Kriminal aləmlə tanışlığım Cəmşid Əmirovun "Qara
Volqa"sı ilə başlanıb. Sonra "Brilliyant məsələsi" və "Sahil
əməliyyatı" həmin dünyada daha nələr baş verdiyini aydın göstərib.
Onda yeniyetmə idim. Oxuduqlarımı yazıçının fantaziyası, müəllifin
təxəyyülü hesab edirdim. Həyatda belə hadisələrin ola biləcəyi,
Pəncəli Aslan, Tapança Yədulla, Paxan, qumarbaz Nerses, Klara kimi
obrazların kimlərinsə prototipi olduğu ağlıma da
gəlmirdi.
İllər öncə Bakıdakı cəzaçəkmə müəssisələrindən birinə getmişdim
- yazı hazırlamaq üçün. Həbsxana rəisi həyətdə divara söykənmiş bir
nəfəri göstərib dedi ki, o adam "Qara Volqa"nın sürücüsü olub.
Doğrusu, çox təəccübləndim, təəccübləndiyim qədər də elə bildim ki,
rəis zarafat edir. Arif Əliyevə yaxınlaşıb ona bir neçə sual
verəndən sonra əmin oldum ki, zarafat-filan deyil, bu elə o
sürücüdür ki, qarşımda dayanıb. Arif Əliyev 20 yaşından həmin
bandanın üzvü olub, 61 yaşı vardı, hələ də həbsxana həyatı
yaşayırdı. Cəmşid Əmirovun yazdıqlarını təsdiqləyərək dedi ki, o
hələ az yazıb. Dəstəmiz elə dəhşətli işlərlə məşğul olurdu ki, bu
barədə çoxları heç nə bilmir. "Kriminal qruplaşma", "avtoritet",
"vor v zakone" kimi ifadələr işlədən Arif Əliyevlə olan söhbətim o
zaman işlədiyim qəzetdə çap olundu. Mən ilk dəfə canlı olaraq
kriminal dünyanın sakini ilə tanış olub söhbət etmişdim.
90-cı illərin əvvəlində bu aləmin başçıları haqqında çeşid-çeşid
kitablar yazdılar. Sovet təbliğatının, Kommunist Partiyasının
qadağan etdiyi mövzu gündəmə gəldi. İnsanlar həmin kitabları
oxumağa başladılar, fikir söylədilər, onları qəhrəman səviyyəsinə
qaldırdılar.
Bir neçə il əvvəl evimin yaxınlığında fəaliyyət göstərən şadlıq
evlərinin birində baş verən atışmadan vahiməyə düşdüm. Gecənin bir
aləmində güllə səsinə oyanan insanlar orada kriminal adamların -
avtoritetlərin atışdığının şahidi oldular. Sözün həqiqi mənasında
kinolarda gördüyüm səhnələri canlı seyr edirdik. Nə gizlədim, çox
qorxmuşdum...
İndi də Rövşən Lənkəranski hadisəsi kriminal aləmin beynimdə
yatıb qalan dəhşətlərini təkrar oyatdı. Bir neçə gündü hadisə
haqqında yazılanları, insanların fikirlərini, qətllə bağlı
mülahizələrini, Rövşənə olan məhəbbətlərini ən xoş sözlərlə ifadə
etmələrini müşahidə edirəm. Sadə adamlardan tutmuş bir çox
jurnalistə, bəzi deputatlara kimi Rövşən Lənkəranskinin ədalətindən
yazır, danışırlar. Oğul anası olaraq mən bundan çox narahatam.
Cəmiyyət hara gedir? Nəyi təbliğ edirlər? Kriminalın hansı
ədalətindən bəhs edirlər? Gənc nəsili nəyə təhrik edirlər? Ona görə
də bu hadisə ilə bağlı ilk reaksiyam oğluma tapşırmaq oldu ki, belə
yazıları oxumasın.
Əslində Azərbaycan cəmiyyətinin sosial tarazlığı o zaman pozuldu
ki, qanuni oğrular haqqında kitablar tirajlanıb satışa çıxarıldı və
buna "dur" deyən olmadı. Gənclər bədii ədəbiyyat adına həmin
kitabları oxudular və indi də oxuyurlar. Bu, sadəcə dəhşətdi!
Dünya bina olandan insanlar qruplara bölünüblər, zümrələrə
ayrılıblar. Hər qrupun, hər zümrənin özünəməxsus dünyabaxışı, həyat
tərzi var. Kiriminal aləmin yaşam tərzi isə tam fərqlidi. Burada
qan qoxusu hökmranlıq edir. Cinayətlər, qətllər insanları qorxu
altında saxlamaq, çevrəsindəkilərə "mənəm-mənəmlik" davranışları
ilə "xox" gəlmək üçün qanlı vasitədi. Bu vasitələrlə kimlərəsə hökm
edən adamların kasıb-kusuba əl tutması, maddi köməklik etməsi elə
də ədalətli görünmür. Hansısa əyri yollarla qazanılan pullardan da
qan qoxusu gəlir və bu pulların müəyyən qisminin ünvanlandığı kasıb
adamlara xeyir gətirəcəyi də mümkün görünmür.
