Tovuzun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən 10 yaşlı Nərmin Quliyeva bütün Azərbaycan cəmiyyətində narahatlıq yaradıb. İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunda azyaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Hökmə görə İlkin Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Hazırda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirən İlkin Süleymanovun cinayət işi üzrə apellyasiya prosesi davam edir.
Axar.az xəbər verir ki, İlkin Süleymanovun qardaşı Adil Süleymanov Referans.az-a cinayət işində baş vermiş və hər kəsdən gizli bir çox məqamları danışıb.
Adil Süleymanov bildirib ki, həmin cinayətdə əsas müəmmalı məqamlardan biri təcrübə məqsədi ilə yandırılan qoyunun videosudur:
“Cinayət işində bildirilir ki, Nərmin Quliyeva yandığı zaman belinin torpaqda olan hissəsi yandığı üçün kömürləşmiş şəkildə olub, amma təcrübə məqsədi ilə yandırılan qoyunun torpaqda olan hissəsinin yanmadığı çəkilən videolarda açıq-aydın görünür. Bütün bunlar olduğu halda niyə hələ də ittiham aktında yandırılan qoyunun bel hissəsinin kömürləşdiyi bildirilir? Nərmin Quliyevanın yandırılması hadisəsi bizim evdən 30 metr irəlidə baş verib. İlkin hadisəni gördükdən sonra videoya çəkməyə başlayıb. Həmin videoda İlkin danışır və deyir ki, cəsədə yaxın durmayın, ayaq izləri pozulmasın”.
Adil Süleymanovun sözlərinə görə, Nərminin itkin düşdüyü gün anası uşağın müəlliməsinə zəng vurub onun xəstə olduğunu deyib və dərsdən tez buraxmasını xahiş edib. Nərmin dərsdən çıxdıqdan sonra isə atası Nərmini qardaşı Lətifgilə göndərib ki, gedib oradan onun gödəkçəsini gətirsin:
“Əgər Nərmin xəstə idisə, xəstə uşağı niyə əmisigilə göndərirdi? Ən əsası isə budur ki, atası həmin gün axşam elə həmin qardaşıgilə ciyəraxşamına gedəcəkdi. Nərmini göndərdikdən bir qədər sonra atası narahat olur və Nərminin böyük bacısını onun arxasınca göndərir. Nərminin bacısı yolda gedərkən tanımadığı bir maşın onun yanında dayanıb və onun avtomobilə minməyini istəyiblər, lakin Nərminin bacısı gedib, Nərminin əmisigildə olmadığını görüb və bunu atasına deyib. Amma atası rahat şəkildə deyib ki, yəqin, nənəsigildədir. Bir atanın bu qədər rahat olmağı normaldır?
Bundan əlavə DNT analizlərində belə saxtakarlıq var. Çünki Nərmin Quliyevanın qan qrupu dördüncü qrupdur. Amma tapılan meyitin qan qrupu yanvar ayının 24-də çıxan sənədə əsasən 2-ci qrup olub. Bu ən dəhşətli faktlardan biridir”.
Adil Süleymanov əlavə edib ki, məhkəmə prosesi başa çatdıqdan sonra hakim 20 gün müddətində apellyasiya müraciəti qəbul olunacağını elan edib:
“Biz müraciət etdik, amma Nərminin atası Şərif Quliyev 2 ay 5 gün keçəndən sonra müraciət etdi və onun müraciəti qeydə alındı. Hansı səbəbə görə bu qədər zaman keçdikdən sonra onun şikayətini qeydə aldılar? Şərif Quliyev bu zamana qədər şikayətçi olmamışdı, lakin biz apellyasiya şikayəti verəndən sonra onlar bizim kəndə yaydılar ki, əgər onlar şikayət edibsə, biz də Aapellyasiya şikayət edəcəyik və İlkinə ömürlük həbs verəcəklər.
Artıq Apellyasiya əhkəmisinə də ümidimiz qalmayıb. Ümid edirik ki, bir gün ədalət öz yerini tapacaq”.