Yuxarı

Səlahəddinin “varisi” Bərzani: Avropa belə dağılır...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada krallıq üsul-idarələri 21-ci əsrin sınaqlarına tab gətirmir. Britaniya ittifaqı üç il öncə şotlandlarla sivil boşanmanın qarşısını almaq üçün bütün vasitələri işə salmağa məcbur olmuşdu. Xatırlayırsınızsa, Devid Kemeron hökuməti kraliça hakimiyyətinin vahidliyini qorumaq üçün tarixdə görünməmiş səviyyədə siyasi və iqtisadi resursları Edinburqa qarşı səfərbər etməyə nail olmuşdu. Bir qayda olaraq, daxildə amansız rəqabət şəraitində olan partiyalar - hakim mühafizəkarlar, onların koalisiya ortağı liberal-demokratlar və müxalif leyboristlər vahid bir cəbhədən çıxış edərək, müstəqillik qatarının öz ünvanına çatmasına imkan verməmişdilər.

Hər halda parçalanma tarixdə ilk dəfə real idi və London işə iqtisadi nəhəngləri - BP şirkətini və Standart Life kimi sığorta qurumlarını da qataraq, şotlandları seçdiklərin yolun sosial sanksiyaları ilə qorxutmağa nail olmuşdular.

Doğrudur, Bukinqem Sarayından Əlahəzrətin reaksiyası haqqında hər hansı bilgi verilmirdi. Çoxları deyirdi ki, kraliça vaxtilə süngü gücünə qurulmuş izdivacın dağılmasına inanmadığından soyuqqqanlılığını və aristokratlığını qoruyub saxlamağa çalışır. Lakin 2-ci Yelizaveta 60 ildən artıq başında gəzdirdiyi tacın müqəddəsliyinin və birliyinin mücəssiməsi olarkən ötən əsrin 60-cı illərində Britaniyanın protektoratlığı altındakı müstəmləkələrin bir-birinin ardınca necə azadlığa qovuşduğuna şahidlik etmişdi. Ona yapon imperatoru kimi simvolik hakimiyyət gərək ola bilməzdi. Hər halda şotlandların milli azadlığının qatı tərəfdarları 1707-ci ildə təməli qoyulmuş Birləşmiş Krallığa razılıq imzalarının ingilis qızılına satın alındığını iddia edərkən heç kəs onların gətirdikləri tarixi faktlara qarşı çıxa bilmirdi. Referendumu 55/45-ə nisbətində qazansa da, London mərkəzi hakimiyyəti Uilyam Uollesin ruhunun daşıyıcıları qarşısında xeyli vergi, maliyyə və idarəetmə güzəştlərinə dair öhdəliyi bəyan etməyə məcbur oldular.

Doğrudur, Sovetlər Birliyinin sonuncu bədnam başçısı Mixail Qorbaçovun dediyi kimi, ”proses başladığı” üçün məlum Breksit qərarından sonra Edinburq indi də Avropa Birliyindən çıxmaq istəyənlərlə bir yerdə olmaq istəmir və ayrılıq havası yenidən dövlət binalarından və ictimai meydanlardan səslənməkdə davam edir.

Napoleon Bonapartın imperiyasını çökdürən ispan kəndli üsyanları və partizan hərəkatı indi Madiridin özünü bürüyüb. Katalonlar ayrılmaq üçün 1 oktyabrda hələ ki, yalnız səsvermə məntəqələri uğrunda amansız mübarizəyə qalxıblar. Ötən gün səhərdən bütün aparıcı informasiya kanallarında canlı yayımla Avropanın xəritəsində dəyişiklik etmək istəyən bir xalqın emosiyaları, göz yaşları, sevinc və kədər marşları nümayiş olunurdu. Hər halda, Kataloniyaya ağır texnika və hərbi qüvvə yeridilməsə də, polis və gizli xəfiyyə qurumları ilə toqquşmalar zamanı 1000-ə qədər şəxs azadlıq yaralarını almağa müvəffəq olub. İlk itkilər barəsində müxtəlif kanallarda və sosial mediada verilən xəbərlərsə özünü doğrultmayıb.

Ərazicə 32 min kv/km olan Kataloniya muxtariyyəti yarım milyon kvadrat kilometrdən artıq olan İspaniyadan qopmaq üçün ən azı yüz ildir sivil mübarizə aparır. Hər halda qanlı tarix haqda mifologiyaları Piriney yarımadasının qədim sakinlərindən olan katalonlar haqda söyləmək mümkün deyil.

