Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə
hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində
iştirak edib.
Axar.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt
dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin
başçısına məlumat verib.
Yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı,
Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları,
10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və
ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən
qurğu quraşdırılıb. Sahədə sonuncu təmir işləri 1985-ci ildə
aparılıb.
Bakı sərnişin stansiyasının yenidən qurulması işləri
çərçivəsində 4 yeni platforma inşa olunub. Onların birinin uzunluğu
310, digərlərinin uzunluğu isə 254 metrdir. Stansiyada qatarların
qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə
əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə
avadanlıqları yenilənib. Hazırda ümumi sahəsi 8 min kvadratmetr
olan 17 mərtəbəli "Vağzal" mehmanxanasında və sərnişinlərin gözləmə
zalında da əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr
olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu
üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.
Qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan
almaq mümkün olacaq.
Yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlətimizin
başçısına təqdim edildi.
Ümumilikdə, layihə üzrə burada 55 turniket, 10 satış köşkü
quraşdırılıb. Hazırda "BakuBus" avtobusları və metropolitendə
istifadə olunan vahid ödəmə kartı – "BakıKart"dan burada istifadə,
ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün
olacaq.
Prezident İlham Əliyev Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən
ilk sərnişin qatarının yola salınmasını bildirən rəmzi lenti
kəsib.
Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz
daşınması üçün "Stadler Rail Group" şirkətinin sürətli elektrik
qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik
qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq
yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında
biznes-sinfə aid 84 oturacaq da var. Sumqayıtdan Bakıya və əks
istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata
keçiriləcək. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə
əlavələr edilə bilər. Bakı-Sumqayıt şəhərətrafı yüksək sürət və
rahatlıqla sərnişindaşımanı təmin etmək məqsədilə genişmiqyaslı
tikinti-quraşdırma və təmir-bərpa işlərinə start verilib. Sahə üzrə
yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları
inşa edilib, dəmir yollarının əsaslı təmirinə başlanılıb. İndiyədək
60 kilometr yol əsaslı təmir olunub.
Prezident İlham Əliyev yeni marşrut üzrə hərəkət edəcək
qatarların xidməti heyəti ilə görüşüb:
- Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm
ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır.
Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab
verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar almışıq. Dəmir
yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm
ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət
dəyişiklikləri görəcəklər və Azərbaycan dəmir yolu ölkəmizin ümumi
inkişafına uyğun şəkildə inkişaf edəcək. Çünki bu sahədə
islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu
sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz
yeniləşməlidir.
Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün
istifadəyə verilib. Həm xətt yenilənir, - indi qatarlar yüksək
sürətlə işləyəcək,- həm də qatarlar da ən yüksək səviyyəyə
malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün
Azərbaycanda da var. Sizin üçün gözəl formalar da tikilib. Əminəm
ki, çox gözəl mədəni xidmət göstərəcəksiniz. Sərnişinlər də razı
olacaqlar. Sizi bir daha təbrik edirəm, sizə uğurlar
arzulayıram.