1990-cı il idi. İndiki kimi yadımdadır, "SSRİ
xalqlarının tarixi" adlı qırmızı üzlü, qalın bir kitab vardı.
Qohumum, sonralar Qarabağ döyüşlərində şücaətlər göstərmiş, atası
ilə birgə Laçını tərk etməyərək özü əsir düşmüş, valideyni isə
şəhid olmuş Nadir Əsgərov hədiyyə etmişdi. Nadir müəllim Laçında,
dədə-baba yurdumuz, Gəloxçu elinin mətəsi Qarıqışlaqda yaşayır,
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alırdı.
Bakıdan Laçına, Laçından Bakıya gedib-gələndə hər dəfə Bərdədə ayaq
saxlayar, gələndə də əliboş gəlməz, mənə oxumağa qəzet, kitab
gətirərdi.
Söz vaxtına çəkər, bir payız axşamı idi, dədəmgilin (ata
tərəfdən babamıza "dədə" deyərdik) alt-üst evinin ikinci
mərtəbəsində həmin kitabı oxuyurdum. Saat səkkizə bir neçə dəqiqə
qalmış dədəm otağa girdi, ağ-qara televizoru açdı, "Günün ekranı"
xəbər proqramından öncə yayınlanan saatla qolundakı vaxtı düzəltdi,
dədə-bala verilişi izlədik. Süjetlərdən biri ADU-nun Tarix
fakültəsinin və Bakı şəhər, Yasamal rayonu 20 saylı məktəbin
nəzdində təşkil olunmuş Respublika Tarix Litseyinin açılmasına,
orada təzə-təzə başlayan dərslərə aid idi. Dədəmlə bir-birimizə
baxdıq, onun ürəyindən keçəni mən, mənim ürəyimdən keçəni o oxudu,
əlavə bir kəlimə də demədən atamı çağırtdırdı.
Cəmi bir neçə gün sonra BDU-nun tarix fakültəsinin dəhlizində
bərabərdik- atam, Nadir müəllim və mən, fakültənin dekanı,
Respublika Tarix Litseyinin qurucusu Yaqub Mahmudovu gözləyirdik.
Dekanla görüşdük, məqsədimizi dedik. Nadir müəllim məni bir az
təriflədi, Yaqub müəllim bir-iki sual verdi, utana-utana
cavabladım. Yaqub müəllim ətraflı danışdı, bu il artıq litseydə
dərslərin başladığını, qrupların formalaşdığını söylədi, lakin
özətləsəm, sözünü təxminən belə tamamladı: "Ermənilər ərazilərimizə
qarşı iddia qaldırıb, iddiaların arxasında həm də erməni
tarixçilərinin uzun müddətdir apardığı əsassız təbliğat dayanır, bu
yalanları gələcəkdə də ifşa etmək üçün bizə yeni kadrlar lazımdır.
Nə cür hərbi litseylərə qabiliyyətli uşaqları erkən yaşdan götürür
və zabit yetişdirirlərsə, bizim də məqsədimiz Azərbaycanın ən
müxtəlif bölgələrindən istedadlı yeniyetmələri aşkarlayıb qısa
zamanda tarixçi kimi hazırlamaqdır".
Doğrusu, biz elə onda bildik ki, litseydə tarix təmayüllü olsa
da, orta məktəb proqramı deyil, ADU-nun Tarix fakültəsinin üçüncü
kursuna qədərki planı tədris olunur və bu planı ən yaxşı mənimsəyən
şagirdlərin birbaşa üçüncü, ortababların ikinci, adi dərəcədə
mənimsəyənlərin isə birinci kursa imtahansız qəbulu gözlənir,
"oxumayanların, çatdırmayanların isə o litseydə bir işi yoxdu".
