15:36
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
1. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 170 (Cild I) 4-cü hissəsi ləğv edilsin.
2. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169 (Cild I); 2024, № 12 (II kitab), maddə 1359) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci bənddə “və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirirlər” sözləri “həyata keçirir” sözləri ilə əvəz edilsin;
2.2. 2.4-cü bənddən “həmin maddədə nəzərdə tutulmuş “Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;” sözləri çıxarılsın;
2.3. 2.5-ci bənddən “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti,” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə uyğun olaraq, daşınmaz abidələrin pasportlaşdırılması qaydalarını və pasportun nümunəvi formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “maddəsində” sözü “maddəsinin birinci və ikinci hissələrində” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
3.3. 2.9-cu bənddə “maddəsində” sözü “maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilsin.