Bakı sakini 50 yaşlı Xatirə Quliyeva köməksiz vəziyyətdə
qalıb. Ailəsini itirən Xatirə xanım sığındığı yataqxana küncündən
də məhrum edilib.
Düşdüyü açınacaqlı vəziyyəti "Axar.az"a danışan X.Quliyeva
2003-cü ildə ailə qurduğunu bildirib. 2004-cü ildə bu nikahdan
Orxan adlı övladı dünyaya gəlib. 3 yaşından sonra uşağı tək
böyütdüyünü deyən X.Quliyeva dəfələrlə sığınacaq üçün yerli icra
orqanlarına müraciət etdiyini vurğulayıb:
Qapısı bağlı sığınacaq
"Nizami rayonu Bəhruz Nuriyev küçəsi 81a ünvanındakı 10 saylı
yataqxanada qeydiyyatda olsam da, orada yaşamaq mənə nəsib olmadı.
2007-ci ildə mənə sığınacaq üçün bir yer verilməsi xahişi ilə
Nizami rayon İcra Hakimiyyətinə müraciət etdim. Onların köməyi ilə
həmin yataqxanada mənə iki balaca otaq ayırdılar. Mən də çox
sevindim və oğlumla birgə burda qalmağa qərar verdim. Bir neçə
gündən sonra oraya yerləşmək üçün əşyalarımı da götürüb gəldim.
Amma mənə ayrılan otağa girə bilmədim. Baxdım ki, qapısını
dəyişiblər və oraya başqa ailə yerləşdirilib. Araşdıranda məlum
oldu ki, həmin otaqlar bu ailəyə satılıb".
Dövlət himayəsi
Həmin vaxtdan kirayələrdə çətinliklə günlərini keçirən
X.Quliyeva oğlunu böyütmək üçün xadimə, qabyuyan kimi müxtəlif
yerlərdə işləyib. Çox çətinliklə balasını saxlasa da, onu məktəbə
göndərə bilməyib.
"Orxan artıq 10 yaşının içində idi. Mən ona təhsil verə
bilmədiyimdən müvəqqəti olaraq dövlətin nəzarətinə vermək qararına
gəldim. Bunun üçün yenidən Nizami rayon İcra Hakimiyyətinə müraciət
etdim. Qəyyumluq şöbəsinin və Təhsil Nazirliyinin nümayəndələrinin
iştirakı ilə keçirilən iclasda Orxan Quliyevin müvəqqəti olaraq
internat məktəbə yerləşdirilməsi barədə protokol tərtib edildi və
dövlətin nəzarətinə götürüldü".
Ev sahibindən qansız yasaq və İH-dən "yox"
cavabı
Qeyd edək ki, O.Quliyev 2013-cü il 16 sentyabrda Maştağa
qəsəbəsindəki 1 saylı internat məktəbdə təhsil almağa başlayıb.
Vaxtaşırı oğluna baş çəkən X.Quliyeva həftəsonu belə, onu kirayə
qaldığı evə gətirə bilmir. Çünki ev sahibi buna icazə vermir.
Oğlunun ayrılığına dözə bilməyən ana isə onu internata verməyə
peşman olduğunu deyib. X.Quliyeva internatdakı şəraitdən, uşağına
göstərilən qayğıdan razı olsa da, övladını yanında saxlamaq, onunla
hər gün ünsiyyətdə olmaq istəyir. Yenidən Orxanı geri almaq istəsə
də, İcra Hakimiyyətindən ona mənfi cavab verildiyini deyib. Səbəb
kimi isə yaşayış yerinin, kifayət qədər qazancının olmaması
göstərilib:
"Oğlumu geri almaq üçün Nizami Rayon İcar Hakimiyyətinin
Qəyyumluq şöbəsinə müraciət etdim. Mənə dedilər ki, onu gətirib
harada saxlayacaqsan. Mən israr etdikdə isə bu məsələnin həll
olunması üçün məhkəməyə müraciət etməyimi istədilər. İndi çarəsiz
vəziyyətdəyəm, oğlumdan ayrı qalmağa dözə bilmirəm. Səlahiyyətli
şəxslərdən kömək istəyirəm".
Məhkəmə qərarı lazım deyil
Məsələyə aydınllıq gətirmək üçün Nizami rayon İcra Hakimiyyətinə
müraciət etdik. Qurumun Yetkinlik Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Tural Həsənov
ona bu barədə heç bir rəsmi müraciət olmadığını bildirib. Onun
sözlərinə görə, uşağın yenidən valideyninə qaytarılması üçün heç
bir məhkəmə qərarı lazım deyil:
"Uşağı geri götürmək istəyirsə, sağlamlıq haqqında arayış və
notariusda təsdiq olunmuş ərizə ilə bizə müraciət etməlidir.
Həmçinin, geri götürməyinin səbəblərini açıqlamalıdır. Həmin
məlumatlar qanuna uyğun olarsa, uşağı götürə bilər. Eyni zamanda
ananın yaşayış yerinin olması da vacibdir".
Yaşayış yeri ilə təmin olunmasına gəlincə, T.Həsənov bu işin
icra başçısının səlahiyyətində olduğunu bildirib.
Məsələni araşdıracağıq.