Bakıda metronun "28 May" stansiyasının yaxınlığında bir neçə ay əvvəl istifadəyə verilmiş parkın daş döşəməsi sıradan çıxıb. Vaxtilə səliqə ilə döşənmiş plitələrin yerində indi az qala hər addımda bir deşik var.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda əraziyə tikinti materialları tökülüb, sökülmüş yerlərin yaxınlığına xəbərdarlıq nişanları qoyularaq, təmir-bərpa işləri aparılır.
Diqqətçəkən məqam odur ki, bu ərazinin rəsmi açılışı ötən il noyabr ayının 1-də baş tutmuşdu.
Cəmi bir neçə ay sonra yol örtüyünün sıradan çıxmasının səbəbini öyrənməyə çalışdıq.
Sözügedən ərazidə təmir işləri aparan podratçı şirkətdən bildirilib ki, ərazi təbii daşlarla döşənib.
"Bərkidilmə müddətinə riayət edilmədiyindən bəzi yerlərdə daşların təkrar bərkidilməsinə və digər zəruri korreksiya işlərinə ehtiyac yaranıb. Bunu nəzərə alaraq, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib və nöqsanlar dərhal aradan qaldırılır", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən il aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 3.5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən iki fəvvarə, iki dayanacaq inşa edilib, elektrik avtobusları üçün dörd enerjidoldurma məntəqəsi quraşdırılıb.