"Xristianlardan sonra indi
də müsəlmanlarla sizə təzyiq edəcəklər".
Bunu "Axar.az"a adının çəkilməsini istəməyən rus
politoloqlarından biri bölgədəki vəziyyəti şərh edərkən deyib.
O, hazırda bölgə uğrunda üzdə görünməyən böyük savaş getdiyini
bildirib:
"Ukrayna uğrunda savaş qızışıb. Qərbin Rusiyaya qarşı əks hücumu
da güclənib. Belə vəziyyətdə bu savaş Qafqazdan da uzaq qalmayacaq.
Hətta deyə bilərəm ki, Qafqaza artıq yaxınlaşıb".
Politoloq Rusiyanın Qafqazı əlidən verməməkdən ötrü ilk addım
atdığını söyləyib:
"2013-cü il dekabrın 17-də Azərbaycanın imzaladığı böyük
müqavilə bölgəni Rusiyadan bir addım da ayırdı. Bu, Azərbaycan
tərəfdən atılmış ciddi addımdır, buna diplomatik yollarla mane
olmaq cəhdi boşa çıxdığından, Rusiyanın başqa üsula əl atacağını
gözləməliydiniz. Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində
indiki vəziyyət gözləniləndir. Bir tərəfdən 17 dekabr müqaviləsi,
digər tərəfdən ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrini kənarda
qoyaraq, problemi çözmək üçün digər iki həmsədrin fəaliyyətini
gücləndirməsi və Qarabağ problemini çözməklə, Qərbin bölgədə
möhkəmlənmə istəyinə qarşı Rusiya dirəniş göstərməliydi. Unutmayın
ki, Rusiya Xarici İşlər naziri Qarabağ danışıqları ilə bağlı ötən
ilin sonunda verdiyi bəyanatda proseslərdən kənarda qoyulduğunu
dolayısı ilə ifadə etmişdi. Bu isə Rusiyanın narazı qaldığının və
tədbirlər görəcəyinin anonsu idi.
Rusiyanın Gürcüstandakı son hakimiyyət dəyişikliyindən sonra
bəslədiyi ümidlər də özünü tam doğrultmur. Ona görə də ABŞ-ın
Qafqazdakı dayaqlarını zəiflətmək üçün daha çılğınlıqla
çalışır".
Politoloqun sözlərinə görə, ən böyük təzyiqin Azərbaycana
ediləcəyini proqnozlaşdırmaq olar:
"Rusiya bütün vasitələrlə Gürcüstanı geri qaytarmağa çalışır.
Çünki Rusiyadan kənar neft-qaz kəmərləri məhz bu ölkədən tranzit
olunur. Amma ən böyük mübarizə bölgənin söz sahibi olan Azərbaycan
uğrundadır. Azərbaycan Qafqazın aparıcı ölkəsi və Qərbin əsas
iqtisadi tərəfdaşına çevrilməkdədir. Ölkənizi ciddi sınaqlar
gözləyir".
O, son günlər dini sektalardakı aktivliyə də diqqət çəkib:
"Azərbaycanda indiyə qədər dini sektalarla bağlı problem
olmayıb. Siz tolerant ölkəsiz, xalq olaraq dini dözümlülüyünüzü
şərtləndirən tarixi ənənələriniz var. Amma son günlər vəziyyəti
dəyişməyə cəhd edirlər. ABŞ da məhz bu sahədə qarşılıq verməyə
çalışır. Şimalda Doku Omarov Putinə qarşı cihada rusları da
çağırdı. Sonra iki terror təşkilatı Azərbaycana qarşı cihad elan
etdiyini bildirdi".
Politoloqun sözlərinə görə, bu vaxta qədər din pərdəsi altında
edilənlərin üstü tamamilə açılıb:
"Əvvəllər xristian-müsəlman savaşı görüntüsü yaradırdılar. Amma
indi vəziyyətə diqqət edin: müsəlman terror təşkilatları
müsəlmanları hədələyir, Livan erməni soyqırımına dəstək verir və s.
Yəni indi savaşın dövlət və iqtisadi maraqlar üstündə qurulduğu tam
ortadadır".
Politoloq bir vacib məqama da diqqət çəkib. Bu da Rusiyanın
gələcəyi ilə bağlı bədbin proqnozların getdikcə ciddiləşməsidir:
"Rusiyanın parçalanacağı ilə bağlı ehtimallar və bu ehtimalın
gerçəkləşməsinə dəstək verənlər bilməlidirlər ki, Moskva bütün
bunları nəzərə alaraq, tarana gedə bilər. Yəni onsuz da itirəcək
bir şeyi qalmayınca, son savaşda bütün qüvvəsini səfərbər edir. Ona
görə də bölgədə ciddi bir dönəm başladığının fərqində
olmalısınız".