Burda evlərin qapıları birbaşa qəbiristanlığa açılır... Bu
qəbiristanlıq "Kombinatın qəbiristanlığı" adıyla tanınır.
"Lenkombinatın" – indiki Hacı Zeynalabdin adına tikiş kombinatının
yaxınlığında yerləşir. "Sakinlərinin" də əksəriyyəti elə vaxtı ilə
bu kombinatda işləyənlər olub. Qəbiristanlıq Xətai rayonundakı
Cavanşir küçəsində, "Qaçqınlar bazarı" deyilən bazarın
arxasındadır. Bir tərəfi hündürmərtəbəli binalar, o biri tərəfi isə
gecəqondularla əhatələnib. Əksəriyyəti sənədsiz tikili olan bu
evlər az qala qəbiristanlığın içərisinə girib. Yörədəki
xırdalı-böyüklü, sənədli-sənədsiz evlərin, xırda dükanların fonunda
qəbiristanlıq heç də qorxulu görünmür. Amma "qəribliyi" dərhal hiss
olunur. Unudulub sanki. Həm də qəbiristanlıq özünün qəbiristanlıq
missiyasını itirmək üzrədir. Müxtəlif millətlərin nümayəndələrinin
son məkanı olan bu yerdə qəbirlər baş-başa, ayaq-ayağa, yan-yana
düzülülb. Eynilə bir vaxtlar çoxmillətli, beynəlmiləl kollektivi
olan toxuculuq kombinatının mehriban işçiləri kimi bu qəbirlərin də
bir-birinə doğmalığı hiss olunur. Qəbirlər sanki bir-birinə
həyanıdır. Burda türk, tatar, rus, ukraynalı və başqa millətlərin
nümayəndələri əbədi olaraq özlərinə məskən tapıblar. Azərbaycan
türkü erməniylə çox dinc şəkildə baş-başa yatır. Səliqəli, ətrafı
tər-təmiz, daima diqqət mərkəzində olan, əzizləri tərəfindən
ziyarət olunan qəbirlərlə yanaşı baxımsız, diqqətdən kənar qəbirlər
də var. Əsasən, qeyri millətlərin qəbirləri baxımsızlıq ucbatından
bərbad vəziyyətdədir. Sınmış, yerindən çıxarılmış başdaşları və
yandırılmış qəbirlər... Evlərin qapıları qəbirstanlığa açılır...
Həyətindən, evindən çıxanlar qəbirlərin nizamsız düzülüşü ilə
üz-üzə gəlir. Doğrusu, burda kövrəlməmək, hissə qapılmamaq olmur.
Bir də qəzəblənməmək. Ölülər qapı-pəncərə düzəldir Diqqətimi
qəbiristanlıqdakı qapı-pəncərə sexi çəkir. Sex üç qəbirin dəmir
barmaqlıqlarla hasara alınmış ərazisindədir. Usta iş görür. Hazır
qapılara boyaq vurur. Yaxınlaşıram, salam-kəlamdan sonra ona
sifarişçi olduğumu deyirəm. Deyirəm ki, qapı sifariş vermək
istədim, dostlar sizi məsləhət bildi. Elə ona görə də bura gəldim.
Adı Nemət olan usta burda ancaq hazır qapı və pəncərələrin
rəngləndiyini deyir. Qapı sexi isə bir qədər aralıqdadır. Qəbir
sahiblərinin haqqını verirəm - Bəs, bu qəbirlərin üstündə
işləyirsiz, bir söz deməzlər?- soruşuram. - Yox, nə deyəcəklər?
Qəbir sahiblərini tanıyıram, razılaşmışıq, haqlarını verirəm, bir
də hər iş gününün sonu silib-süpürürəm, tər-təmiz saxlayıram
buranı. - Belə çıxır ki, qəbirləri icarəyə götümüsüz? - Elə də
demək olar, – gülür. Qəbir-qarajlar Söhbət əsnasında Nemət usta
deyir ki, bir-iki ilə bu qəbiristanlığı tamam dağıdacaqlar, plana
düşüb, burda on beş dənə çoxmərtəbəli bina tikiləcək, qəbirləri isə
şəhərdən kənara köçürəcəklər. Montindəki kimi. Bir qədər kənardakı
qəbirdən maşın qarajı kimi istifadə olunur. Qəbirin ətrafı üç
tərəfdən dəmir lövhələrlə qaynaqlanaraq tutulub, dam örtüyü var.
