2015-ci ilin 9 ayı ərzində Vergilər Nazirliyi yanında
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi
ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul
olma faktları üzrə cəmi 1621 sayda cinayət işi
başlanıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə,
onlardan 305-i vergi ödəməkdən yayınma və qanunsuz
sahibkarlıq (o cümlədən, 174-ü külli miqdarda gəlir əldə etməklə
vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının
nəticələri, 1277-u vergi borcunun ödənilməməsi, 38-i operativ vergi
nəzarəti tədbirlərinin (bunlardan 19 işçilərin əmək müqaviləsi
hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə
cəlb edilməsi, 18 iş aksiz markası ilə markalanmamış məhsulların
saxlanması faktı üzrə) nəticələri ilə bağlı vergi orqanlarından
daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq
faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş
material üzrə başlanıb.
Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar
üzrə aparılan araşdırmalar zamanı 44 milyon 262, 8 min manat
vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü
ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.
İstintaqı tamamlanan cinayət işlərindən 143 şəxs barəsində 115
iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə
göndərilib.
Departamentin İstintaq idarəsində 573 cinayət işi üzrə (2014-cü
ilin eyni dövrü ilə müqayisədə 290 iş çox) ibtidai istintaq
tamamlanıb, 44 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan
tədbiri seçilib. İcraatına xitam verilən 458 cinayət işindən 390-ı
üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları
vergiləri (72 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı
tamamilə ödədiklərinə görə cinayət işinə xitam verilməsi barədə
qərarlar qəbul edilib.
Cinayət işləri üzrə keçirilən istintaq-əməliyyat tədbirləri
nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində
axtarış elan edilən 31 nəfər şəxs tutularaq Departamentin İstintaq
idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 257 şəxsin
məcburi qaydada gətirilməsi, 366 şəxsin tapılaraq istintaqa
gəlmələri, 315 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat
verilməsi təmin olunub.