Bu gün böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat
tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli
nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin (Əli Hüseyn
Turan) anım günüdür.
XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna
xidmətləri olan və uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi,
tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərən Əli bəy bu
sahələrin hər birində özünəməxsus iz qoyub.
Poliqlot Hüseynzadə
Əli bəy Hüseynzadə1864-cü il 24 fevralda Salyanda anadan olub.
Atasını erkən itirən Ə.Hüseynzadə kiçik yaşlarında ikən ailəsi ilə
birlikdə Tiflisə köçüb və o zaman Qafqaz şeyxülislamı olan babası
Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını
bitirən (1875-1885) Əli bəy Hüseynzadə, poliqlot olub – hələ
uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus
dillərini öyrənib.
1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə
daxil olaraq həm də şərq fakültəsində görkəmli professorların
mühazirələrini dinləyib. Burada dövrün məşhur elm xadimləri –
Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan
Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi
proseslərlə də yaxından tanış olub və həmin dövrdə "xalqçılar"
hərəkatına böyük rəğbət bəsləyib. Bu səbəbdən bir sıra inqilabçı
tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində
qalıb.
"İttihad və tərəqqi"
Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə
əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gedərək orada
darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq
ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə o, Qırmızı
Aypara Cəmiyyəti heyyətinin tərkibində İtaliyaya gedib və üç ildən
sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda
əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin
edilib. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğuna
və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri
olduğuna görə təqib olunub.
Ə.Hüseynzadə bütün ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk
mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə
öz parlaq istedadının bütün gücü ilə çarpışıb.
"Gənc türkçülük nədir?"
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə
"Kaspi" qəzeti ilə əməkdaşlığa başlayıb və publisistik yazılarını
dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk
tənzimat hərəkatının mahiyyətini açıqlayıb. Ə.Hüseynzadə o zaman
islahatçı-reformist ideya adamı kimi tanınırdı. Az sonra o,
dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy
Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi
ilə "Həyat" qəzetinin nəşrinə başlayıblar. Bu qəzet Ə.Hüseynzadəni
Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla
qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdıb. Onun
səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni
ab-hava gətirən Əli bəy ümumxalq dünyagörüşünün məntiqi əsaslarını
yeni prinsiplərlə zənginləşdirməyə çalışıb.
Füyuzatçılıq…
XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və
tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli
mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai
fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur.
"Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada
diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr
etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat"
jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz
imzalarını həkk ediblər.
"Türkləşmək, islamlaşmaq, müasirləşmək" fikrinin ideya
müəllifi
"Füyuzat"da Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı:
"Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa
(müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları
tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni
füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə",
"Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan",
"Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək,
islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formula
edilərək təbliğ olundu.
Bayrağımızın rənglərinin ideya müəllifi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç
rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının
ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və
füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
Ə. Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq
Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin
müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə
şəxsi kolleksiyalarda saxlanılır.
Ailəsi
Əli bəy Hüseynzadə 1911-ci ildə İstanbulda əslən çərkəz olan
süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin
üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat
səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü
saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya
gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş
Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə
Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub.
Rəssam Səlim Turan Parisdə yaşayıb. Abstaksionizmin dünyada tanınan
təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişib. "Feyzavər
Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər
Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan
Feyza Sənət Qaleriyasını açıb. Fransada ali təhsil almış Saida
riyaziyyat müəllimi olub. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay
qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik
müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil
davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli
bəyin nəsli bu üç övladla tamamlanmış olur.