Ötən il ərzində 9206 hüquqpozma faktı aşkar
edilib.
Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən Axar.az-a
verilən məlumata görə, 2015-ci il ərzində Azərbaycan
Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış
fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində
həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma
faktı aşkar edilib.
Bu faktlardan 574-ü cinayət xarakterli faktlar olub və həmin
faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət
predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatdan çox təşkil
edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553
Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər
görülüb.
Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin
qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən
digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli
tədbirlər nəticəsində 2015-ci il ərzində narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub.
Bu faktlar üzrə ümumilikdə 91 kq-dan çox narkotik vasitə,
psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 552 qram
tiryək, 42 kq 250 qram marixuana, 29 kq 574 qram həşiş, 12 kq 248
qram heroin, 331 qram metadon, 57,185 qram kokain, 103,706 qram
metamfetamin, 200 həb tilidin, 60 həb və 1,935 qram alprazolam, 46
qram fenobarbital, 12,714 qram klonazepam,1 kq 282 qram kalium
permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
2015-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən 250 nəfər: 220-i kişi və 30-u qadın olmaqla 213 Azərbaycan
vətəndaşı və 37 xarici (33 İran, 3 Ukrayna, 1 RF vətəndaşı)
barəsində müvafiq tədbirlər görülüb, 30 halda bu əməlləri törədən
cinayətkar dəstə ifşa edilib.
Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar
müxtəlif gizlətmə üsullarından istifadə etmişlər. 2015-ci il
ərzində 69 halda narkotik vasitələrin daxili bədən boşluqlarında
(mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı
alınıb.
Hesabat dövründə kinoloji xidməti itlərin tətbiqi nəticəsində 19
fakt üzrə ümumilikdə 210,927 qram tiryək, 51,98 qram həşiş, 737,37
qram marixuana, 1 kq 850 qram heroin, 1,553 qram metadon, 0,405
qram metamfetamin, 46 qram fenobarbital aşkar olunub.
2015-ci il ərzində Azərbaycan Respublikası gömrük orqanları
tərəfindən aşkar olunan 8632 gömrük qaydaları əleyhinə inzibati
xəta faktları üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi
şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati
məsuliyyətə cəlb edilmiş, göstərilən şəxslərə qarşı 1 milyon 615
min 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 min 048 manat
olan mallar müsadirə edilib.
"Valyuta tənzimi haqqında" Qanuna və digər qanunvericilik
aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində
nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan
şəxslərdən 863412 ABŞ dolları, 59700 Avro, 4000 funt sterlinq,
10737400 rus rublu, 129907 manat dəyərində qızıl zinət əşyaları,
1312 manat dəyərində 767,290 qram gümüş aşkar olunub.
Bundan əlavə 553353 ədəd və 115764 qutu petarda və digər
pirotexnika məhsulları, 93 ədəd elektroşoker, 1 ədəd odlu silah,
63ədəd odlu silah patronu, 1827 ədəd ov silahlarının sursat və
ləvazimatları, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42551
ədəd pnevmatik silahin patronları, 257 ədəd soyuq silah, 63565 qram
patlayıcı maddələr, 897 ədəd televizor, 184309 manat dəyərində 4887
ədəd məişət texnikası, 1130 ədəd mobil telefon və 1702 ədəd mobil
telefonların aksesuarları, 9855 manat dəyərində olan dərman
vasitələri, 3173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42
kq-dan çox kürü, 1246 ədəd parfümeriya və kosmetika ləvazimatları
və külli miqdarda digər mallar tutulub.
Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu
içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı
zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının
pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər
görülüb, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə
gətirilməsinə cəhd göstərilən 2311095 ədəd xaricdə istehsal olunan
siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.