Cəbhə xəttinin Tərtər rayonu
istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını
alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun giziri Orxan
Kazım oğlu Hümbətov və əsgər Vüqar Natiq oğlu Süleymanovun
cənazələri Şəki rayonuna gətirilib.
Report-un
məlumatına görə, 24 yaşlı şəhid, gizir O.Hümbətov Kiş kəndində
torpağa tapşırılıb. 23 yaşlı şəhid, əsgər V.Süleymanov rayonun
Böyük Dəhnə kəndində dəfn olunub.
Hər iki şəhidin dəfn mərasimdə Müdafiə Nazirliyinin (MN),
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
(SHXÇDX) nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının
rəsmiləri, kənd sakinləri ilə yanaşı, şəhidlərin xidmət etdiyi
hərbi hissənin əsgər və zabit heyəti və rayon ictimaiyyəti iştirak
edib.
Şəhidlərin dəfnindən sonra xatirələrinə yaylım atəşi açılıb.
***
Azərbaycan ordusunun şəhid olan əsgəri Ağdaş rayonunda dəfn
olunub. Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan
zaman şəhid olan 19 yaşlı əsgər Ömər Cəbrayılovun cənazəsi rayonun
Şəkili kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid Ömər Cəbrayılov bu il yanvarın 4-də Ağdaş
rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Füzuli rayonu
istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində
döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
***
Ermənilərin Azərbaycan ərazilərinə təcavüzünün qarşısını alan
zaman şəhid olan Silahlı Qüvvələrin əsgəri, 20 yaşlı Teymur Qasımov
dəfn olunub. Şəhidin cənazəsi Göyçay rayonunun Çaxırlı kəndində
torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri,
Göyçay Rayon İcra Hakimiyyətinin (RİH), rayon hüquq-mühafizə
orqanlarının rəsmiləri, kənd sakinləri ilə yanaşı, şəhidin xidmət
etdiyi hərbi hissənin əsgər və zabit heyəti və rayon ictimaiyyəti
iştirak edib.
Qeyd edək ki, şəhid Teymur Qasımov 2014-cü ilin oktyabrında
Göyçay rayonundan həqiqi hərbi xidmətə yola salınıb. O, cəbhənin
Füzuli rayonu istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının
təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
***
Cəbhə xəttinin Tərtər rayonu istiqamətində erməni hərbi
birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak
olan Azərbaycan ordusunun zabiti, baş leytenant Rəşid Rövşən oğlu
Mehdiyevin cənazəsi Salyan rayonunun Xələc kəndinə gətirilib.
Şəhid Xələc kəndində torpağa tapşırılıb. Mərasimdə Salyan
rayonunun rəsmiləri, xidmət etdiyi hərbi hissənin əsgər və zabit
heyəti və rayon ictimaiyyəti iştirak ediblər. Şəhidin dəfnindən
sonra xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin
atasına verilib.