Bakıda tıxacları yaradan çoxsaylı səsbəblərdən biri də məktəb və universitetlərin işinin doğru qurulmamasıdır.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, 2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 4 422 ümumi təhsil müəssisəsi (orta məktəb) var, bu məktəblərdə 1 milyon 704 min 217 şagird təhsil alır:
“Məktəblərin cəmi 8,8%-i və ya 389-u Bakıda fəaliyyət göstərsə də, paytaxtda oxuyan şagirdlərin sayı 542 min 919 olub və ümumi şagirdlərin 31,8%-ni təşkil edib. Yəni, məktəblərin cəmi 8,8%-i Bakıda olsa da, ölkə üzrə oxuyan uşaqların 32%-ə yaxını Bakıda təhsil alır. Bakı məktəblərində təhsil verən müəllim sayı 30 mindən çoxdur.
Beləliklə, hər gün səhər saat 07:15-08:00 arası orta hesabla 400 minə yaxın şagird (birinci növbədə oxuyanlar), 30 min müəllim (rəqəmlər təqribidir, amma reallığa yaxındır) 389 dövlət, 28 özəl məktəbə tələsirlər.
Bu insanların hətta yarısı belə avtomobillə məktəblərə gəlsə, bu o deməkdir ki, səhər saat 07:15-08:00 arası 200-250 min avtomobil yollara çıxır, uşaqları məktəbə aparır. 400 minə yaxın şagird və müəllimin 100 mini saat 08:00-də, 150 mini 09:00-da, 150 mini isə 10:00-da dərsə gəlsə, valideynlər üçün də iş yerlərində 8 saatlıq iş rejimi saxlamaqla əsnək iş rejimi tədbiq olunsa, pismi olar?! İş saatları 08:00, 09:00, 10:00 başlaya bilər, 8 saatlıq iş rejimi qalmaqla ona nail olacağıq ki, axşam saatlarında da hamı birdən işdən dönməyəcək, çalışan insanlar 17:00-19:00 arası işdən çıxacaqlar ki, bu da axşam tıxaclarının, ictimai nəqliyyatın yükünün azalmasına səbəb olacaq.
Bu yanaşma universitetlərdə də tətbiq oluna bilər – 2024-cü ilin məlumatına görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfər olub. Bunların böyük əksəriyyəti Bakı şəhərində təhsil alır.
Yəni, əlavə vəsait, xərc tələb etməyən həll yolları tapmaq olar ki, şəhər bir az nəfəs alsın. İctimai nəqliyyatın idarəetməsini təkmilləşdirməklə, tədris və iş saatlarını tənzimləməklə problemi bir xeyli azaltmaq mümkündür”.