Son dövrlər valideynlər övladlarına ən çox tarixi adlar
qoymaqda maraqlıdır.
Bu sözləri Publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında
Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri
doktoru, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, uşaqlara "Alpər", "Albars", həmçinin türk
mənşəli adlar qoymaq istəyirlər.
"Bu müraciətlərlə bağlı Terminologiya Komissiyasına məlumat
verilir. Bəzən hər hansı adın mənşəyi məlum olmayanda araşdırırıq.
Məqsədəuyğun hesab edilərsə, qoyulmasına icazə verilir. Son
dövrlərdə tarixi şəxsiyyətlərin - Nizami, Fizuli, Vaqif, Məhsəti
kimi adlar xatirə xarakterli qoyulur. Son dövrlər Məhsəti adının
müəyyən qədər az qoyulması müşahidə edilir. Lakin Nizami, Vaqif,
Fizuli kimi adlar ad sistemində daha çox öz əksini tapır. Bu həm də
həmin şəxslərin xatirəsinə hörmət əlaməti olaraq qoyulur".
S.Sadıqova onu da əlavə edib ki, bəzən valideynlərin seçdikləri
adların qoyulmasına razılıq verilmir:
"Bu yaxınlarda "Kiar" adı ilə bağlı müraciət olmuşdu. Bu adın bu
vaxta qədər adlar sistemində öz əksini tapmadığı və cizgi film
qəhrəmanının adı olduğunu müəyyən edəndən sonra qoyulmasına razılıq
verilmədi. Lakin "Tutma", "Şüşəbənd", "Cinayətkar", "Stəkan" kimi
adlar qoymaq istəyənlərə həm səslənməsinə, həm də mənasına görə
icazə verilməyib. Hansı ki, bir vaxtlar "Kombayn", "Ansambl",
"Limon" kimi adlar gülüş doğurduğuna görə qadağan edilmişdi. Son
illər qızlara "Ayasofiya" adını qoymaq üçün müraciət olub, lakin
buna razı olmamışıq. Çünki "Ayasofiya" "böyük kilsə" mənasındadır.
Həmçinin məbədgah mənası da var və daha çox xristianlığa məxsusdur.
Sofiya formasında verilməsi daha məqsədəuyğun hesab edilib. Bu da
müdriklik mənası deməkdir. Dilin qloballaşma şəraitində qorunması
üçün adların qoyulması nəzarətdə olmalıdır".
S.Sadıqova valideynlər tərəfindən yeni adların yaradılmasından da
danışıb. Bildirib ki, valideynlərin təfəkkür tərzindən asılı olaraq
yeni adlar yaradırlar:
"Bu məsələni dəstəkləyirik. Bir vaxtlar Cəfər Cabbarlı tərəfindən
"Sevil", "Balaş", Səməd Vurğun tərəfindən "Aybəniz" adı yaradılıb.
Ona görə də, adların yaranmasına nöqtə qoymaq olmaz. Son dövrdə
"Nuray", "Nurgün", "Aydan" adları xalq tərəfindən yaradılıb".