Bakıda yanvarın 22-də sabiq prokurorun evinə basqın
edənlər hələ də tapılmayıb.
Axar.az-a verilən məlumata görə, 74 yaşlı Vaqif Musayevin
mənzilini yaran kriminal trionun axtarışı istiqamətində əməliyyat
tədbirləri davam etdirilir.
Hadisə Balaxanıda Hacı Soltan küçəsində yerləşən evdə qeydə
alınıb.
Maskalı şəxslər keçmiş prokurorun və xanımı 68 yaşlı Nəcibə
Musayevanın əl-qolunu, ağzını yapışqan lentlə bağlayıblar. Sonra
mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət
əşyalarını da götürərək qaçıblar. Qonşular ahıl ər-arvadın imdadına
yetişib.
Zərərçəkənin qohumu Nüsrət Musayev ANS-ə bildirib ki,
V.Musayevin vəfat edən qardaşının qiymətli metaldan olan büstü ötən
il oğurlanmışdı. Bir müddət əvvəl isə oğlunun mağazası qarət
olunmuşdu.
V.Musayev Bakının Nəsimi rayonunun prokuror müavini, sonra
Sabunçu rayonunun prokuroru vəzifələrində çalışıb. Məlumata görə,
həmin cinayətkar dəstə ötən il martın 6-da Balaxanıda başqa bir evə
də basqın edib.
Qəsəbənin Cahangir Cahangirov küçəsi döngə 4, ev 5 ünvanına
soxulan şəxslər 58 yaşlı Naruzə Məmmədovadan pul və qızıl-zinət
əşyalarını tələb ediblər. Dul və
bir övladı ilə həmin ünvanda yaşayan qadın onlara müqavimət
göstərmə çalışıb. Amma evə tək olan qadın içəri soxulan şəxslər
tərəfindən döyülüb.
Zərərçəkənin qardaşı Vüqar Məmmədovun dediyinə görə, qadının
boğazına bıçaq dirəyərək ondan pul istəyiblər. Qadın isə cəmi 2500
manat pulu olduğunu deyib. Oğrular qadının sələmə pul verdiyini
deyərək, daha çox tələb ediblər.
Səs-küyü eşidən qonşuluqdakı qohumlar evə gəlib. Qadının mobil
telefonunu əlindən alan basqınçılar evdəki telefon aparatının
kabelini kəsiblər.
Amma həyətdə adamların çox olduğunu görən oğrular əldə etdikləri
qənimətlə evdən qaçmaq istəyiblər. Qapıdan çıxarkən zərərçəkənin
qohumları onlardan birinə zərbə endirib. Amma bu da onları
zərərsizləşdirməyə kömək etməyib.
Zərərçəkənin qohumu Baxış Məmmədov onlardan birini yerə yıxaraq
tutduğunu deyib. Amma həmin şəxs ona bıçaqla zərbə endirib və
qaçıb. Zərərçəkənin qohumu oğrunu tanımadığını bildirib.