Həmin litseyə ertəsi il qəbul olundum, AXC hakimiyyətə gələn
kimi Yaqub Mahmudovu "Heydər Əliyevçi olmaqda" ittiham edib
dekanlıqdan çıxardı, litseyin aqibəti, Yaqub Mahmudovun böyük
arzusu, direktorumuz Kərim Şükürovun öz doğma övladlarından çox
bizə çəkdiyi əziyyət, Məmmədəli Hüseynovun, Həvil Həvilovun, Rövşən
Aslanovun, Kərəm Məmmədovun, Gülxanım Qarayevanın, Nəcəf
Müseyibovun, Zemfira Məmmədovanın, Asif Bayramovun, Şərqiyyə
Muradəliyevanın və adlarını məmnuniyyətlə çəkə biləcəyim daha
neçə-neçə sözün əsl mənasında milli ziyalıların əməyi ilə yanaşı
bizim yeniyetmə xəyallarımız da havada qaldı. Yaxşı ki, o zaman
test sistemi artıq tətbiq olunurdu və ilk növbədə "müstəqil yanaşma
bacarığı" aşılanmış litsey şagirdlərinin qorxub-çəkinəcəyi bir
imtahan yoxdu. Litseydə təhsil alan təxminən 75 şagirddən attestat
almağa yaşı çatmayanlar, yaxud orada təhsil almaq üçün sinif
baxımından "geri düşənlər" Təhsil Nazirliyinə müraciət etdi,
ekstern imtahan verdik və sənədlərimizi tələbə adını qazanmaq üçün
təqdim etdik. Həmin 75 şagirddən uzaqbaşı 3 nəfər ali məktəıb
məzunu ola bilmədi, bunun da səbəbi qəbul və təhsillə bağlı
məsələlər deyil, şəxsi ailə problemləri (məsələn ikisinin atası
şəhid olduğu üçün ailələrinin yanına qayıtmalı olmuşdular) idi.
Bu gün öz aramızda "litsey uşaqları" dediyimiz Yaqub Mahmudovun
həmin yetirmələri icra strukturlarında, hüquq-mühafizə
orqanlarında, diplomatik korpusda, mətbuatda kifayət qədər önəmli
yerlər tutur, savadlı vəkillər kimi tanınır, ölkəmizdə və xaricdə
elmi-tədqiqatlar aparır, diasporanın fəal nümayəndələri kimi çıxış
edirlər. Karyera baxımdan harada irəliləmələrindən və siyasi
baxımdan hansı fikrin daşımalarından asılı olmayaraq o uşaqların
hər birinin yerinə vicdan rahatlığı ilə and içə bilərəm: onların
hər biri iliyinə qədər Azərbaycanı sevir, onların hər biri
dövlətçidir, yüksək tarixi bilincə və vətəndaş məsuliyyətinə malik
fərdlər olmaqla rüşvətdən və mərdimazarlıqdan tamam uzaqdırlar.
Bütün bunlar bəlkə də kimlərəsə qeyri-adi görsənir. Amma Üzeyir
Hacıbəyovun, Mirzə Cəlilin, Ömər Faiq Nemanzadənin həyatını, o
böyük kişilərin Azərbaycanın palçıqlı-kəsəkli yollarına düşüb
qapı-qapı istedad axtarması, onları seminariyalara, universitetlərə
yönəltməsi ilə vətənimiz və millətimizin tərəqqisi üçün oynadığı
böyük rolu xatırlayanda Yaqub Mahmudovun hansı ənənənin, hansı
idealın sahibi olduğu, hansı vətənpərvərliklə bu işin altına
girməsini müəyyən etmək çətin deyil.
Madam xatirələrdən başladıq, birini də deyim, sonra digər
müddəlarımı səsləndirəcəm.
