Dostlar, mən dəfələrlə SÖZ adlı İlahi anlama münasibət
bildirmişəm. Aşağıdakı fikirimi də dönə-dönə təkrar etmişən:
Həyatın ən möhtəşəm möcüzəsi insan doğuluşudur.
Körpə ana bətnindən xilas olan məqamda bu dünyadan aldığı ilk
nemət NƏFƏSdir. Və onun bu İlahi payı müqabilində qaytarıb dünyaya
verdiyi - SƏSdir. Deməli, NƏFƏS də, SƏS də Tanrı hədiyyəsi olduğu
üçün müqəddəsdir. SÖZ isə bu iki hikmətin - NƏFƏS və SƏSin -
birləşməsindən yaranır və məhz elə buna görə də ikiqat müqəddəs
sayılmalıdır.
Bizlər bunu dərindən düşünüb-anlasaq, heç vaxt dediyimiz və
verdiyimiz sözə yalan qatıb xəyanət etmərik, bununla da bir çox
əzab-əziyyət və günahlardan xilas olarıq!..
İndi keçirəm mətləbə. Elə qələm sahibləri var ki, onlar üçün SÖZ
anlayışı çırtma səsi tək, boş bir şeydir. Belələri, fikirimcə,
təhlükəli insanlardır. Göstərişlə, fərmayiş, sifariş və muzdla
bədxah yazılar yazanlar, şübhəsiz ki, həm də günah işlətmiş
olurlar. Təsəvvür edin ki, belə bir üzdəniraq qələm əhli pul,
qazanc müqabilində, tanımadığı, ya lap tanıdığı bir adam haqqında
böhtan, təhqir və şər-şəbədəylə dolu məqalə yazıb onu aşağılayır
və... elədiyindən zərrə qədər də olsun vicdan əzabı çəkmir!.. Daha
düşünmür ki, bu insanın ailəsi var, özü üçün müəyyənləşdirdiyi
dəyərlər sistemi, ünsiyyət dairəsi, dünya duyumu var. Məncə, bu
sayaq cızma-qaraçıya çəkinmədən, "şərəf və ləyaqətini itirmiş
məxluq" demək olar.
Başqa bir misal: hər-hansı bir jurnalist kimdənsə küllü miqdarda
maliyyə alaraq növbəti riyakar sifariş yerinə yetirir. Ancaq bu
dəfə haqqında yazacağı adamı yaxşı tanıyır və həmin o adam, həmin o
jurnalistə bircə çimdik belə olsun pislik etməyib, əksinə,
dəfələrlə təmannasız yaxşılıqlar edib! Bütün bunlara baxmayaraq,
killer-jurnalist öz qələmini itiləyib pul, mənfəət, yaxud da
sahibinin tumarlı bir "malades"i xatirinə həmin o günahsız insanı
irinli-kinli sözlər, təhqir və söyüş atəşinə tutur. Bax, məhz bu
məqamda Söz ölür. Söz sahibi ölür! Çünki belə "yazar", əməlinin
nəticəsi olaraq, nəinki şərəf və ləyaqətini, eyni zamanda, öz
namusunu da bilmərrə itirir! Şəxsiyyətini, ləyaqətini, nəhayət
namusunu öz xoşuyla itirmiş adam isə artıq adam deyil!
Körpə təbəssümü tək təmiz, ana südü kimi pak olan müqəddəs SÖZə
- Allahın əmanətinə yalan, kin-küdurət və nifrət qatıb xəyanət edən
"adam" - mənən ölüdür və ona heç rəhmət də düşmür!