Bu il yanvarın 8-də "Bakı Taxıl Terminalı" MMC-də baş
texnoloq işləmiş Qalib Bağırovun Bakının Hövsan qəsəbəsindəki bağ
evində qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Q.Bağırovun atası Afil Bağırov Trend-ə açıqlamasında hadisənin qarət,
tamahkarlıq məqsədilə törədildiyini bildirib. O deyib ki,
Q.Bağırovu qətlə yetirənlərdən biri iki dəfə məhkumluq həyatı
yaşayıb. Qətlə səbəblərdən biri də qatillərdən birinin borcunun
olmasıdır: "Qatillərdən biri kreditlə avtomobil alıb və onu ödəyə
bilməyib. Həmin şəxs Qalibin evində təmizlik işlərinə baxan Mahnurə
Hüseynova ilə tanış olub və ondan kömək istəyib. Bildiriblər ki,
Qalibin evindəki pulları oğurlayıb böləcək və qadına da bu puldan
verəcəklər".
A.Bağırovun sözlərinə görə, M.Hüseynova Q.Bağırovun evində
təmizlik işlərinə baxdığını və mərhumun imkanlı olduğunu deyib və
onun qətlə yetirilməsi planını hazırlayıblar.
Yanvarın 8-də gecə saat 4-də evin yaxınlığına gələn Ehtiram
Həsənov və Mübariz Əliyev Q.Bağırovun həyətinə daxil olub və evin
qapısının açılmasını gözləyiblər. Səhər saat 6 radələrində isə
xidmətçi M.Hüseynova evi təmizləmək bəhanəsi ilə Q.Bağırovun evinə
gəlib və evin qapısını açıq qoyaraq qatillərin evə daxil olmasına
şərait yaradıb. Səhər saatlarında evə daxil olan qatillər
Q.Bağırovu tutaraq ondan pul tələb ediblər. Q.Bağırov isə evdə pul
saxlamadığını bildirib. Q.Bağırova inanmayan qatillər ona işgəncə
verməklə evdə axtarış ediblər. Amma axtarışlar nəticəsiz qalıb və
evdən pul tapılmayıb.
Əvvəlcə Q.Bağırovu öldürmək istəməyən E.Həsənov və M.Əliyev baş
texnoloqu sağ buraxaraq hadisə yerindən qaçmaq istəyiblər. Lakin
sonradan Q.Bağırov sağ qalarsa onları tutduracağından
ehtiyatlanaraq Q.Bağırovu bıçaqlayıblar. Q.Bağırova 8 bıçaq zərbəsi
vuran qatillər sonradan onun öldüyünə tam əmin olmaq üçün iplə
boğublar. Daha sonra E.Həsənov Q.Bağırovun təzə paltarlarını
geyinib, mərhumun mobil telefonunu, qiymətli əşyalarını da
götürərək həyətə düşüb. E.Hüseynov və M.Əliyev evdə pul
tapmadığından Q.Bağırovun həyətdəki avtomobilini axtarmaq qərarına
gəliblər. Lakin avtomobili aça bilmədikləri üçün onlar maşının
şüşələrini və digər hissələrini qırıb hadisə yerindən qaçıblar.
Məlumata görə, E.Hüseynov və M.Əliyev hadisə zamanı evdən 300
manat, noutbuk və planşet aparsa da, pul və həmin əşyalardan
M.Hüseynovaya verməyiblər.
Aparılan istintaq tədbirləri nəticəsində ilk olaraq M.Hüseynova
saxlanıldıqdan sonra hadisəni törədən digər şəxslər
müəyyənləşdirilib. Təqsirləndirilən şəxslərdən M.Əliyev Bakının
"Montin" adlanan ərazisində, E.Hüseynov isə ölkəni tərk etmək
istəyərkən Azərbaycanın sərhəd rayonlarından birində saxlanılaraq
istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində
qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu
Bağırov yaşadığı bağ evində xüsusi amansızlıqla qətlə yetirilib.
"Bakı Taxıl Terminalı" MMC-də baş texnoloq işləmiş Q.Bağırov 8
bıçaq zərbəsi vurulandan sonra boğmaq yolu ilə qətlə yetirilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar
qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin
sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə
cinayət işi başlanıb.