ANS-in bəzi başbilənləri
yenə öz amplualarındadı. Yol verdikləri səhvləri, qanun
pozuntularını boyunlarına alıb, utanmaq, həya eləmək, "bir də
olmaz" deyib cəmiyyətdən üzr istəmək əvəzinə, utanmadan MTRŞ-ni
qınamağa başlayıblar.
Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Milli
Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və
analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov yazıb.
Təvəkkül Dadaşov ANS rəsmilərinin televiziya və radio haqqında
qanunu bilmədiklərini deyib:
"ANS ÇM-in direktoru (Elman İsayev) saytlardan birinə deyib ki,
matəm günü "nə etmək lazım olduğunu MTRŞ-dən soruşmaq istəyirdik.
Orada heç kimi tapmadıq, heç kim cavab vermədi. Lap elə tutaq ki,
MTRŞ qanun pozuntularını müşahidə edib. Bəs onda niyə dərhal həmin
qurumların rəhbərlərinə zəng vurub, bu barədə xəbərdar etməyib?
Niyə bütöv bir gün gözləyib? Gözləyib ki, qanun pozuntuları davam
etsin... Nə məqsədlə?" Əslində bu adama cavab vermək artıq işdir.
Çünki bir adam ki, neçə ildir radio direktorudu, amma hələ də radio
haqqında qanunvericiliyin elementar tələblərini bilmirsə və
bilməməyi bir yana, heç olmasa, bunu pərdələməyə də cəhd eləmirsə,
əksinə, danışdığı hər kəlməsində özünü biabır edirsə, beləsinə nə
deyəsən. Məncə, ANS-in lap yuxarı rəhbərliyi açıqlamasında dediyi
fikirlərə görə onu cəzalandırmalıdır. Çünki necə yəni, sən hələ öz
sahəni tənzimləyən qanunları bilmirsən, bununla da radionun
nüfuzuna xələl gətirirsən, radionu potensial maliyyə sanksiyaları
ilə qarşı-qarşıya qoyursan, hələ bir utanmadan da dövlət qurumunu
ittiham edirsən? Deməli, gözləyirsən ki, MTRŞ sənə zəng edib hər
dəfə qanunun bir maddəsini xatırlatsın? Ümumiyyətlə, ANS-də
televiziya və radio yayımı sahəsində qanunvericiliyi deyəsən hələ
indi öyrənməyə başlayıblar. Çünki bu barədə kanalın hüquqşünası
Şuranın iclasında özü demişdi. Demişdi ki, artıq treninqlərə
başlamışıq... Fürsətdən istifadə edib ANS-də treninq keçənlərdən
xahiş edərdim ki, əsas treninqləri ANS ÇM-in direktoruna keçsinlər.
Əslində, ANS ÇM radiosunun direktorunun belə özündən böyük
danışmağında bizim də günahımız az deyil. Çünki gərək onun müdiri
olduğu radioda yol verilən hər qanun pozuntusuna görə Şura 8 min
cəza verəydi, onda bilərdilər dövlət qurumu ilə danışmağın tərzini.
Yəqin həmin direktor hələ onu da bilmir ki, MTRŞ-in reklam
pozuntusuna görə cərimə eləmək səlahiyyəti var. Bilmirsə, ANS
TV-nin proqram direktoru Sevda Həsənovadan soruşsun. ANS ÇM-in
direktoru deyir ki, proqram setkasında dəyişikliyi 6 saata etmək
mümkündür. Bəs, matəm rəsmən saat 13-də elan olunubsa (əslində,
AzTV matəmi saat 11.07-də elan etmişdi), setka niyə saat 19:00-a
kimi dəyişilmədi və hətta saat 21-dək reklamlar yayımlanır və matəm
günü ilə bağlı qanunun tələbləri pozulurdu? Məsələn, 106 FM və
106.3 radioları setkalarını dərhal qanuna uyğun şəkildə dəyişdilər.
Onlar heç "6 saatlıq vaxt lazımdır" bəhanəsini qoymadılar. Digər
tərəfdən, MTRŞ yayımçılarla keçirdiyi son toplantıda, məlum oduğu
kimi, sərt qərar da vermədi, yalnız tövsiyə verməklə kifayətləndi,
yayımçıların "Günəşli" neft yatağının 10-cu platformasında baş
verənləri işıqlandırarkən, cəmiyyəti məlumatlandırarkən çəkdiyi
zəhməti, şou-proqramları dayandırmalarını və s. müsbət hal kimi
dəyərləndirdi. Yəni qurum situasiyanı nəzərə alıb yumşaq davrandı.
Lakin bunun müqabilində dövlət qurumuna qarşı hörmətsizlik eləmək,
yersiz ittihamlar irəli sürmək, nədənsə yalnız ANS-in ağlına gəldi.
Amma eybi yox".