2014-cü ilin əvvəlləri idi, səhv etmirəmsə, fevral ayının
əvvəlləri idi. O zaman Azərbaycanın ən böyük media quruluşlarından
olan "Gündəlik Teleqraf"da eyni adlı qəzetin şef redaktoru idim,
əməkdaşımız Nərgiz Cavadzadənin moderatorluğu ilə "Brifinq" adlı
yaxşı bir layihə hazırlayırdıq. Holdinqin rəhbərliyi ilə
məsləhətləşib bir neçə gün sonra- fevralın 10-da ad günü olacaq və
mətbuatda haqsız hücumlara məruz qalmış millət vəkili, AMEA Tarix
İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub
Mahmudovu həmin layihə çərçivəsində redaksiyamıza dəvət etdim,
ertəsi gün yeni yaşını qeyd edəcək alim üçün kiçik bir tort da
aldıq. Sağ olsun, təklifimizi qəbul etdi, redaksiyamıza təşrif
buyurdu və söhbətə o sualla başladım ki, məni xatırlayırsınızmı?
Bir az baxdı, "tanış gəlirsən" deyə yaddaşını çözələdi və mən
"sizin qurduğunuz litseyin məzunuyam" deyəndə ayağa qalxıb çox
doğma bir şəkildə boynumu qucaqladı. Bu səhnə redaksiyamızın
söhbətdə iştirak edən əməkdaşlarını da təsirləndirdi və mənim da
hafizəmdə dərin bir iz buraxdı, bir daha əmin oldum ki, xalqa və
vətənə təmənnasız xidmət etmisənsə, səni xatırlayacaqlar, heç
gözləmədiyin halda, heç gözləmədiyin şəkildə müdafiə
edəcəklər...
Sırf bu gündən yanaşaraq Yaqub Mahmudovla bağlı bir məsələnin
üzərində xüsusi dayanmaq istəyirəm. Tarixçi alim özü mənim bu
fikrimi nə qədər bölüşər, bölüşmək istəyər bilmirəm, düşündüyümü
deyəcəm. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna
uzun illər, haradasa 30-40 il İqrar Əliyev başçılıq edib. Əliyev
peşəkar və tarixçilərin beynəlxalq cameəsində, əlbəttə, tanınan bir
fiqurdur. Lakin onun Azərbaycan tarixi ilə bağlı konsepsiyası,
xalqımızın keçmişinə baxış modeli dünyada heç bir ciddi alim
tərəfindən qəbul olunmamaqla birgə, Tarix İnstitutunun fəaliyyətini
də az qala yarım əsrlik bir müddətdə öz inhisarında saxlayıb.
Azərbaycan tarixinə Fars yox, türk mərkəziliyyətçiliyindən baxmaq
lazım. Azərbaycanı türkün nəhəng, zəngin, imperiyalarla və dünyada
həmən-həmən hər xalqın inkişafına müsbət təsir edən dövlətlərlə bol
tarixindən ayrıca mədəni-siyasi coğrafiya götürmək mümkün deyil.
Əks təqdirdə Azərbaycan tarixinin təkzibolunmaz həqiqətlərini
ortaya çıxarmaq, "sizin dövlətçiliyiniz 1918-ci ildən- ADR-dən
başlayır" deyə cəfəng iddialarda bulunan ermənilərin də qarşısında
söz sahibi olmaq mümkünsüzdür. Yaqub Mahmudovun Azərbaycan xalqına
və Azərbaycan tarixinə ən böyük xidməti, zənnimcə, məhz budur- Türk
mərkəziyyətli tarix anlayışını ölkəmizin müvafiq sahədə ən böyük
elmi-tədqiqat müəssisəsində konseptual sistemə çevirmək! Bu mənada
Yaqub Mahmudov mənim nəzərimdə təkcə peşəkar bir tarixçi, dəyərli
bir ziyalı deyil, həm də bilim filosofudur. Məlum, bilim
fəlsəfəsinin funksiyası istər humanitar, istərsə də dəqiq elmlərdə
anlayışları, qavrayışları yaratmaq, dəyişdirmək,
zənginləşdirməkdir.
