Zaqatala rayonunda qətl hadisəsi törədən 1991-ci il
təvəllüdlü Samir Osmanov, 1968-ci il təvəllüdlü Vüqar Layıcov,
1991-ci il təvəllüdlü Sabir Osmanov, 1995-ci il təvəllüdlü Pərviz
Qarayev və 1993-cü il təvəllüdlü Röyal Saramanovun apelyasiya
şikayətinə baxılıb.
Publika.az
xəbər verir ki, ittihama görə, cinayəti törədən şəxslər kriminal
aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevin
ünvanına xoşagəlməz ifadələr işlədiblər. Rövşən Canıyevin
tərəfdarları Vüqar Rəcəbov, Vasif Cəfərov, Kamil Hüşənov, Vüsal
Əliqayev və Raqib Bədəlov isə məsələni aydınlaşdırmağa gəliblər.
Nəticədə Vüqar Rəcəbov, Vasif Cəfərov, Kamil Hüşənov öldürülüb,
Vüsal Əliqayev və Raqib Bədəlova isə xəsarət yetirilib. İddia
edilir ki, cinayəti törədən mütəşəkkil dəstənin üzvləri kriminal
aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun
tərəfdarlarıdır.
Məhkəmə müəyyən edib ki, Samir Osmanov, Vüqar Layıcov, Sabir
Osmanov, Pərviz Qarayev, Röyal Saramanov Cinayət Məcəlləsinin
10-dan artıq maddəsi ilə mühakimə olunublar. Samir Osmanov kriminal
aləmdə "qanuni oğru" kimi tanınan "Rövşən Lənkəranski" ləqəbli
Rövşən Canıyevi kriminal avtoritet kimi tanımadığını bildirib.
Həmçinin Samir Osmanov Rövşən Canıyevin ünvanına nalayiq söyüşlər
söyüb, təhqiramiz ifadələr işlədib. Rövşən Canıyevin tərəfini
saxlayan Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif
Cəfərov silahlı qrup halında bu hərəkətinə görə Samir Osmanova
qarşı qeyri-qanuni zor hərəkətləri etmək qərarına gəliblər. Onlar
bu məqsədilə 23 noyabr 2013-cü il tarixdə Balakən rayonuna
yollanıblar. Münasibətdə olduqları həmin rayon sakinləri Vüqar
Bodurov, Ruslan Muradov, Aydın Sayılov onları qarşılayıb. Həmin
şəxslər də silahlı qrupun tərkibinə cəlb olunublar.
Kafedən başlayan qarşıdurma
Razılaşdıqları kimi qrup üzvü Vüqar Rəcəbov səhəri gün, yəni
noyabrın 24-də, saat 12.00-da Samir Osmanova zəng edib, qardaşı
Dibir Osmanovun pul borcu olması bəhanəsi ilə onu çay içməyə
çağırıb. Samir Osmanovu aldadaraq Balakən şəhərində yerləşən
"Balakən" kafesinə gətirdib.
Samir Osmanov kafeyə qardaşı Sabir Osmanov, yaxın münasibətdə
olduğu Pərviz və Tural Qarayevlərlə gəlib. Vüqar Rəcəbov kafedəki
otaqda istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə
edib saxladığı "KP 23142" saylı "Makarov" konstruksiyalı odlu döyüş
silahı olan tapançanı çıxararaq atəş vəziyyətinə gətirib və Samir
Osmanovla təklikdə söhbət edəcəklərini bildirib.
Vüqar Rəcəbov Sabir Osmanov, Pərviz və Tural Qarayevlərə fiziki zor
tətbiq edəcəkləri ilə qorxudaraq otaqdan çıxmalarını tələb edib.
