidentinin 01 fevral 2013-cü il
tarixli Fərmanı ilə ABEMDŞ-in bazasında Azərbaycan Respublikasının
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
qurulub.
Kiçik gücə malik külək enerjisi və bioqaz qurğularının, günəş
elektrik stansiyalarının fərdi istehlakçılar arasında
yayılmamasının əsas səbəblərindən biri də geniş əhali kütləsinin bu
qurğular haqqında məlumatlarının kifayət qədər olmamasıdır. Dövlət
Agentliyi də bu istiqamətdə işləri gücləndirməli, telekanallarda,
radio yayımlarında, qəzetlərdə aparıcı alimlər və mütəxəssislərin
çıxışları hazırlanmalı, alternativ enerji mənbələrindən istifadəni
populyarlaşdırmağa xidmət edən xüsusi tədbirlər mütəmadi olaraq
həyata keçirilməlidir.
Əsas prioritetlər
Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə
sahəsində əsas prioritetlər Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyin əsasnaməsində birbaşa göstərilir.
Qeyd olunur ki, Agentliyin əsas vəzifələrindən biri ölkənin
ayrı-ayrı zonaları üzrə bərpa olunan enerji resurslarının, o
cümlədən günəş, külək, biokütlə, termal sular, su axınları,
müxtəlif növ tullantılar və bu kimi digər mənbələrin potensialını
və onlardan istifadə üçün əsas istiqamətləri
müəyyənləşdirməkdir.
Azərbaycanın coğrafi şəraitinə uyğun olaraq, göstərilən
alternativ enerji mənbələrindən istifadə etmək çox əlverişlidir.
Əsasən respublikanın dağ və dağətəyi rayonlarında qəsəbə və
kəndləri kiçik təsərrüfat obyektlərini, istehsal sahələrini
elektrik enerjisi ilə təmin etmək üçün az güclü mikro SES-lərin
inşa edilməsi əhəmiyyətlidir və əsas proritetlərdən biridir. Bu tip
elektrik stansiyaları vaxtı ilə Sovet İtifaqının güclü enerji
sisteminin yaradılması üçün əlverişli rol oynayıb.
Son zamanlar alternativ enerji mənbəyi kimi külək enerjisi bütün
dünyanın diqqət mərkəzindədir. Bəzi hesablamalara görə, yaxın
zamanlarda dünyada istifadə olunan elektrik enerjisinin 20%-i külək
enerjisi mənbələrinin payına düşəcək. Külək enerji mənbələrinin
yaradılması üçün Azərbaycanda mövcud olan iqlim şəraiti çox
əlverişlidir. Əsasən Abşeron yarımadasında, Xəzər sahili
rayonlarda, dağ və dağətəyi rayonlarda və s. bu tip enerji
mənbələrinin inşası önəmlidir. Azərbaycanın Abşeron - Qobustan
ərazisi xüsusilə yüksək külək energetikası potensialına malikdir,
bu ərazidə il ərzisində 270 gündən artıq güclü küləklər əsir.
Küləyin orta illik sürəti saniyədə 7,2 metrdir.
Bərpa olunan enerji mənbələri arasında ehtiyatların miqyasına və
ekoloji təmizliyinə görə günəş enerjisi daha perspektivlidir. Son
zamanlar günəş enerjisindən istifadə üçün bütün dünyada ciddi
tədqiqatlar aparılır. Günəş enerjisi ilə işləyən maşın mexanizmlər,
avtomobillər, kiçik güclü traktorlar yaradılıb təcrübədən
keçirilir. Bu tədqiqatlar ümumiyyətlə gələcəkdə günəş enerjisindən
səmərəli istifadə etmək, güclü günəş batareyaları yaratmaq və
onlardan daha çox istehsal-təcrübə sahələrində, təsərrüfatlarda,
yaşayış sahələrində istifadə etmək üçün zəmin yaradır. Azərbaycan
da öz coğrafi mövqeyinə görə Günəş enerjisi ehtiyatları ilə
zəngindir, Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikası daha
böyük imkanlara malikdir. Azərbaycanda da günəş enerjisindən
səmərəli istifadə istiqamətində işlər sürətlə gedir, yuxarda
deyildiyi kimi, günəş kollektorlarının istifadəsi üçün zavod da
tikilmişdir.
Alternativ enerji mənbəyi olaraq, eyni zamanda bioresursların
yandırılması nəticəsində yaranan enerjidən istifadə edilməsi üçün
də müəyyən işlər görülür. Bu enerji mənbələrindən istifadə olunan
zaman onların atmosferə vura biləcəyi ziyanlar və bu ziyanların
aradan qaldırılması yolları araşdırılır. Son zamanlar Azərbaycan
inkişaf etmiş Avropa ölkələri ilə bu sahədə əməkdaşlıq edir,
əhəmiyyətli işlər görür. Abşeronda biokütlələrin yandırılması və
elektrik enerjis alınması üçün zavod tikilir.
