Elektron ərizə qəbulu həyata keçirən Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə sadə seçim prosesini təqdim etdiyini iddia edir. Amma nəticə? 16-17 yaşlı gənclər bölmə və xarici dil seçərkən səhv etdikdə, düzəliş etmək istəyirlər, amma sistem işləmədiyi üçün bunu edə bilmirlər. Ərizəni ləğv edib yenidən müraciət etmək istəyən abituriyentlər "sms" gözləyir, amma sistem mesaj göndərmir. Saatlardır gərginlik keçirən onlarla gənc ağlayaraq kömək istəyir.
Axar.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov qeyd edib.
Onun sözlərinə görə, DİM istifadə etməzdən öncə sistemi test etməli idi:
“Sistemi istifadəyə verməzdən əvvəl test etmək lazım deyilmi? Əsas məqsəd 45-50 manat rüsum toplamaqdır, yoxsa keyfiyyətli xidmət göstərmək? Bu yaşda gənclərin psixoloji gərginliyini heç düşünən varmı? Təhsil sistemində illərdir davam edən bu laqeydlik nə vaxta qədər davam edəcək?
Abituriyentlərin haqlı narahatlığı qulaqardına vurulmamalıdır. DİM keyfiyyətsiz sistemləri ilə insanların gələcəyini riskə atmaq əvəzinə, öz işinə ciddi yanaşmalıdır!”