Hər bir xaqlın ən müqəddəs simvolları sırasında onun dövlət
bayrağı xüsusi yer tutur, çünki dövlət bayrağı müstəqilliyin,
suverenliyin rəmzidir. Azərbaycan xalqı da həm öz bayrağı, həm də
bu bayrağın dünyada ən hündür dayaq üzərində dalğalanması ilə fəxr
edir.
Məlumdur ki, 1991-ci ildə xalqımız öz müstəqilliyini bərpa
edərkən Azərbaycan Respublikası özünü 1918-ci ildə yaranmış
Azərbaycan Cümhuriyyətinin varisi elan edərək, həmin cümhuriyyətin
göy, qırmızı, yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və ağ
səkkizguşəli ulduz əksi olan dövlət bayrağını da özünün rəsmi
dövlət bayrağı kimi qəbul etdi. Noyabr ayının 9-u da bizim ölkədə
bayraq günü kimi bayram edilir.
Bu bayrama həsr edilmiş radio və televiziya verilişlərindən,
mətbuatda bu münasibətlə dərc edilən məqalələrdən belə görünür ki,
dövlət bayrağımız üzərindəki rənglərin mənası barədə hamı eyni
fikirdə olsa da, onun üzərindəki aypara və ulduz embleminin mənası
barədə deyilən fikirlər qətiyyən üst-üstə düşmür. Başqa sözlə,
aypara və ulduz təsvirinin rəmzi mənası barədə hər kəs öz
fantaziyasına, təxayülünə uyğun bir mülahizə söyləyir. Bu rəmzi
işarələri hətta mütəxəssislərin də hərəsi bir cür yozurlar. Buradan
da aydın olur ki, müasir dövrdə bu rəmzlərin mənası unudulmuşdur.
Ancaq bir fakt belə düşünməyə əsas verir ki, Cümhuriyyət dövründə
bu rəmzləri qəbul edərkən onların mənalarını da bilirmişlər. Bu
fakt isə ondan ibarətdir ki, Türkiyə bayrağındakı ulduz beşguşəli,
Azərbaycan bayrağı üzərindəki ulduz isə səkkizguşəlidir. Məlumdur
ki, aypara və beşguşəli ulduz Türkiyə, daha dəqiq desək, Osmanlı
bayrağına hələ XIV əsrin əvvəllərindən həkk olunmuşdur. Bir az
irəli gedərək, bunu da deyək ki, həmin beş guşə o dövrdə müsəlman
aləminə məlum olan beş səyyarənin və ya planetin rəmzidir. Onlar
aşağıdakılardır: Ütarid (Merkuri), Zöhrə (Venera), Merrix (Mars),
Müştəri (Yupiter) və Zöhəl (Saturn). Ancaq XX əsrin əvvəllərinədək
Şərqdə daha üç planetin – Neptun, Pluton və Uranın adı da məlum
olmuşdur. Görünür, Cümhuriyyət bayrağının təsisçiləri bütün bunları
bildiklərinə görə ulduzu beşguşəli yox, planetlərin sayına uyğun
olaraq səkkizguşəli formada təsvir etmişlər.
İndi isə Aypara rəmzinə keçək. Bu rəmzin bir çox qədim xalqların
mifologiyasında və tarixində çox qədim tarixi vardır. Əksər
xalqların mifologiyasında Ay ana və ya məhəbbət ilahəsi,
ümumiyyətlə isə qadın obrazı şəklində təsvir edilir. Bunlardan
qədim Şumer, Misir, Akkad, semit, türk və s. mifologiyaları
göstərmək olar. Qədim semit mifologiyasında İştar, yunan
mifologiyasında Diana, qədim türk mifologiyasında isə Umay ana
ilahəsi kimi təsvir edilirlər. Umay sözünün mənası da elə "Ana ay"
(Uma-ay) deməkdir. Qədim etnosların çoxu belə düşünürdülər ki, Ay
qadın, Günəş isə kişi cinsinə mənsubdurlar və onlar evlənmişlər.
Ayın fazalar üzrə böyüməsini onlar Ayın hamilə qalması kimi başa
düşürdülər. Ay yoxa çıxanda isə onlar belə hesab edirdilər ki, Ay
hamiləlikdən azad olmağa gedir və azad olduqdan sonra kiçik halda
geri qayıdır. Ona görə də bütün ulduzlar və planetlər Ayın
törəmələri hesab edilirdilər.
Tarixi məlumatlara gəlincə, aypara həm Bizans, həm də Osmanlı
imperiyalarının simvolu olmuşdur.
