Əbu Bəkr məscidinin imamı, Mədinə Beynəlxalq İslam
Universitetinin Hədisşünaslıq fakültəsinin məzunu Qamət Süleymanov
geniş məqalə ilə çıxış edib.
Axar.az-ın məlumatına görə, iri həcmli yazıda
sələfilərin lideri radikalizmin kökü, xəvariclərin haradan
təbliğata başlaması tarixinə toxunub.
Məqalənin üçüncü hissəsini
ixtisarla təqdim edirik (Əvvəli
burada):
Tezliklə, müasir xəvariclərin ideoloqları, Məhəmməd Qütb,
Məhəmməd Sürur, Abdullah Azzam və digərləri yeni nəsil səudiyyəli
təbliğatçı-sururilərin törəməsinə səbəb oldular.
Əsasən gənclərlə işləyən, şeirlər və qissələr danışan və
Əhli-sünnə vəl-Cəmaə əqidəsinin bəzən mürəkkəb təfsirlərindən daha
çox, maraqlı və emosional hekayələrə üstünlük verən bu
təbliğatçılar xalq arasında tezliklə böyük populyarlıq
qazandılar.
Əksər insanlar, o cümlədən krallığın bir çox alimləri sələfilik
örtüyü altında gizlənən, Səudiyyə Ərəbistanının nüfuzlu sələfi
alimlərinə zahirən hörmət göstərən bu müasir xəvariclərin həqiqi
niyyətlərindən xəbərsiz idilər.
Lakin heç də bütün sələfi alimləri yeni xəvaric ideologiyasının
meydana gəlməsindən xəbərsiz deyildilər. Bu səbəbdən Seyyid Qütbün
kitablarını yoxlamağa başladılar.
Onun kitablarının yoxlanılması ilə məşğul olan, kitablarda bütün
qüsurları və nöqsanları üzə çıxaran ilk şəxslərdən biri görkəmli
alim şeyx Rabia ibn Hadi əl-Mədxali olub.
Beləliklə, məhz ekstremist-xəvariclər ilk olaraq onları ifşa
edən və qüsurlarını göstərən sələfi alimlərə münasibətdə
"mədxalilik" terminini uydurublar. Səudiyyəli xəvariclərin iç üzünü
hər kəsə göstərən dönüş nöqtəsi 1990-91-ci illərdə Fars körfəzində
baş verən müharibə oldu.
1990-cı ildə İraq Küveytə qəfil hücum edərək ölkəni ələ keçirdi,
bir çox həmsərhəd ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı
Səddam Hüseynin növbəti qurbanı olacaqlarından təşvişə
düşdülər.
O məqamda İraq Yaxın Şərqin ən güclü ordularından birinə malik
idi və Səudiyyə Ərəbistanı anlayırdı ki, o, təkbaşına Səddam
Hüseynin təcavüzünü dəf edə bilməyəcək. Bu səbəbdən Səudiyyə
hökuməti ABŞ qoşunlarına müvəqqəti olaraq Səudiyyə Ərəbistanının
ərazisinə girməsinə icazə verməyə vadar oldu.
Bu məqamda sururilərin liderləri xəvaric baxışlarını nümayiş
etdirdilər və Səudiyyə hökumətini tənqid etməyə başladılar. Bundan
sonra müasir xəvariclərin tərəfdarlarından bəziləri tamamilə gizli
fəaliyyətə başladılar, digərləri isə Əl Qaidə ilə birləşdilər.
Biz şahidi olduq ki, dövrümüzdə islamın ən qədim təriqəti olan
xəvariclərin radikal ideologiyasını yenidən dirçəldən və təbliğ
edən məhz Müsəlman Qardaşlarıdır.
Həqiqi sələfiliyin ekstremizmlə heç bir əlaqəsi yoxdur.
İxvanların ekstremist ideologiyası bu gün dünyada əqidə
məsələlərində klassik sələfi baxışlarına malik olmayan bir çox
müsəlman hərəkatlara təsir göstərib. Nümunə olaraq, Əl Qaidə, İŞİD
qruplaşması və sufi ekstremist hərəkatı Talibanı göstərmək
olar.
Talibanlar övliyaların qəbirlərinə sitayiş edir, onlardan
xeyir-dua almaq üçün onların qəbirlərini ziyarət edirlər. Bu
ünsürlər sələfilərin fundamental doktrinalarına ziddir. Amma bu,
Talibana Əl Qaidə ilə ittifaqa girərək xəvaric ideologiyasına
riayət edərək "qlobal cihad" həyata keçirməyə mane olmur.
Bütün bunlar göstərir ki, müsəlmanlar arasında terrorçuluğun
yayılmasının əsas səbəbi sələfilik, məturidilik, hənəfilik və ya
sufilik yox, ixvanların xəvaric ideologiyasıdır.