Tarix boyu yumor - zəiflərin
silahı, yoxsulların sərvəti, əlacsızların dayağı olmuşdur.
Sarayları təlxəksiz, cəmiyyəti Hoca Nəsrəddinsiz və Kefli
İskəndərlərsiz təsəvvür etmək çətindir. Bəzən balaca adamların
yerinə düşən atmacası, kəsərli həcvi, cəsarətli zarafatı
cəlladların qılıncını göydə dondurmuş, hökmdarların hökmünü
yumşaltmışdır.
Komediyanın ədəbiyyatın ən qədim növlərindən biri olması
təsadüfi deyil. İnsanlıq öz-özünə, öz əməllərinə gülə-gülə
təmizlənmiş və yüksəlmişdir. Ən güclü insan özünə gülməyi bacaran
insandır. Bu anlamda dünyada komik janrın şah əsərləri haqqında çox
danışmaq olar. Özəlliklə kino sənətinin gəlişməsi komediya
qəhrəmanlarının hər bir ailəyə ayaq açmasına imkan vermişdir. Türk
filmləri arasında da uğurlu komediyalar az deyil.
Qurban bayramı günlərində Türkiyə televiziyalarında "Rəcəb
İvedik" adlı iki hissəli sözdə "komediya"nı izlədik. Anlamaq
istəyirdim ki, türkiyəli sənətçi qardaşlarımızın niyyətləri nədir,
Rəcəbin simasında nəyi göstərmək, hansı ciddi konulara toxunmaq,
hansı tərbiyəni aşılamaq, hansı mənəvi dəyərləri xatırlatmaq, hansı
estetikanı tanıtmaq istəyirlər. Bu boyda komediya çəkilirsə, orda
şübhəsiz açıq və ya gizli bir amac, bir içtimai anlam, bir milli
hədəf olmalıdır. Ancaq mən indiyədək Rəcəb İvedik filmlərində
vəhşilikdən, tərbiyəsizlikdən, kobudluqdan, türk insanına
yaraşmayan hərəkət tərzindən başqa heç nə görmədim. İpək kimi bir
nənənin böyütdüyü Rəcəb, nədənsə, bənzəri olmayan heyvan kimi düşüb
toplumun arasına və nə qədər ağlasığmaz tərbiyəsizliklər varsa,
edir və ona "dur!" deyən də yoxdur.
Əgər milləti bu yolla güldürmək sənət sayılırsa, onda bu sənətin
Rəcəbin tez-tez ayağını qaldırıb buraxdığı havadan heç bir fərqi
yoxdur. Filmin yaradıcılarına görə Rəcəb istanbullu, izmirli,
ankaralı, diyarbəkirli deyil, qarslıdır. Bu, məncə, bütün
qarslılara və doğuanadolulara həqarətdir.
Qarsın şanlı qəhrəmanlıq tarixi, hər qarışı şəhid qanı ilə
yoğrulmuş torpaqları, mərd, namuslu insanları, yumorla dolu
folkloru, türk ruhunun qanadlanması olan möhtəşəm saz sənəti və
onlarca başqa dəyərləri saysız gözəl filmə mövzu ola bilər. Ancaq
sinema ustalarını bunlar yox, məhz Rəcəb ilgiləndirmişdir; daha
doğrusu, onlara görə, belə zırrama yalnız Qarsdan çıxa bilər.
Yazıqlar olsun! Ayıbdır!
Sonuc. Heç bir fəlsəfi, estetik, bədii, mənəvi, tərbiyəvi dəyəri
olmayan belə filmlər tamaşaçıların və cəmiyyətin zövqünü korlamaqla
yanaşı, Böyük Türk milləti və türk toplumu haqqında yanlış təsəvvür
yaradır...