Ana səhifə Toplum |
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Səlcuq Bayraqdaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov türkiyəli qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyənin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanan Şuşa Bəyannaməsinin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Nazir regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın rolunu xüsusi vurğulayıb.
Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən ordu generalı S.Bayraktaroğlu mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin ölkələrimiz arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin təzahürü olduğunu qeyd edib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının iki ordu arasında uyarlılığın təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə, hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması və təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Birgə hərbi əməkdaşlığın cari vəziyyəti və digər məsələlər müzakirə edilib.
Daha sonra Azərbaycan Respublikasının müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ərsay ilə görüş keçirilib. Görüşdə Azərbaycan Ordusunun Türkiyə Respublikası Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tarix
2024.12.23 / 15:39
|
Müəllif
Axar.az
|