İlk baxışdan qarajın qəbirin üstündə yerləşdiyi diqqəti çəkmir.
Lakin "qəbir-qarajın" sağ-solunun da qəbirlərlə çevrələndiyi
diqqətdən yayınmır. Bir qədər də diqqət etdikdən sonra, həqiqətən
də qarajın bir hissəsini hansısa bədbəxtin gor evinin üstündə
quraşdırıldığı aydın görünür. Dəmir barmaqlıqlar gözə çarpır. -
Usta, deyəsən qaraj ediblər qəbiri? - Əşşi, özləri bilər, amma
deyəsən axı qəbirə aidiyyəti yoxdur, - deyib beş addımlığındakı
"qəbir-qaraja" tərəf diqqətlə baxır. - Onsuz da hamısını
köçürəcəklər, – bayaq dediklərini təkrar edir. Məzarlıqda nərd
yarışması Təxminən on addım aralıdakı qəbirlərin üstündə, hündür
küknar ağaclarının kölgəliyində şıdırğı nərd "çarpışması" gedir.
Ətrafdakı bütün evlər iç-içə olduğundan, sakinlərin asudə
vaxtlarının səmərəli keçirməsi üçün bu qəbirstanlıqdan yaxşı yer
tapması qeyri-mümkün görünür. Qadınların yuduğu paltar-palaz da
qurudulmaq üçün qəbirlərin hasarlarının üstünə sərilir.
Qəbrisitanlıq - örüş Bir qədər də irəli gedirəm. Təzə tikilən
yaraşıqlı evlərin arxası qəbiristanlığa yapışmış haldadır. Məhlə
uşaqları qəbirlərin arasında dərdsiz-qəmsiz atılıb-düşür, yörəyə
şən ovqat yayırlar. Qəbiristanlığın yuxarı tərəfində, "Həzi
Aslanov" metrosuna yaxın isə qəssablar iri və xırda buynuzlu
mal-qara saxlayır. Peyin iyi ətrafı başına alıb. Nə vaxtsa
qəbirstanlıqda əkilən ağacların və güllərin ətri də qonşuluqdakı bu
peyin iyini qova bilmir. Qəbiristanlıqdan çıxıram, fikirlərim isə
sahibsiz qəbirlərə "sahib çıxanlarımızın" yanında qalır. Özümüzə,
doğmalarımıza rəva bilmədiklərimizi başqasına necə rəva görürük?
Biz dirilərlə məşğuluq, ölülərlə yox Qəbirsitanlığın hansı dövlət
qurumuna aid olduğunu araşdırmaq cəhdimiz də uğursuzluqla
nəticələndi. Kimdən bu haqda soruşduq sa, ölüm sükutu ilə
qarşılaşdıq. Belə ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi ilə əlaqə
saxladıq, bildirdilər ki, bütün qəbiristanlıqlar Bakı İcra
Hakimiyyəti Əhaliyə Vətəndaşlıq trestinin balansındadır. Adı
çəkilən dövlət Trestinin müdiri Hacı Cavanşir Tağıyevlə əlaqə
yarada biməsək də, qurumun qəbiristanlıqlarla iş şöbəsinin rəisi
Sabir Həsənovdan məsələyə münasibət bildirməyi xahiş etdik. O,
Xətai rayonunda yalnız Əhmədli kənd qəbiristanlığının onların
balansında olduğunu vurğuladı. Və bu qəbiristanlığın Xətai rayon
İcra Hakimiyyətinin balansında ola biləcəyini güman etdiyini
bildirdi. Xətai rayon İcra Hakimiyyətinin Ərazi-idarəetmə şöbəsinin
müdiri Pənah müəllim isə, qəbiristanlığın rayonun ərazisində
yerləşdiyini desə də, bu qəbiristanlığın onun rəhbərlik etdiyi
idarəyə heç bir aidiyyəti olmadığını dedi. Şöbə müdiri onu da qeyd
etdi ki, biz seçkilərə hazırlaşırıq, bu istiqamətdə hər hansı
sualınız varsa, buyurun, bir də biz dirilərlə, onların sosial
rifahının yüksəlməsi ilə məşğuluq, ölülərlə yox.