Bizim e.ə. 339-cu ildə Diana ilahəsinin atributlarından sayılan
aypara Bizansın simvolu oldu. Diana isə şəhərin himayəçisi hesab
edilirdi. Əfsanəyə əsasən qəflətən zühur edən ayparanın parlaq
işığı Makedoniyalı Filippin Bizansa gözlənilməz hücumunun qarşısını
almışdır. B.e. 330-cu ilində imperator Konstantin Bizansın adını
dəyişib Konstantinapol qoymuş, İisusun anası Mariyanı isə şəhərin
himayəçisi elan etmişdi. Səma kraliçası kimi Mariyanın da atributu
aypara idi.
İslam və türk aləmində isə ayparanın məzhəb və dövlət rəmzi kimi
tanınması Osmanlı imperiyasının banisi Osmanın (1258-1326) adı ilə
bağlıdır. Əvvəllər belə hesab edilirdi ki, 1453-cü ildə türklər
Konstantinopolu tutduqdan sonra şəhərin rəmzi olan aypara emblemini
də qəbul etmişlər. Ancaq sonrakı tədqiqatlar göstərdi ki, türklər
hələ Konstantinapolu tutmazdan xeyli əvvəl – XIV əsrin
əvvəllərindən öz piyada qoşun bayraqlarında bu rəmzdən istifadə
edirmişlər. Belə halda türk ayparası Bizans ayparasından fərqli bir
mənşəyə malik olur. Ayparanın mənşəyinə dair Osmanlıların özlərinin
də belə bir sülalə rəvayəti vardır: Osman bir gün bir şeyxin evində
qonaq olur. O, gecə şeyxlə yanaşı yatarkən yuxuda görür ki, şeyxin
döşündən aypara çıxır. Aypara böyüyüb bədrlənmiş aya çevriləndə
onun öz döşünə daxil olur. Bundan sonra Osmanın belindən bir ağac
çıxıb böyüməyə başlayır. Ancaq böydükcə bütün dünyanı öz yaşıl
yarpaqları və gözəl budaqları ilə örtməyə başlayır. Ağacın altında
Osman dörd dağ zirvəsini – Qafqaz, Atlas, Tavr və Balkan dağlarının
zirvəsini görür. Bu dağların ətəklərindən dörd çay – Dəclə, Fərat,
Nil və Dunay çayları öz başlanğıcını götürürdü. Çöllərdə bol
məhsul, vadilərdə günbəzlərinin üzərində aypara və ulduz rəmzləri
olan şəhərlər, bu rəmzlərlə bəzədilmiş qalalar görünürdü.
Birdən budaqlardakı yarpaqlar dartılaraq, iti qılınclara
çevrilirlər. Külək qalxır və onları iki dənizin, iki qitənin
qovşağında yerləşən və brilyant üzüyə bənzəyən Konstantinapol
şəhərinə tərəf aparır. Osman bu üzüyü barmağına taxmaq istəyərkən
yuxudan oyanır. Osman öz yuxusunu şeyxə danışır. Şeyx bu yuxunu
Osmanın nəslinə hakimiyyət və şöhrət gətirəcək tale yuxusu kimi
yozur və öz qızını Osmana ərə verir. Bu rəvayətin başqa bir
variantında isə deyilir ki, Osman yuxuda, Şərqdən Qərbə doğru
yönəlmiş aypara formalı iki buynuz görmüşdür. Hər halda Osmanın
yuxusu çin olur və onun varisləri Osmanın fütuhatçılıq yürüşlərini
davam etdirərək, Osmanın yuxusunda gördüyü əraziləri fəth edirlər.
Həmin dövrdən də aypara rəmzi osmanlıların hərbi və dəniz
bayraqlarında, minarələrin başında həkk olunaraq, Osman
imperiyasının simvoluna çevrilir. XV əsrdə Osmanlı sultanı özünü
bütün müsəlman aləminin himayəçisi və bir növ xəlifəsi elan
etdikdən sonra isə aypara rəmzi digər müsəlman ölkələrində də
yayılaraq, islamın da simvolu kimi qəbul olunmağa başlayır.
Hal-hazırda aypara rəmzi Türkiyə ilə yanaşı bir çox başqa müsəlman
ölkələrinin, o cümlədən Əlcəzairin, Tunisin, Mavritaniyanın,
Malayzanın, Pakistanın, Sinqapurun, Azərbaycanın, Özbəkistanın və
s. dövlətlərin də bayraqlarını bəzəyir. Ancaq islamın qədimdən
güclü olduğu ölkələrdə (Məsələn, Səudiyyə Ərəbistanı, İran, Suriya,
İraq, Misir, Yəmən və s.) aypara təsviri qədim islam ənənələrindən
kənar hesab edildiyinə görə həmin ölkələrin bayraqlarında bu
rəmzlər yoxdur.
Filologiya üzrə elmlər doktoru
Kamil Hüseynoğlu