Vaxtilə Azərbaycanda xeyriyyəçilər olub, mesenatlar fəaliyyət
göstərib. Təkcə Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti
insanlıq tarixinin qızıl hərflərlə yazılmış səhifəsidir. Eləcə də
digər milyonçuların halal pulları ilə Bakıda tikdirdikləri binalar
tarixilik baxımından heç vaxt diqqətdən kənarda qalmır. Oğru
dünyasının nümayəndələri bu kişilərin həndəvərinə belə hərlənə
bilməyiblər. Onların insanlara göstərdikləri xidmət daha yüksək
səviyyədə olub. Halal qazanclarından xeyriyyə məqsədi ilə istifadə
ediblər, kasıb balalarını oxudublar, ali təhsil üçün xarici
ölkələrə göndəriblər. Himayələrinə götürdükləri insanlara sona
qədər arxa-dayaq olublar.
Amma kriminal aləmin, oğru dünyasının qan qoxuyan pulları ilə
çörək yeyən insanların heç də hamısının aqibəti yaxşı olmur, asılı
vəziyyətə düşürlər. Bir qarın çörək üçün qaranlıq dünyanın
adamlarına əl açmaq heç də ədalətdən xəbər vermir.
Mənə elə gəlir ki, bu günlərdə "uf" demədən düşmən üstünə gedən
Mübariz İbrahimovun sümükləri sızıldayır. Qəhrəmanlıq nümunəsi
göstərən bu igid oğul torpaq üçün, vətən yolunda şəhid oldu. Əsil
əfsanə O idi. Vətən namusunu, bayraq qürurunu azadlığına dəyişən
Ramil Səfərov illərlə məhbəsdə yatdı. Əsil qəhrəman Odur. Əminəm
ki, aprel döyüşlərində vətən torpağına son yolçuluqlarını edən
şəhidlər - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə,
polkovnik-leytenant Murad Mirzəyev, polkovnik-leytenant Raqub
Orucov, baş leytenant Bəkir İsmayılov və digər 89 nəfər vətən
oğlunun, eləcə də ötən 20 ildə torpağa qovuşan digər şəhidlərin
ruhu narahatdı. Ona görə narahatdı ki, torpaqları işğaldan azad
etmək üçün səfərbər olmağa gücü çatmayanlar kriminalların yolunda
az qala ölümə belə hazırdılar.
Dünyanın hər yerində kriminal qruplaşmalar, avtoritetlər, qanuni
oğru adını daşıyanlar var və onların həyat tərzindən bəhs edən
çoxlu sayda filmlər çəkilib, kitablar yazılıb. Bariz nümunə kimi
İtaliya mafiyasından bəhs edən "Xaç atası" filminin qəhrəmanının
adını çəkə bilərəm. Əminəm ki, don Vito Korleone həyatdakı hansısa
Korleonenin prototipidir. Amma nə İtaliyada, nə də başqa ölkələrdə
kriminal dünyanın insanları bizdəki kimi təbliğ olunmur, bizdəki
kimi cəmiyyətin üst təbəqəsinə çıxarılmır.
Günlərdi bir sual beynimdə durmadan səslənir: görəsən, bizim
insanlar avtoritet, "vor v zakone" acıdırlarmı? Söhbət təkcə Rövşən
Lənkəranskidən getmir. Bu gün onun adı və ölümü sadəcə bir təkan
rolunu oynayır. Kriminal dünyaya heyranlıq nümayiş etdirənlər
unudurlar ki, avtoritetlərin, qanuni oğruların öz aralarındakı
ədavətin, yaxud da özlərindən asılı vəziyyətə sadıqlarına
göstərdikləri köməyin adı ədalət deyil. Onlar həm dövlət, həm də
cəmiyyət üçün böyük təhlükədir. Çünki öz cinayətlərini ört-basdır
etmək üçün kütləyə, aztəminatlı, kasıb təbəqəyə etdikləri
xırda-para köməklilərlə onları dövlətdən narazı salırlar. İnsanlar
dövlətdən umacaqlarını, yaxud da istəyəcəklərini kriminallardan ala
biləcəklərinə ümid edirlər. Guya ki, onlar daha ədalətlidirlər,
daha güclüdürlər, daha səxavətlidirlər. Əslində isə bu qaranlıq
dünyanın insanları belə əməlləri ilə sanki, tövbə edərək Allah
qarşısında günahlarını yumaq kimi görüntü verirlər.
Kriminallar böyük günahlar nəticəsində qaranlıq dünyanın
sakininə çevriliblər. Onların alt təbəqədə cücərən köklərini üst
təbəqəyə çıxarmağın kimsəyə bir faydası yoxdu. Avtoritetlər
bir-birlərini qətiyyən sevmirlər, bir-birlərinə olan nifrətləri
sonda güllə yağışı ilə nəticələnir. Onların həyatını qan-qada
müşaiyət edir. Necə deyərlər "su sənəyi suda sınır".
Ən acınacaqlısı odur ki, bəzi dövlət rəhbərlərinin idarəçiliyini
avtoritar rejim adlandıraraq bəyənməyənlər yeraltı dünyanın
avtoritetlərinə tapınırlar. Necə olur ki, ölkə idarəçiliyində
avtoritarizm qəbul olunmur, amma kriminal aləmdə hörmətli sayılır?
Hər ikisinin mahiyyəti eyni deyilmi?
Bir vaxtlar Cəmşid Əmirovun əvvəldə adını çəkdiyim kitabları
qadağan olunmuşdu. Sovet hökuməti bu qadağanı onunla əsaslandırırdı
ki, həmin kitablar gənclərin tərbiyəsinə, əxlaqına, mənəvi
dünyasına mənfi təsir göstərir.
Hadisələrə bu günkü prizmadan baxanda həmin qadağaya haqq
qazandırıram.