Perspektiv imkanlar
Yuxarıda göstərilən alternativ və bərpa olunan enerji
mənbələrindən yalnız atom və hidrogen enerjisi, müəyyən obyekti
səbəblərdən bu gün Azərbaycanda istifadə olunmur. Atom enerjisi
müasir dünyanın əsas enerji mənbəyidir, Avropanın və dünyanın bir
çox qabaqcıl ölkələri (Fransa, Rusiya, Türkiyə və s.) atom elektrik
stansiyalarının (AES) xidmətindən istifadə edir. XX əsrin
sonlarında bu stansiyalar ətraf mühit və insanlıq üçün müəyyən
dərəcədə təhlükəli idi, hətta Sovet İttifaqında Çernobıl ekoloji
fəlakəti törətmişdi. Odur ki, Ermənistanda köhnə texnologiyalarla
sovet dövründə inşa edilmiş AES də region üçün əsas təhlükə mənbəyi
olaraq qalır. Amma elmin və texnikanın tərəqqisi dövründə müasir
texnologiyaların tətbiqi ilə tikilən müasir stansiyalarda bütün bu
faktorlar nəzərə alınır, potensial təhlükələr aradan qaldırılır.
Odur ki, bu stansiyalar müasir dövrün əsas alternativ enerji
mənbəyi sayılır. Doğrudur, AES çox bahalı proyektdir, amma
perspektivdə Azərbaycanda istifadə edilə və ölkənin gələcək enerji
təhlükəsizliyinə xidmət edə bilər.
Hidrogen enerjisi, faktiki olaraq, tükənməzdir və gələcəyin
enerjisi sayılır. Hidrogen yananda, enerji yarananda isə təmiz su
əmələ gəlir, yəni ətraf mühit qətiyyən çirklənmir. Təmiz suyu
yenidən parçalamaqla hidrogen almaq olar. Yer qabığının üçdən
ikisinin su ilə əhatə olunduğunu nəzərə alsaq, bu enerjinin
doğrudan da tükənməz olduğunu görürük. Amma sudan hidrogenin
alınması sadə görünsə də, çox çətin və bahalı bir prosesdir və
hazırda dünyanın qabaqcıl ölkələrinin elmi mərkəzləri bu məsələni
asanlaşdırmaq və ucuzlaşdırmaq, istehsallaşdırmaq istiqamətində
təhqiqatlar aparır. Şübhəsiz ki, Azərbaycan Milli Elmlər
Akademiyasının müvafiq institutları da bu sahədə həmin mərkəzlərlə
əməkdaşlıq edir və hidrogen enerjisi perspektivdə Azərbaycanın
gələcək enerji təhlükəsizliyinə öz töhfglərini verə bilər.
Geotermal enerji və hidrotermal mənbələr də perspektiv imkanlar
sırasındadır. Geotermal enerji dedikdə, müxtəlif dərinliklərdə
yerləşən və atmosferdə havanın temperaturundan yüksək temperatura
malik olan flyuidlər və quru dağ süxurlarının istiliyi başa
düşülür. Azərbaycanın müxtəlif rayonlarında yerin altından səthə
istilik axını yayılır, nəticədə temperatur daha yüksək olur. Bu
temperatur artımından geotermal stansiyaların yaradılması üçün və
ya aşağı potensiallı istilik mənbəyi kimi istifadə oluna bilər.
Hidrotermal mənbələrdə isə yeraltı istilik quyu vasitəsilə isti
termal suların axını ilə yer səthinə çıxarılır. Bu suyun
temperaturu hidrotermal lay daxilindəki təzyiqdə doyma
temperaturundan yüksək olur.
Təzyiq düşərkən su qaynayır və əmələ gələn buxar buxar
turbinində istifadə oluna bilər. Aşağı temperaturlu flyuidlər isti
su təchizatı, istixana və binaların qızdırılması, istilik nasosları
vasitəsilə texnoloji proseslər üçün istifadə edilə bilər.
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində problemin
mürəkkəbliyi ondadır ki, imkanlar zəngin və müxtəlifdir, amma az
öyrənilib. Ona görə də müasir mərhələdə bərpa olunan enerji
mənbələri üzrə fundamental elmi tədqiqatların aparılması və geniş
profilli mütəxəssislərin hazırlanması zəruri məsələdir. Bu məqsədlə
artıq Milli Elmlər Akademiyasının müvafiq institutlarında
məqsədyönlü işlər aparılır və bu işlər dövlət sifarişləri hesabına
daha da gücləndirilməlidir. Respublikanın müvafiq
universitetlərində də bu istiqamətdə kadrların hazırlanması üçün
əsaslı işlər görülür, qabaqcıl dünya ölkələrinin təcrübəsindən
istifadə edilir. Artıq on ildən çoxdur ki, Azərbaycan Texniki
Universitetində bərpa olunan enerji mənbələri ixtisası üzrə
bakalavr və magistrlər hazırlanır. Tədris prosesinin keyfiyyətini
yüksəltmək üçün Almaniya və Yaponiya kimi qabaqcıl ölkələrin
aparıcı universitetləri ilə qarşılıqlı əlaqələr qurulur. Göründüyü
kimi, kadr hazırlığına artıq başlanmışdır və bu prosesi
gücləndirmək və genişləndirmək lazımdır.
Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti
dünyanın inkişaf etmiş
ölkələrində olduğu kimi Azərbaycanda da ekoloji cəhətdən təmiz
alternative (bərpa olunan) enerji mənbələrindən geniş istifadə
edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında böyük
miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli
tullantıların miqdarını da xeyli azaldar. Ölkənin təbii
potensialından istifadə etməklə, alternativ enerji mənbələrinin
elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi ənənəvi
enerji mənbələrinə qənaət etməklə (gələcək nəsillərə saxlamaqla) və
ətraf mühitin qorunmasını təmin etməklə ölkənin enerji
təhlükəsizliyinə nail olmağa imkan verər. Bu isə bütün zamanların
və bütün xalqların əsas məqsədlərindən biridir.