Onlar etiraz etdiklərindən aralarında mübahisə yaranıb. Vüqar
Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərov heç bir
səbəb olmadan odlu silah və silah qismində istifadə edilən bıçaq
tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozublar, cəmiyyətə
açıqca hörmətsizlik ifadə ediblər. Samir Osmanov, Sabir Osmanov,
Pərviz Qarayev və Tural Qarayevi döyərək, bədənlərinin müxtəlif
nahiyələrinə yumruqla zərbələr vurublar. Qrup üzvü Vasif Cəfərov
həmçinin Samir Osmanovun bədəninə kəsici-deşici alət olan bıçaqla
zərbə endirib.
Sabir Osmanov, Samir Osmanov, Pərviz Qarayev və Tural Qarayev 24
noyabr 2013-cü il tarixdə, saat 12.00-da Balakən şəhərində kafedə
döyülmələrini, həmçinin Samir Osmanovun bədəninə xəsarət
yetirilməsini şəxsiyyətlərini alçaldan, onları nüfuzdan salan
hərəkət kimi qiymətləndiriblər.
Bir-birlərini izləyiblər
Bu hərəkətlərinə görə Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov
və Vasif Cəfərovdan qisas almaq məqsədi ilə onları qəsdən öldürmək
barədə razılığa gəliblər. Bu niyyətlə Samir Osmanov, Vüqar Layıcov,
Sabir Osmanov, Pərviz Qarayev və Röyal Saramanov qrup halında
birləşiblər. Sabir Osmanov Pərviz Qarayev və Röyal Saramanova həmin
şəxsləri izləməyi, bu barədə Samirə telefonla məlumat verməyi
tapşırıb. Bundan sonra Samir Osmanov odlu silah gətirmək üçün Vüqar
Layıcovla onun yaşadığı evə gedib. Vüqar Layıcov cəzaçəkmə
müəssisəsində cəza çəkən qardaşı Harun Layıcova məxsus evdə
qanunsuz saxladığı "AKS-74 U" konstruksiyalı yivli odlu silah olan
avtomatı, həmin silahdan istifadə etmək üçün nəzərdə tutulan 30-dan
çox 5,45 mm kalibrli döyüş sursatı olan patronları Samirə
verib.
Onlar Vüqar Layıcovun idarə etdiyi "VAZ 2107" markalı 90-ML-197
nömrə nişanlı avtomobildə Zaqatala rayonu istiqamətində hərəkət
etdikləri vaxt Sabir Osmanov telefonla həmin şəxslərin Zaqatala
şəhərində yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanmış Ruslan
Muradovun idarə etdiyi "KİA Sorento" markalı avtomobildə
olduqlarını bildirib. Samir Osmanov həmin yerə gəlib. O, özündə
olan avtomat silahdan həmin avtomobilə atəş açıb. Lakin avtomobil
sürətlə hərəkət etdiyi üçün Rövşən Canıyevin adamlarını öldürmək
istəyi yarımçıq qalıb. Bundan sonra Sabir Osmanov, Pərviz Qarayev
və Röyal Saramanov "Rövşən Lənkəranski"nin adamlarının Zaqatala
şəhərində yığışdıqları yeri Samir Osmanov və Vüqar Layıcova
göstəriblər. Onlar birlikdə avtomobildə əyləşərək yolun kənarında
pusquda durub, həmin şəxslərin oradan çıxmalarını gözləyiblər.
Saat 16.00-da Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif
Cəfərovun əyləşdiyi, Vüsal Əliqayevin idarə etdiyi "Hyundai
Elantra" markalı avtomobil magistral yola çıxaraq Bakı şəhəri
istiqamətində hərəkət edib.
Avtomobilə açılan atəş
Bu vaxt Vüqar Layıcov avtomobili həmin maşının arxasınca sürüb və
Samir Osmanova avtomat silahdan atəş açaraq həmin şəxsləri
öldürməsi üçün əlverişli şərait yaradıb. O, avtomobilin sürətini
azaldıb və "Rövşən Lənkəranski"nin adamlarının olduğu avtomobilə
yaxınlaşıb. Avtomobillər yaxın məsafdə bərabər vəziyyətdə hərəkət
etdiyi vaxt Samir Osmanov avtomobilin qabaq qapısının şüşəsini
açaraq oradan avtomat silahdan həmin avtomobilin salonuna 20-dən
çox atəş açıb.