Azərbaycanın, yaxud Azərbaycanda dövlətçilik tarixinə yanaşmaq
üçün bu gündən baxanda konseptual baxımdan bir neçə baxış bucağı,
model qurmaq mümkündür:
1)Tarixi Azərbaycan ərazisində dövlətlər;
2)Azərbaycan Respublikası ərazisində dövlətlər;
3)Tarixi Azərbaycan ərazisində türk dövlətləri;
4)Azərbaycan Respublikası ərazisində türk dövlətləri;
5)Azərbaycan türklərinin etnogenizində rol oynayan türk
tayfalarının dövlətləri;
6)Azərbaycan Respublikasında yaşayan türklərinin etnogenizində
rol oynayan türk tayfalarının yaratdığı dövlətlər.
Gəlin, bir-bir incələyək qısaca:
1) Tarixi Azərbaycan ərazisində dövlətçilik Mannadan başlayır.
Bu baxımdan dövlətçiliyimizin 3000 illlik tarixi var. Manna ilə
bizi birləşdirən ƏRAZİ faktoru, həmçinin həmin ərazidə ən azı elə
Manna dövləti zamanında yerləşməyə başlayan türk tayfalarıdır.
Zatən 3000 il öncənin ibtidai icma quruluşundan çıxmış azsaylı
tayfaları bu günkü anlayışlar çərçivəsində heç bir xalqın
etnogenizində birbaşa və ciddi rol oynaya bilməz.
2) Azərbaycan Respublikası ərazisində ilk dövlət İşğuzlardır və
Albaniyadan daha qədimdir.
3) Tarixi Azərbaycan ərazisində də ilk türk dövləti İşğuzlardır.
Midiya üzərində Heredotun yazdığına görə, 28 il hakimiyyətdə
olublar. Bu gündən baxdıqda 2700 il tarixi var.
4) Azərbaycan Respublikası ərazisində ilk türk dövləti də elə
İşğuzlardır.
5-6) Hər iki halda türk tayfalarının dövlətləri- Qədim Türk
Xaqanlıqlarından başlayır.
Beləliklə, 6 mümkün modeldən hər birində TÜRK izlərini görür,
xüsusən son beşində türklərin iştirakını, həm də fasiləsiz olaraq
birbaşa müəyyənedici etnos kimi görürük. Bu gün əməvi-erməni
zehniyyətinin daşıyıcıları, yaxud İqrar Əliyevin tarix anlayışının
təsirində qalanlar bu modelə ağız büzə bilərlər, lakin öncə Quzey
Azərbaycanda yaranmış, daha sonra Güney Azərbaycana hakim olmuş,
iqtidardan getdikdən sonra da arxasında böyük bir türk toplumu
buraxmış İşğuz dövlətini kimsə tariximizdə silə bilməz. Necə silə
bilərlər ki, qədim dünyanın bütün yazılı və arxeoloji
qaynaqlarında, hətta "Bibliya"da belə bu dövlətdən söz açılır?
Türklər Səlcuqlardan öncəki Azərbaycan tarixindən necə silinə bilər
ki, savirlər, bolqarlar, hunlar, xəzərlər və bu kimi proto-türk
ellərinin axınları qarşısında coğrafiyamızın bütün digər dövlətləri
diz çöküb?!.
Digər tərəfdən, respublikamızın ərazisində yaşayan və yaşamayan
Azərbaycan türklərinin etnogeniz məsələsi öz həllini Səfəvilər
dönəmində tapıb. Etnogenezin formalaşması on günün, beş ayın, bir
əsrin məsələsi deyil, xalqın və ərazisinin bütün tarixini əhatə
edən, müxtəlif mərhələlərdən keçən uzun prosesdir. Bu proses məhz
Səfəvilər dövründə türk tayfalarının vahid siyasi-inzibati məkanda
bir araya gəlməsi ilə xalq kimi formalaşmağımız üçün sürət qazandı
və həlledici mərhələdən keçdi. Odur ki, Səfəvilərin Azərbaycan
xalqına mirası, ən böyük mirası elə AZƏRBAYCAN XALQI özüdür.
