Ana səhifə Toplum |
Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan ölkə vətəndaşlarının vəziyyəti ilə tanış olmaq üçün Qırğızıstan sabah mütəxəssislərini Qazaxıstana göndərəcək.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeyev “AKIpress”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Qırğızıstanın üç vətəndaşı xəstəxanadadır, onlardan biri reanimasiyadadır.
“İki nəfərin vəziyyəti yaxşılaşıb, onlardan birinin onurğa sütunu ağır zədələnib. Prezident Sadır Nurqojoyeviç vətəndaşlarımıza qısa zamanda köməklik göstərilməsi və onların təxliyəsi prosesində Fövqəladə Hallar Nazirliyinin maksimum iştirakının təmin edilməsi ilə bağlı birbaşa göstərişlər verib. Biz əmək, sosial təminat və miqrasiya naziri Ravşanbek Azatoviç və Qazaxıstandakı səfirimiz, bizə vəziyyət barədə daim məlumat verən Dastan Stanbekoviçin fəal iştirakı ilə birgə işləyirik”, - Qırğızıstan FHN rəhbəri deyib.
O qeyd edib ki, dekabrın 28-də FHN-in hərbi həkimi, şöbə müdiri və Əmək Nazirliyinin əməkdaşı Qazaxıstana yollanacaq.
“Elə sabah zərərçəkənlərin yaxınları da oraya gedəcəklər. Bu gün həkimlərin konsultasiyası olub və onlar qərara gəliblər ki, xəstələrin indi nəql edilməsi məqsədəuyğun deyil. Bu, onların sağlamlığına xeyirdən çox ziyan vura bilər. Çox güman ki, sabah bizim nümayəndələrlə yaralıların qohumları durumu yaralıların özləri ilə müzakirə edəcək. Düşünürük ki, onlar daha uzun müddət, vəziyyətləri sabiqləşənə qədər qalacaqlar”, - Ajikeyev vurğulayıb.
O əlavə edib ki, Qazaxıstan tərəfi müalicə müddətini uzatmağa və yaralıların vəziyyəti sabitləşdikdən sonra onları bizə təhvil verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Tarix
2024.12.27 / 20:15
|
Müəllif
Axar.az
|