Şirvan şəhərində silahlı insident baş
verib.
APA-nın
məlumatına görə, hadisə saat 23.00 radələrində Şirvan şəhəri,
H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin
mübahisəsi ("razborka") zəminində baş verib.
"Makarov" tipli silahdan açılan atəş nəticəsində Şirvan
sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü
Sarıbalayev Zaur Vəfadar oğlu və 1983-cü il təvəllüdlü Nəziyev
Elvin Zamanəli oğlu (kriminal aləmdə "krutoy Elvin" kimi tanınan)
qətlə yetirilib.
Birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər
xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş
vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan
prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən
ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki
şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə
silahdan istifadə olunduğu meyitlərin müayinəsindən və ballistik
ekspertizadan sonra aydınlaşacaq.
Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 1985-ci il
təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli
şəxs qismində saxlanılıb. Daha bir neçə nəfərin istintaqa cəlb
olunması gözlənilir.
Qeyd edək ki, Sarıbalayev Zaur Vəfadar oğlu Ağır Cinayətlərə
Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu
il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il
prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.