İqtisadi vəziyyətinə görə gerçəkdən ölkənin ÜDM-ində aparıcı yeri tutmasına baxmayaraq, ən varlı iqtisadi bölgənin mərkəzi dövlətlə bir yerdə olmaq istməməsinin səbəbləri mədəni, dil və digər tarixi amillərlə bağlamaq daha düzgün olardı. 20-ci əsrdə diktatura keçmişini arxada qoyan İspaniya Frankodan sonra bütün etnik zümrələrə və əyalətlərə geniş hüquqlar versə də, baskların, katalonların və digər toplumların millətçilik dalğasını söndürə bilmədi. Budur, 2010-cu ilin dünya iqtisadi böhranı fonunda yunanların ardınca Barselonada milyonlarla insan zəifləyən Madridə qarşı ultimatumlar yağdırır. Xatırladaq ki, İspaniyada işsizlik Avropada ən yüksək səviyyəyə - 25 faizə çatsa da, ölkənin 46 milyonluq əhalisinin 1.5 trilyonluq avro dəyərində ümumi daxili məhsul yaratması da inkarolunmaz faktdır. Hər halda katalonların 7.5 milyonluq nüfuz sayı fonunda onların başqalarını yedirtməsi haqda iddiaları əsaslı arqument deyil.

Bununla belə, İspaniyanın az qala “balkanlaşma”ya məruz qalması təhlükəsi ortadadır. Hələ ki, Avroparlamentin ekstravaqant təmsilçisi Lunaçek və Venesuela lideri Maduro yeni müstəqil dövləti tanıdıqlarını bəyan ediblər. Lakin məsələnin hüquqi müstəvisi indi kimisə az maraqlandırır. Məgər, Fransa burjua inqilabı zamanı kimisə Konstitusiya kitabının sətirləri maraqlandırırdı? Yox, dünyada dolaşan ayrlıq ruhunun qan qoxuyan kabusu fonunda xəritlər yenidən cızılmaqdadır. İki dünya müharibəsindən və bir soyuq savaşdan sonra tərtib olunmuş sərhədlər dəyişdirilir. Qutuya atılan bülletenlər ölüm silahı deyil, ən təhlükəlisi real müharibə vəd edən müstəqillik bürküsüdür. Səddamın təcəlla edən ruhunun yerində boy qaldıran İraq xaosu və zəifləmiş mərkəzi dövlətdən artıq özünü güclü hiss edən “Kürdüstan dövləti”, onun ardınca Kataloniya, daha sonra Belçikada Valoniya və Flamandiya, İtaliyada Venetsiya və Lombardiya, Fransada bir il sonra refendum keçirməyə hazıralaşan Yeni Kaledoniya, Mikroneziyadan qopmaq icazəsi istəyən Truk ştatı və nəhayət, Donbasda siyasi varlıq mücadiləsi verən “Ukrayna sindromu”... Krım öz müqəddaratını məgər katalonlar kimi müəyyənləşdirib Kiyevdən qopmadılarmı? Hər halda katalonların qarşısını ala bilmədiyinə görə istefaya çağırılan ispan hökuməti Putinin casuslarını Barselonada ələ keçirməsi haqda raport verməyib. Dünyanı başına alan rus xofu fonunda Avropada son bölücülüyü Moskvanın ayağına yazmağa kəsərli arqument yoxdur.

Qərbin sakitliyini pozan hərəkatlar baş qaldırdıqca qoca qitənin siyasi mütəfəkkirlərinin nəzəriyyələri də gözlərimiz qarşısında imtahana çəkilir. Bəs deyirdilər, yalnız totalitar quruluşlardan, diktaturaladan və kazarma sosializmindən qopmağa çalışan xalqlar mövcuddur. Bəs, demokratlar öz aralarında savaşmırdı!?

Dövlət himninin sözləri olmayan bir ölkənin, İspaniyanın küçələrində indi tüğyan edən tarixi “Marselyoza”nın sədaları marksizmin banilərinin dediyi kimi, yeni formasiyaların əcəl zəngi kimi çalınmaqdadır. Yaxın Şərqin xəritəsi Avropada və ya Amerkada tərib olunsa da, Madridin, Parisin və ya Berlinin dincliyi də Bağdaddan, Dəməşdən, yaxud Qahirədən keçir.

Zamanın ironiyasına baxın: Fransanın gənc lideri dünyanın həll edə bilmədiyi düyünü çözmək üçün Kürdüstanın rəhbəri Bərzanini və İraq hökumətinin başçısı Heydər Abadini öz ölkəsinə çağırıb. Elə-belə, tərəfləri dalaşmamaq üçün inandırmağa görə..

Ərdoğanın və Ruhaninin qınadığı, Trampın gizli dəstək verdiyi yeni dövlətləri Paris qarşılayır. Kim deyər, sizcə, Fransa hökmdarı üçün demokratiyadan doğan Kataloniya başçısı Karlos Puçdemonla danışmaq asandır, yoxsa, özünü 12-ci əsrdə müsəlmanların qibləgahı olan Qüdsü səlibçilərin 88 illik işğalından xilas edən böyük Səlahəddinin varisi sayan Bərzani ilə?

Tarix
2017.10.02 / 09:00
Müəllif
Zahid Oruc
Oxunub
7 680
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla