Gəncə Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Yetim Sabir" kimi tanınan Sabir Əsgərovun qardaşı Pərvin Əsgərova hökm oxunub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, o, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.Əsgərov 7 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Yetim Sabir Rusiyada bizneslə məşğul olan sahibkardan cəzaçəkmə müəssisəsindəki dustaqlar üçün pul tələb edib. Sahibkar bu təklifdən imtina edib. Yetim Sabir isə onu ölümlə hədələyib və xaricdə təhsil alan oğlunun həyatına təhlükə yaradacağını bildirib.
Bundan sonra, Yetim Sabirin qardaşı ov tüfəngi ilə sahibkarın Şəmkir rayonu ərazisindəki evinin qarşısına gələrək onun darvazasına atəş açıb. Daha sonra Yetim Sabir sahibkara zəng vuraraq, "birinci güllə darvazana dəydi, ikinci isə…" deyib.
Sahibkarın şikayətindən sonra Pərvin Əsgərov şübhəli şəxs qismində tutulub.