10:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 19-da Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin
"Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının açılışında iştirak
edib.
"Avtovağzal" stansiyanın ətrafında geniş abadlıq-quruculuq
işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bakı Beynəlxalq
Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı
Prezident İlham Əliyev 2008-ci ildə metronun "Nəsimi" stansiyasının
açılışı zamanı vermişib.
Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov dövlətimizin
başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi
barədə məlumat verdi. Konseptual inkişaf sxemi Bakı
Metropoliteninin mövcud infrastrukturunun 2030-cu ilədək
mərhələlərlə genişləndirilməsini və nəhəng yeraltı nəqliyyat
şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da Bakı
Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5
xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı
yollardan ibarət ümumi şəbəkəsinin yaradılması deməkdir. 2030-cu
ilədək 53 yeni stansiya inşa ediləcək.
Dövlətimizin başçısı "Avtovağzal" stansiyasının rəmzi açılışını
bildirən lenti kəsdi və burada yaradılan şəraitlə yaxından tanış
olub.
Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan stansiyanın
layihə işləri "Bakımetrolayihə" İnstitutu tərəfindən yerinə
yetirilib. Layihəyə əsasən, "Avtovağzal" stansiyası platformadan, 2
vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin
üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya
kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə
yaradılan həm "Avtovağzal", həm də "Memar Əcəmi" stansiyalarının
platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki
stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan
yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator,
çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud
insanların istifadəsi üçün burada lift quraşdırılıb.
Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək
üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb.
Digər beş çıxış isə "Avtovağzal" stansiyası kompleksinin ərazisində
yerləşir.
Sonra Prezident İlham Əliyev qatarla "Avtovağzal" stansiyasından
"Memar Əcəmi" stansiyasına gəlib.
"Avtovağzal" – "Memar Əcəmi" mənzil tunellərinin və "Memar
Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri
tərəfində həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq
işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin
sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin
tikintisi ilə yanası, tunellərarası 8 təxliyə keçidi və 2
havalandırma şaxtası inşa edilib.
Dövlətimizin başçısına məlumat verildi ki, burada təmir-tikinti
işləri yüksək keyfiyyətlə yerinə yetirilib, stansiya ən müasir
tələblərə cavab verir. "Memar Əcəmi" stansiya kompleksinin ümumi
uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12
min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator
quraşdırılıb. Burada, həmçinin fiziki imkanları məhdud insanlar
üçün də liftlər var. Hər iki stansiyanın inşası zamanı əsasən yerli
xammaldan istifadə olunub. Şəhər əhalisi üçün mühüm əhəmiyyət
daşıyan metropolitenin genişləndirilməsi, yeni stansiyaların
açılması, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində işlər son illər ardıcıl olaraq həyata keçirilir ki,
bu da metro nəqliyyatında keyfiyyətin yüksəldilməsi ilə
nəticələnib.