Nəticədə avtomobilin salonunda əyləşmiş Vüqar Rəcəbov, Vasif
Cəfərov və Kamil Hüşənovu öldürüblər. Hadisə zamanı sürücü Vüsal
Əliqayev və Raqib Bədəlovun bədəninin müxtəlif nahiyələrinə xəsarət
yetirilib. Bu hadisədən sonra Zaqatala rayon hüquq-mühafizə
orqanlarının əməkdaşları hərəkətə keçib və cinayəti törədən şəxslər
müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Əməliyyat nəticəsində
Vüqar Layıcovdan silah-sursat götürülüb. Həmçinin onun Qax rayonu
ərazisində meşə sahəsində qanunsuz olaraq narkotik vasitələr
əkib-becərdiyi müəyyən edilib.
Cəza
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Osmanov və Vüqar
Layıcov ömürlük, Sabir Osmanov 15 il 4 ay, Pərviz Qarayev 15 il,
Röyal Saramanov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum
ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya
şikayəti veriblər. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti
verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını
istəyib. Tərəflərin şikayətləri baxılması üçün Şəki Apelyasiya
Məhkəməsinə göndərilib.
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxış
edən Pərviz Qarayevin vəkili Şamxal Tahirov bildirib ki, birinci
instansiya məhkəməsinin müdafiə etdiyi şəxsin barəsində olan hökmü
ləğv edilməlidir: "Pərviz Qarayevə qarşı irəli sürülən ittihamlarda
təqsirli olması sübuta yetirilməyib. Buna görə də onun barəsində
bəraət hökmünün çıxarılmasını xahiş edirəm".
Digər təqsirləndirilən Vüqar Layıcovun vəkili Mahir Bayramov
müdafiə etdiyi şəxs barəsində təyin edilmiş ömürlük azadlıqdan
məhrumetmə cəzasının dəyişdirilməsini istəyib. Vəkil Vüqar
Layıcovun müddətli cəza ilə cəzalandırılmasını istəyib. Röyal
Saramanovun vəkili İntiqam Hacıyev də çıxış edərək, müdafiə etdiyi
şəxsə aid hissədə birinci instansiya məhkəməsinin hökmünün ləğvini
xahiş edib.
Vəkil Röyal Saramanovun əməlini Cinayət Məcəlləsinin 307.3-cü
(qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə
tövsif edilməsini xahiş edib. O, bildirib ki, Röyal Saramanov ilk
dəfədir məhkum olunur, əməlini səmimi etiraf edib. Vəkil məhkəmədən
Röyal Saramanovun gəncliyini nəzərə alınmasını, onun barəsində
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq
edərək, onun şərti məhkum edilməsini xahiş edib.
Məhkəmə iclasında çıxış edən prokuror təqsirləndirilən şəxslər -
Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Pərviz Qarayev və
Röyal Saramanovun barəsində daha ağır cəzanın təyin edilməsini
istəyib. Məhkəmə sonda prokurorluğun protestini təmin etməyib. Amma
təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri ilə bağlı hissədə
dəyişiklik edilib. Məhkəmə Pərviz Qarayevə aid hissədə hökmü
dəyişib. Pərviz Qarayevin 5 il həbsxana rejimində cəza çəkməsi ilə
bağlı qərarı ləğv edilib. Onun barəsində təyin edilmiş 15 il
müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəldən-axıradək ciddi
rejimli cəza çəkmə müəssisində çəkməsi barədə qərar qəbul
edilib.
Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin
edilməmiş saxlanıb. Həmin qərardan tərəflər Ali Məhkəməyə müraciət
ediblər. Daha yuxarı instansiya məhkəməsində cinayət işi hakim
İlham Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası həm prokurorluğun kasasiya protestini, həm də
təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərini təmin
etməyib.