Rusiyanın dni.ru saytı
Azərbaycandan yazıb.
Axşam.az-ın
məlumatına görə, sayt 4 böyük mədəniyyəti – Avropa, türk, rus və
fars mədəniyyətini özündə birləşdirən Bakıya səyahət etmək üçün 7
mühüm səbəb göstərib.
Həmin səbəblər aşağıdakılardır:
1. Köhnə şəhər, yaxud İçərişəhər – paytaxtın ən qədim hissəsi
sayılır. Bura YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib.
Bakının memarlıq nümunələri ilə tanış olmaq, qeyri-adi suvenirlər
almaq mümkündür. Burada Şirvanşahlar sarayı, Bazar meydanı, Ağa
Mikayıl Hamamı, Karvansaray, Qoşa Qala Qapıları, qədim məscidlər
yerləşir. Şəhərin panaromasını isə Qız Qalası gözəlləşdirir.
2. Əgər siz SSSR-də anadan olmusunuzsa, Bakının məşhur küçələri
haqda da eşitmisiniz. XX əsrin 90-cı illərində bir çox məşhur
filmlər məhz bu küçələrdə lentə alınıb: "Amfibiya adam", "Mənim
əziz atam", "Aybolit -66", "Tehran-43, "Brilyant əl". Sovet
rejissorları ilə yanaşı, Bakı xarici kinematoqrafların da diqqətini
çəkib. Məsələn, "Ceyms Bond" haqda 19-cu filmin bəzi səhnələri
Bakının ətraf ərazilərində çəkilib.
3. Son on ildə Bakıda qurulan yeni tikililər turistlərin
diqqətini çəkir. İçərişəhərin Şərq əhval-ruhiyyəsi Bakının müasir
hissəsindən tamamilə fərqlənir. Şəhərin "vizit kartı" isə 2012-ci
ildən "Alov qüllələri"dir.
4. Bakının əsas simvollarından biri də xalçalardır. Burada
şəhərin mərkəzində Xalça muzeyi yerləşir. İçərişəhəri gəzərkən
burada tamamilə əl işləri olan xalçalara rast gəlmək mümkündür.
Qiymətli xalçaları isə Bakıdan 170 kilometr şimal-şərqdə yerləşən
Quba şəhərindən əldə etmək mümkündür.
5. Bakı Xəzər dənizinin sahilində yerləşir. Bu isə o deməkdir
ki, çimərlik mövsümündə burada dincəlmək əlverişlidir. Azərbaycanın
paytaxtından 60 kilometr cənubda isə tarixi Qobustan qayalıqları
yerləşir. Burada nadir palçıq vulkanlar var.
6. Azərbaycan mətbəxi xüsusi diqqət çəkir. Milli mətbəxlə
yanaşı, müasir təamların da dadına baxmaq olar. Şorabalar, kabab,
əcəpsandal, qutablar, dovğa, düşbərə, küftə, piti, dolma, aş, yerli
pivə, paxlava və s. milli xörəklərin dadına baxa bilərsiniz.
7. Baxmayaraq ki, şoppinq turistlər üçün prioritet məsələ
sayılmır, Bakıda aparıcı brendlərin məhsulları ilə dolu olan
ticarət mərkəzləri də az deyil. Onlardan ən məşhurları "Park
Bulvar", "Nargiz Mall", "28 Mall", "Metropark", "Port Baku"dur.
Alış-verişdən başqa, siz məşhur "Torqovı" (Nizami küçəsi – red.)
küçəsini gəzə, fontanlara tamaşa edə, səliqəli restoranlarda əyləşə
bilərsiniz.