Ana səhifə Toplum |
Noyabrın 8-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Axar.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin, qazilər, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, ziyalılar və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, institutun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Qələbə qazanıb. Vurgulanıb ki, bu günlərdə bütün şəhidlərimizin qisasının alındığı o şərəfli və qürurlu günləri yaşayırıq. Artıq üç rəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi, igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. Həmçinin, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilədi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib.
Sonra isə Respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə bədii-musiqili proqram təqdim edildi. İncəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar izləyicilərə təqdim olundu.
Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış film nümayiş etdirildi.
Sonda atəşfəşanlıq təşkil olundu.
Konsert proqramından sonra şəhid ailələri və qazilər üçün ziyafət təşkil olunub.
Tarix
2024.11.09 / 15:02
|
Müəllif
Axar.az
|