Qərb analitikləri hələ də Rusiyanın, Prezident Vladimir
Putinin Ukrayna hadisələrində aşkar qələbəsinin köklərini
axtarmağa, Kremlin aqressiv siyasətinin qarşısını almağa
çalışırlar.
Məlumdur ki, Krımda birtərəfli referendum keçirilməsinə görə
Qərb Vladimir Putini ciddi şəkildə tənqid etdi, Rusiyanı isə
müxtəlif sanksiyalarla üz-üzə qoydu. Ancaq görünən odur ki, Rusiya
prezidenti nə bu ciddi tənqidləri, nə də sanksiyaları saya saymır.
Bunun yeganə səbəbi var – o da Putinin rus cəmiyyətindən arxayın
olmasıdır. Usta xəfiyyə bu boyda rəngarəng və kriminallarla dolu
cəmiyyəti necə ram elədi?
Bir-bir detalları ilə...
Ötən əsrin sonlarında SSRİ dağıldıqdan sonra Birliyə daxil olan
respublikaların hər birində olduğu kimi, Rusiyada da ciddi
təlatümlər, qarşıdurmalar və iqtisadi böhran yaşandı. Maraqlıdır
ki, bu gərginlik Sovetlərin şinelidən yeni çıxmış ruslar üçün
qeyri-adi gələn yeni müstəqil televiziyalar vasitəsi ilə daha da
yüksək həddə gətirilir, ölkədəki vəziyyətin çıxılmaz hala gəldiyi
hər addımda sərgilənirdi
Başı sağlamlığının, ürək xəstəliyinin müalicəsinə qarışan Rusiya
Fedeasiyasının ilk prezidenti Boris Yeltsin və onun ailəsi isə
əksər hallarda hadisələri, sadəcə, kənardan izləmək məcburiyyətində
qalırdı. Yaranan yeni-yeni müstəqil televiziyalar sanki yarışa
çıxır, Rusiyanın böhrana sürükləndiyini açıqlayır, vəziyyətin
çıxılmaz hala düşməsi barədə palaz-palaz reportajlar hazırlayır və
durumun bu cür xarakter almasını nasaz Yeltsinin səriştəsiz
prezidentliyi ilə əlaqələndirirdilər. Su kimi aydındır ki, nümayiş
olunanların əksəriyyəti əsaslı olsa da, məsələnin başqa tərəfi
Boris Yeltsin və onun komandasını gözdən salmaq, xalq itaətsizliyi
yaratmaq, ölkənin çıxılmaz duruma düşdüyünü sərgiləmək və nəhayətdə
Rusiyanı parçalamaqdan ibarət idi.
Kimlər idi həmin media ruporlarının başında duran şəxslər və
telekanaların düşünən beyinləri, məşhur analitikləri? Vladimir
Qusinski özünün "Media Most" Qrupu ilə, dünyasını dəyişən Boris
Berezovski isə sanki bütün sahələr - avtomobil satışından tutmuş
telekanal sahibliyinə qədər - ələ keçirmişdilər. Bu həmin yəhudi
əsilli şəxslər idi ki, rəhbərliyə gəldiyi ilk gündən Vladimir Putin
Çeçenistanda olduğu kimi, onlara qarşı da səlib yürüşünə çıxdı.
Mülkiyyətləri, rəhbərlik etdiyi telekanallar əllərindən alındı,
tabeçiliyində olan məşhur teleaparıcılar Rusiyanı tərk etdi,
nicatlarını, fəaliyyətlərini və istedalarını başqa ölkələrdə
sərgiləmək, sınamaq məcburiyyətdində qaldı.
Bu sırada məşhur "ntv"çi Yevgeni Kisilyovun adını öndə çəkmək
olar. Kisilyov artıq NTV telekanalındakı kimi mərhum Pavel Qraçovun
uğursuz "Qroznı əməliyyatı"ndan deyil, Viktor Yanukoviçin ərəb
şeyxləri sarayı təsiri bağışlayan iqamətgahından reportajlar
hazırlamalı oldu. Yəni o, "sürgün" məkanı kimi Ukraynanı seçdi.
Digər tanınmış aparıcı – Savik Şusteri də bu sıraya aid etmək olar.
Sonuncu öz nifrətini Ukraynanın "5-ci kanal"ından Rusiyanın dövlət
başçısını Üçünçü Reyxin əvəzolunmaz siması Adolf Hitlerə
bənzətməklə sərgilədi.
Putin ən böyük "nüvə silahını" - telekanalları milliləşdirilmək,
tabe etdirmək üçün əməli işlərə keçdi və buna mütləq şəkildə nail
oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, qərbmeylli media oliqarxları
yavaş-yavaş bu mühitdən kənarlaşdırılmağa başlandı. Putinin Piter
komandası media strukturlarına da nüfuz elədi. "Bank Rossiya"nın
sahibi, Rusiya prezidentinin hələ şimal şəhərindən yaxşı tanıdığ
yaxın dost Yuri Kovalçukun bir neçə telekanal alması bu sahədə
Putin ideyalarının reallaşmasını sürətləndirdi. Sonralar dövlətin
özü aşkar şəkildə məyyən istiqrazları satın aldı.
Bir sözlə, hazırda Putin və ona yaxın şəxslər, qurumlar
Rusiyanın televiziya kanalarının 73,8 faizinə nəzarət edir. Təbii
ki, bu fantastik rəqəmlə Kreml sahibinin yaxın vaxtlarda daha hansı
"ideyalara" düşəcəyini təxmin etmək elə də çətin deyil.
Gələk həlledici məqama - Putinin Krım məsələsində aşkar
qələbəsinə. Heç kimdə şəkk-şübhə olmamalıdır ki, sələfi imperatriça
Yekaterina 18-ci əsrdə yarımadanı üç gün ərzində sərgilədiyi
diplomatiya ilə ələ keçirmişdisə, Putin üç həftə ərzində
"Qeorgievski" bayrağını Simferopola tabeçiliyində olan
telekanallarla sancdı. Rusiya hərbi arsenalı sadəcə "komuflyaj"
idi. Ukraynanın hazırkı rəhbərliyinin, həmçinin Qərbin aciz
qalmasının kökündə duran başlıca məqamlardan biri də budur. Rusiya
mərkəzi kanallarının gün ərzində qonşu ölkənin ünvanına küfr
yağdırması, demokratik qüvvələrə millətçi damğası vurması indi adi
hala çevrilib. Bu reportajlardan sonra Rusiya cəmiyyəti Putini
"fateh", qan qardaşlarını satqın, avropalıları isə qorxaq
adlandırırlar.
Günlərin birində telekanal vasitəsi ilə Vladimir Putinin Marsa
qoşun yeritməyə hazırlaşdığı barədə xəbər elan olunsa, rus
tamaşaçıları buna bəraət qazandıracaq, əvəzolunmaz prezidenti
dəstəkləyəcək, "marslıları" satqın adlandıracaqlar. Təsəvvür edin,
telekanalların idarə olunması auditoriyanı hətta bu qədər
zombiləşdirməyə yetir...
Putinin nüvədən ağır silahı da budur – telekanallarla
zombiləşdirmə!