"Yolüstü görüşlər" silsiəsindən
1
Biləsuvar rayonunda özümü rahat hiss edirəm. Yəqin, uşaq vaxtı
qısa bir müddət burada yaşamağımla və ailəmizin bir qanadının
keçmişdən burada yurd salması ilə bağlıdır. Buna görə də imkan
düşəndə ayaq saxlayıb camaatla görüşməyi, hal-əhval tutmağı
xoşlayıram.
Bu dəfə də çevrə yolunda dayandıq. Kənd camaatı hərəsi səliqəsiz
bir talvar düzəldib həyətlərində əkib-becərdikləri mer-meyvəni,
yağ-pendiri ora düzüblər. İstəsən çöl quşları da tapa bilərsən.
Birinci yaxınlaşdığım yerdə məndən öncə bir qadın nə isə alıb
getmək istərkən bizi görüb ayaq saxlayır. Bu kiçicik bazarın sahibi
olan qadın nə istədiyimi soruşur. Qiymətlərlə maraqlanıram.
"Zəhmətinizin müqabilində niyə ucuz satırsınız" deyə, zarafaatla da
olsa, ürəyimdəkini deyirəm. Çünki kəndçi əməyinin nə demək olduğunu
bilirəm.
Sonra diqqətimi məndən əvvəl nə isə almış qadın cəlb edir. "Bu
xanımı yola salın, sonra mən nə almaq istədiyimi deyərəm". Alıcı
hesab elədiyim qadının üzünə xəfif bir qızartı çökür: "Narahat
olmayın, mən bu kənddənəm, qonşuyam. Getmək istəyirdim, sizi görüb
dayandım. Sizin kimi adamlarla hər gün rastlaşıb, tanış olmaq
olmur".
Bir kəndli xanımın diqqəti illərlə çəkdiyin zəhmətin ən böyük
qiymətidir.
***
İkinci talvarda isə tamamilə ayrı bir mənzərə ilə
rastlaşdım.
"Bu yeni tikilmiş gözəl evlər, yəni sizin evlər hansı kəndindir?
Bəydillinin, yoxsa Xırmandallının?" - deyə soruşuram. Satıcının
ətrafına yığışmış yerli gənclər "Bura Xırmandallıdır, - deyirlər. –
Qızqayıt Həsənovanın kəndi!"
"Həm də yazıçı Əhmədağa Muğanlının! Bilirsiniz?" - deyə
xatırladır və soruşuram.
"Yox!" - xorla cavab verirlər.
"Bu yolun o üzündə isə başqa bir yazıçımız, həm də ölkədə çox
yaxşı tanınan Əlibala Hacızadə anadan olub. O da Xırmandallı
məktəbini bitirib. Onu da tanımırsınız? "
"Eşitməmişik!" - deyirlər.
Təəccüblənirəm və hər iki yazıçının əsərlərinin adlarını çəkir,
filmlərini xatırladıram. Xeyirsizdir, doğrudan da heç nədən
xəbərləri yoxdur.
Biraz da qəzəblə: "Siz heç əlinizə kitab alırsınız?" soruşuram.
Yenə xorla cavab verirlər. "Yox! Kitab oxumağa vaxtımız
hardadır?!"
Burda özümü saxlaya bilmirəm və bir az da ərklə yolun qarşı
tərəfindəki çöldə otlayan heyvanları göstərib "Onda sizin o
qoyunlardan nə fərqiniz?" deyir və "incisələr də, qoy incisinlər!"
düşünürəm. Aralarında nisbətən yaşlı birisi dillənir:
"Düz deyirsiz, müəllim! Çünki bizi elə qoyun gününə qoyublar.
Kitabı hardan tapaq? Bu boyda rayonda bir dənə kitab mağazası
yoxdur. Olsa da oxuya bilmərik. İmkanınız varsa, kəndə girin, bizim
2 nömrəli məktəbimizə baxın. Bəlkə respublikada ondan gözəl məktəb
yoxdur. Ancaq uşaqları bədbəxt günə qoyurlar, o gözəllikdə məktəbdə
normal dərs keçilmir. Bu dediklərinizi gərək oranın müəllimləri
öyrədə uşaqlarımıza. Ancaq onları belə şeylər maraqlandırmır".
Bayaqdan bəh-bəhlə təriflədikləri yağlarına, pendirlərinə
baxmadan geri dönüb, maşına minirəm.
***
2.
Rusiyadan gəlmiş qonağım və dostlarımla Qəbələyə gedirdik.
Qonağım yolboyu gül-çiçək kimi rəngbərəng meyvə sərgilərini görüb
maşını saxlatdırdı. Qapı açılan kimi qabağımı yaşlı bir qadın
kəsdi:
"Ay Sabir Rüstəmxanlı, kənara getmə, nə istəyirsən, məndən
al".
Başqa birisi "Bəlkə maşında kitabın var? Bir dəfə də gələndə
mənə təzə kitabını gətir!" dedi…
Sonra yol üstündə çayxanada, Qəbələdə restoranda oturduq. Kanat
yolunun sonuncu dayanacağına qalxdıq. Hara addım atdıqsa, qarşımıza
çıxan adamlar xoş üzlə, köhnə tanışları kimi qarşıladılar bizi. Bu
danışıqları qonağımıza tərcümə edirdilər.
Ucqar kəndlərdə, dağların üstündə, kanat yolu işçilərindən
başlamış satıcılaradək - hər kəsin məni tanıması və əziz adamı kimi
qarşılaması, ərklə söhbət eləməsi moskvalı qonağımızı
heyrətləndirir. Gülə-gülə "bizi tanışlarının, dostlarının marşrutu
ilə aparırsan?" soruşur.
"Azərbaycanın harasına getsək, belə qarşılanacağıq!" –
deyirəm.
"Xoşbəxt adamsan! - deyir. - Bu boyda xalq məhəbbəti qazanmaq
hər şairə qismət olmur!"
"Neyləyək? - deyirəm. - Biri pul qazanır, biri sevgi..."