Bir daha deyir, bir daha təkrar edirəm: modernləşmə sürəcinin
ərsəyə gətirdiyi Azərbaycan Demokratik Respublikasını Azərbaycan
türklərinin ondan əvvəlki dövlətlərinə qarşı qoymaq ya savadsızlıq,
ya da xaricdən alınan sifarişləri yerinə yetirmək cəhdidir.
Dövlətlərdə siyasi varisliyi müəyyənləşdirən xalq amilidir. Xalqlar
müxtəlif quruluşlarda, siyasi sistemlərdə, dini mühitlərdə yaşaya
bilər, lakin dövlətçilik ənənəsini onların tarixdəki "qan bahası"
yaradır.
Zira, dövlətlərin yaşaması, ayaqda qalması, xalqı rifaha və
tərəqqiyə qovuşdurması üçün təkcə liderlər, cəngavərlər,
bürokratlar yox, həm də aydınlar, intellektuallar, bilgi və fikir
sahibləri lazımdır. Tarixi bilinc olmadan dövlət qurmaq mümkün
olmadığı kimi, çağdaş bilimi mənimsəmədən də gələcəyə addımlamaq
imkansızdır. Siyasətçilərin işi tarix bilincini və çağdaş bilimin
yeniliklərini başqalarından daha yaxşı mənimsəməklə cəmiyyətə yeni
üfüqlər göstərməkdir.
Bu mənada Yaqub Mahmudova qarşı çıxan, ad çəkdi-çəkmədi onun
Azərbaycan tarix elminin inkişafı üçün tutduğu elmi baxımdan haqlı,
milli baxımdan vicdanlı, intellektual baxımdan prinsipial mövqeni
öz aləmlərində "topa tutanlar", "Babək" filmində deyildiyi kimi,
"xəlifənin qara qarğaları"dır. Onlar Azərbaycanı ərəb-əməvi
bataqlığına çəkmək, Orta doğunun bitib-tükənməz savaşlarına calamaq
istəyən avantürüstlərdir. Bizim istər türk dünyası ilə
əlaqələrimiz, istərsə də çağdaş mədəniyyətə inteqrasiyamız
ərəb-əməvi zehniyyəti əsasında deyil, SEKULYARLIQ müstəvisində
gerçəkləşir və gerçəkləşəcək. Türkiyə müstəvisində bunu Atatürk
yolu da saya bilərik. Atatürkün yolunun- sekulyarlığın qarşısına
Fətullah Gülən kürkü geyərək çıxanların aqibəti isə Türkiyədə
ortadadır. İndi kürkünə birə düşmüşlər, Şah İsmayılın börkünə hücum
çəkənlər vaxt vardı Atatürkü və Məhəmməd Əmini də tariximizdən
silməyə çalışır, "ikinci, üçüncü respublika" söhbətləri
edirdilər...
Bəli, Məhəmməd Əmin də, Qacar da, Nadir də, Şah İsmayıl da...
İşğuz Partatua kağan da bizimdir. Böyük millətimizi tarixdən
silsən, ortaq bir türk ruhunun daşıyıcıları olaraq qurduğumuz
imperiyaları, dövlətləri gözdən çıxarsan, nə dünya qalar, nə
tarix...
... Tarix isə elmdir və nə qədər ki Yaqub müəllim kimi
aydınlarımız, onların minlərlə, on minlərlə tələbəsi var, elm
üzərindən kimsə əməvi-erməni zehniyyətini xalqımıza sırıya
bilməyəcək, əmmamələri yerə düşəcək, əbaları yırtılacaq, kürklərini
bit-birə basacaq.
Yaqub Mahmudov sayaq türkün və börkün müdafiəçisi olanlar isə
dəstəklənəcək, seviləcək, anılacaq...